“Warner Bros. Pictures Animation” yeni loqosunu və gələcək cizgi filmlərinin premyera cədvəlini təqdim edib
İnterpress.az xəbər verir ki, bu barədə “Animation Magazine” jurnalı məlumat yayıb.
“Warner Bros. Pictures Animation” cizgi filmi studiyası Fransada keçirilən “Annesi” (Annecy) Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində özünün tamamilə yeni giriş videosunu (loqosunu) və gələcək illər üçün nəzərdə tutulmuş geniş premyera cədvəlini rəsmən təqdim edib.
Studiyanın rəhbəri Bill Damaşke təqdimat zamanı yeni mərhələdə sənətçilərə və rejissorlara tam yaradıcılıq azadlığı verildiyini, filmlərin tək bir vizual üslubla deyil, yalnız ümumi fəlsəfə olan “ümid, sevgi və yumor” ilə birləşdiriləcəyini bəyan edib.
Yeni loqo ilk dəfə 2026-cı il noyabrın 6-da dünya ekranlarına çıxacaq “The Cat in the Hat” tammetrajlı cizgi filminin rəsmi treylerində və festival çərçivəsində göstərilib.
Təqdimat çərçivəsində həmçinin tamaşaçılara yeni qısametrajlı “Daffy Season” cizgi filmi nümayiş etdirilib, eləcə də gələcək layihələrin premyera qrafiki açıqlanıb.
Cədvələ əsasən, studiyanın “The Cat in the Hat” layihəsindən sonra “Bad Fairies” (2027), “Margie Claus” (2027), “Oh, the Places You’ll Go” (2028) və “Dynamic Duo” (2028) kimi irimiqyaslı cizgi filmləri işıq üzü görəcək.
Bundan əlavə, studiya məşhur “ThunderCats” franşizası əsasında tammetrajlı animasiya filminin hazırlanmasına başlanıldığını rəsmən elan edib.
Xuraman Etibarlı
İnterpress.az






