Rusiyanın eks-deputatı təcavüz ittihamı ilə BEYNƏLXALQ AXTARIŞA VERİLDİbackend

Rusiyanın eks-deputatı təcavüz ittihamı ilə BEYNƏLXALQ AXTARIŞA VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada keçmiş deputat Yuri Napso təcavüz ittihamı ilə qiyabi həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya İstintaq Komitəsi 2007-ci ildən bəri Dövlət Dumasının deputatı olmuş və iki il ərzində iclaslarda iştirak etmədiyi üçün 2025-ci ildə mandatından məhrum edilmiş Yuri Napsonun qiyabi həbs edilməsinə və beynəlxalq axtarışa verilməsinə nail olub.

İttiham tərəfinin rəyinə görə, Napsonun 2023-cü ildə Rusiyanı tələsik tərk etməsi onun köməkçisi ilə yaranmış münaqişə ilə bağlı olub. Qadın siyasətçini ona təcavüz etməkdə günahlandırıb.

Polisin məlumatına görə, eks-deputat zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciət etməsindən dərhal növbəti gün ölkədən qaçıb və o vaxtdan bəri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müalicə olunduğunu iddia edib.

Yuri Napso bu cinayət işi barədə mətbuata fərqli və ziddiyyətli bəyanatlarla çıxış edib.

O, 2025-ci ilin payızında cinayət işinin açılmasından yalnız media vasitəsilə xəbər tutduğunu və onu hansı qadının təcavüzdə ittiham etdiyini bilmədiyini söyləmişdi.

Lakin 2026-cı ilin fevralında eks-deputat etiraf edib ki, həyat yoldaşından boşandıqdan sonra 19 yaşlı tələbə olan köməkçisi ilə qeyri-rəsmi nikahda yaşayıb və ona tam etibar edib.

Onun sözlərinə görə, gənc qız rəsmi blankda onun imzasını saxtalaşdıraraq öz şəxsi hesabına mükafat adı ilə 2 milyon rubl (təxminən 46 600 manat) vəsait köçürüb.

Fırıldaqçılığın üstü açıldıqdan sonra Napso pulun geri qaytarılmasını tələb edib, qız isə qisas almaq məqsədilə onu təcavüzdə ittiham edib.

Hazırda şübhəlinin beynəlxalq səviyyədə axtarışı və cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az