Çində robot qollar və süni intellekt kişiləri aldadaraq pullarını ələ keçirir.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Çinli fırıldaqçılar virtual dələduzluğu tamamilə yeni səviyyəyə qaldırıblar. Kişilərdən pul və bahalı hədiyyələr qoparmaq üçün artıq real qadınlara ehtiyac qalmayıb.
İndi fırıldaqçılar bu işi həyata keçirmək üçün süni intellekt (neyroşəbəkə), iki mobil telefon və “gözəl qadın” adından yazışan robot qollardan istifadə edirlər.
Sistem olduqca maraqlı şəkildə işləyir: telefonlardan biri flört xarakterli mətnlər generasiya edir və robot qollar vasitəsilə mesajları yazır, ikinci telefon isə kamera vasitəsilə yazışmanı canlı izləyərək növbəti addımın necə olacağına və hədəfdən pulun necə tələb ediləcəyinə qərar verir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu texnologiya sayəsində fırıldaqçılar eyni vaxtda yüzlərlə qurbanla tamamilə təbii görünən yazışmalar apara bilirlər.
Robot qolların klaviaturada yazma tempi və mesajların məzmunu o dərəcədə peşəkar şəkildə qurulub ki, qarşı tərəf söhbət etdiyi “gözəl qadının” əslində bir maşın və süni intellekt alqoritmi olduğunu fərq edə bilmir.
Kibertəhlükəsizlik ekspertləri sosial şəbəkələrdə tanışlıq zamanı istifadəçiləri maksimum dərəcədə ehtiyatlı olmağa çağırırlar.
Xuraman Etibarlı
İnterpress.az






