Rusiyada sentyabrın 1-dən həkim göndərişi olmadan MRT müayinəsindən keçmək mümkün olacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Federasiyasında sentyabrın 1-dən etibarən vətəndaşlar həkim göndərişi olmadan MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsinə yazıla biləcəklər. Rusiya Səhiyyə Nazirliyinin hazırladığı yeni rəsmi sənəddə bu qayda öz əksini tapıb.
Hazırda icbari tibbi sığorta (İTS) çərçivəsində pulsuz MRT müayinəsindən keçmək üçün vətəndaşlar ilk növbədə sahə terapevtindən və ya müvafiq ixtisaslı həkim-mütəxəssisdən rəsmi göndəriş vərəqəsi almalı idilər. Nazirlik rəsmiləri hesab edirlər ki, bu qərar ölkədə tibbi diaqnostika xidmətlərini daha da əlçatan edəcək.
Səhiyyə Nazirliyinin qərarı sığorta sənədləşməsi və həkim növbələri zamanı yaranan bürokratik maneələri aradan qaldırmağa yönəlib.
Yeni qaydalara əsasən, profilaktik müayinə olunmaq istəyən hər bir vətəndaş birbaşa sığorta poliklinikalarına yaxınlaşaraq növbəyə yazıla biləcək.
Bununla belə, bəzi tibbi ekspertlər göndərişsiz MRT müayinələrinin klinikalarda növbələrin həddindən artıq uzanmasına yol açacağını və müvafiq cihazların yüklənməsini artıracağını ehtimal edirlər.
Qayda sentyabrın 1-dən etibarən bütün ölkə ərazisində rəsmən qüvvəyə minəcək.
Xuraman Etibarlı
İnterpress.az






