Azərbaycan–Suriya dostluq münasibətlərinin inkişafına dair səmərəli görüş keçirilib.
İnterpress.az xəbər verir ki, Suriya türkmənlərinin tanınmış siyasətçilərindən və vətəndaş cəmiyyəti liderlərindən biri, Suriya parlamentində Hələb şəhərini təmsil edən millət vəkili Dr. Tarık Sulo Cevizci və Niderlandın Glocalshift Foundation təşkilatının İcraçı Direktoru, SPARK təşkilatının Tərəfdaşlıqlar üzrə Baş Direktoru Mohammed Skaik Azərbaycana səfərləri çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlını ziyarət etdilər.
Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi Azərbaycan Türkiyə Evində keçirilən görüş zamanı Azərbaycan–Suriya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə xüsusilə Azərbaycan və Suriya arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində türkmən icmasının və onların siyasi fəaliyyətinin mühüm rolu vurğulanıb.
Dr. Tarık Sulo Cevizcinin Türk dünyası ilə ərəb dünyası arasında körpü rolunu oynayan təşəbbüsləri, eləcə də Türkiyədə fəaliyyət göstərən müxtəlif Türk dünyası qurumları ilə sıx əməkdaşlığı yüksək qiymətləndirilib.
Millət vəkili Tənzilə Rüstəmxanlı qonaqları səmimi salamlayaraq onların Azərbaycana və Azərbaycan-Türkiyə Evinə səfərlərindən məmnunluğunu ifadə edib, Azərbaycan–Suriya əlaqələrinin inkişafına göstərdikləri töhfələrə görə təşəkkürünü bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub. Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.







