Kemerovoda sərxoş üç rəfiqə kafeni yandırıb, xeyli ziyan dəyib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Kemerovo vilayətinin Prokopyevsk şəhərində üç sərxoş rəfiqə qisas almaq məqsədilə kafeyə od vurub. Hadisə yerli ticarət mərkəzində yerləşən kafelərin birində baş verib.
Məlumata görə, rəfiqələrin orada olan digər müştərilərlə mübahisəsi düşüb, bundan sonra mühafizəçi onları kafeni tərk etməyi xahiş edib.
Sərxoş qadınlar əvvəlcə taksi çağıraraq ərazidən uzaqlaşsalar da, bir qədər sonra əllərində benzin kanistri ilə geri qayıdıblar və binanın yükləmə zonasındakı taxta paletləri yandırıblar.
Həmin vaxt kafe artıq bağlandığı üçün hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin güclü alovlar kafenin avadanlıqlarına zərər vurub və yaxınlıqda park edilmiş minik avtomobilini tamamilə külə çevirib.
Hadisə nəticəsində dəymiş ümumi ziyan təxminən 3,5 milyon rubl (təxminən 80 654 manat) həcmində qiymətləndirilir.
Törətdikləri əmələ görə saxlanılan və barələrində cinayət işi açılan üç rəfiqəni qanunvericiliyə uyğun olaraq 5 ilə qədər həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






