Deputatdan psixoloqlara İTTİHAM: “Diletant bəyanatlarla çıxış edirlər”backend

Deputatdan psixoloqlara İTTİHAM: “Diletant bəyanatlarla çıxış edirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər orta məktəblərdə şagirdlərin öz əsəblərinə hakim olmayan müəllimlər tərəfindən fiziki zorakılığa məruz qalmaları ilə bağlı olan videogörüntülər yayılır.

Media və sosial şəbəkələrdə müzakirə olunan bu kimi hallar cəmiyyət tərəfindən pislənilirr.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev açıqlamasında belə halların səbəbini açıqlayıb.

Deputat müəllimlərin şagirdlərə qarşı bu cür davranış nümayiş etdirmələrinin əsas səbəbini məktəblərdə peşəkar psixoloqların olmamasında görür :

“Təkcə ümumtəhsil məktəblərində 5000-ə yaxın psixoloq işləyir. Ali təhsil müəssisələrimiz isə hər il 200-250 praktik psixoloq hazırlayır. Hesab edək ki, 5000 orta məktəb üçün bu sayda psixoloq nə deməkdir. Həm də axı bu 200-250 psixoloq təkcə təhsil sahəsində çalışmır.
Bu psixoloqlar səhiyyə, sosial müdafiə, hərbi, hüquq-mühafizə, biznes və digər önəmli sahələr üçün də lazımdır. Kadr hazırlığını və onun keyfiyyəti ilə paralel, kəmiyyətini, sayını da artırmaq lazımdır”.

Deputat bildirib ki, artıq psixoloji sahədə də qanun layihəsinin hazırlanması işləri gedir:

“Biz 10 ilə yaxındır ki, “Psixoloji xidmət haqqında” qanun layihəsi üzərində işləyirik. Ümid edirik ki, yaxın gələcəkdə bu qanun layihəsi də qəbul olunmaq üçün Milli Məclisin səsverməsinə çıxarılacaq. Bəzən psixologiya ilə psixiatriyanı ayırd edə bilməyənlər psixoloji xidmətdən və yardımdan danışırlar. Bəzən görürük ki, diletant bəyanatlarla çıxış edib özünü psixoloq kimi göstərənlər bu sahəyə daha çox ziyan gətirirlər”.

Bəxtiyar Əliyev hesab edir ki, məktəblərdə və tələbə qəbulu zamanı gələcək psixoloji kadrların hazırlanması məsələsində bu sahəyə cavabdeh olan dövlət qurumlarının daha ciddi olmalarının vaxtı çatıb:

“Bu gün təhsil sahəsində peşəkar praktiki psixoloqların hazırlanması genişləndirilməlidir. Pedaqoji sahəni seçən abituriyentlərin hazırlığına xüsusi fikir verilməlidir. Bizdə bu gün tələbə qəbulunu Təhsil Nazirliyi keçirmir.
TQDK tələbə qəbulu zamanı, Təhsil Nazirliyi isə pedaqoji fakültələrdəki tədris prosesində müəllimləri hazırlayarkən psixoloji şkalanı nəzərə almalıdır. Çünki burada xüsusi pedaqoji qabiliyyətlə yanaşı, psixi hazırlıq da önəmlidir. Müəllim gələcəyin şəxsiyyətini yetişdirir. Tələbə qəbulu zamanı bunu sezmək çətindir. Amma orta məktəb təhsilində gələcəyin müəllimini psixoloji olaraq hazırlamalıyıq. Təhsil Nazirliyi də bunu nəzərdə tutan 12 illik təhsil prosesinə keçidlə bağlı fəaliyyət proqramı hazırlayıb”.(modern)

İnterpress.az