Dövlət tərəfindən yaradılmış ilk qeyri-kommersiya və akademik beyin mərkəzi olan SAM əsasən elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat istiqamətlərində fəaliyyət göstərir.
Qurum bəyan edib ki, yalnız 2015-ci ildə SAM-ın müvafiq şöbələri tərəfindən ümumilikdə 41 elmi-tədqiqat mövzusu üzərində iş aparılıb və 38 elmi-tədqiqat işi müvəffəqiyyətlə yerinə yetirilib. 3 uzunmüddətli tədqiqatın 2016-cı ildə yekunlaşdırılması planlaşdırılıb. SAM-ın əməkdaşları tərəfindən 2015-ci ildə lokal və qlobal xarakterli problemlərə dair 100-dən artıq qapalı xarakter daşıyan arayış və hesabat hazırlanıb, 90-na yaxın məqalə və kitab çap edilib və mətbuatda 50-dən artıq çıxış və müsahibə verilib.
SAM tərəfindən yalnız 2015-ci ildə Azərbaycan və xarici dillərdə 20 kitab (2012-2015-ci illərdə 68 kitab), 2 broşür və 2 buklet çap edilib. 2015-ci ildə nəşr edilənlərdən 17-si xaricdə (Türkiyə Respublikası, ABŞ, Fransa, Belçika Krallığı, Böyük Britaniya, AFR, Polşa, Gürcüstan və Özbəkistanda), 7-si isə Azərbaycanda işıq üzü görüb.
Qurumun hesabatına görə, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qlobal və regional problemlərin birgə və səmərəli müzakirəsi məqsədilə SAM tərəfindən ölkəmizin hüdudlarından kənarda da bir sıra beynəlxalq konfranslar, dəyirmi masa və seminarlar, mühazirə və görüşlər təşkil edilir. Məsələn, SAM tərəfindən Azərbaycanda və xaricdə yalnız 2015-ci ildə 19 tədbir keçirilib (2012-2015-ci illərdə 142). 2015-ci ildə təşkil olunanlardan 7 tədbir (1 beynəlxalq konfrans, 1 beynəlxalq toplantı, 2 dəyirmi masa, 2 kitab təqdimatı və 1 mühazirə) Azərbaycanda, 12 tədbir isə (7 beynəlxalq konfrans, 2 dəyirmi masa, 2 kitab təqdimatı, 1 mühazirə) xaricdə təşkil edilib.
Eyni zamanda 2015-ci ildə SAM-ın 19 əməkdaşı dünyanın 23 ölkəsində təşkil edilmiş 52 beynəlxalq tədbirdə məruzəçi kimi qatılıb və SAM tərəfindən xaricdə həyata keçirilməsi nəzərdə tutulan elmi-tədqiqat və elmi-təşkilati fəaliyyət çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsində yaxından iştirak ediblər.
“SAM elmi-tədris fəaliyyətini də daim genişləndirir. Belə ki, SAM və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə həyata keçirilən \”Qonaq elmi işçilərin mübadiləsi proqramı\” uğurla həyata keçirilir.
Yalnız 2015-ci ildə Rusiya Federasiyasını, AFR-i, Çin Xalq Respublikasını (2 nəfər), Özbəkistan Respublikasını, İspaniyanı, Polşanı, Çex Respublikasını və Litvanı təmsil edən 9 (ümumilikdə isə 20) xarici ekspert müxtəlif mövzularda SAM-da elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuşlar”,-deyə qurumdan bildirilib.
SAM-ın əməkdaşları eyni zamanda respublikanın müxtəlif ali məktəblərində pedaqoji fəaliyyətlə də məşğul olurlar.
Bundan başqa, SAM-da ali məktəb tələbələri üçün təcrübə proqramı da həyata keçirilir. Bu proqram çərçivəsində 2015-ci ildə 9 yerli və 2 xarici ölkənin ali təhsil müəssisəsini təmsil edən 23 tələbə/məzun SAM-ın xarici siyasət, daxili siyasət, iqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə şöbələrində təcrübə keçərək biliklərini zənginləşdirib, bir sıra aktual mövzularda elmi-tədqiqat işləri aparmış, gələcək fəaliyyətləri üçün dəyərli tövsiyələr alıblar.
“Xarici ölkələrin 30-dan çox beyin mərkəzi ilə əməkdaşlıq edən SAM eyni zamanda ATƏT-in, Türk Şurasının, İslam Əməkdaşlıq Təşkilatının akademik şəbəkələrinə də üzvdür. Dünyanın aparıcı beyin mərkəzləri məkanına inteqrasiya Azərbaycan və regonda baş verən proseslər haqqında obyektiv məlumatın daha geniş coğrafiyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Yerli və xarici ölkə mütəxəssisləri üçün səmərəli intellektual dialoq məkanına çevrilmiş SAM-da bir sıra ölkələrin dövlət xadimləri, diplomatları, KİV nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilir. Xarici ekspertlərin müasir dövrdə aktuallıq kəsb edən mövzularda məruzələri təşkil edilir.
Azərbaycanda ingilis dilində çap edilən yeganə beynəlxalq elmi jurnal olan \”Caucasus International\” məhz SAM tərfindən nəşr edilir (www.cijournal.az). SAM-ın bu elmi jurnalının çap edilən hər bir nüsxəsi Azərbaycanın dövlət və hökumət orqanları ilə yanaşı, 70-ə yaxın xarici ölkənin beyin mərkəzlərinə də göndərilir.
Bundan başqa, SAM-ın \”Strateji təhlil\”, \”SAM Review\” və \”SAM-ın şərhləri\” kimi elmi- analitik nəşrləri də işıq üzü görür”.
Mərkəzin əməkdaşlarının yalnız 2015-ci ildə mətbuatda 50-dən artıq çıxış və müsahibəsi, aktual məsələlərlə bağlı 40-dan çox video rəyi öz əksini tapıb. SAM-ın rəsmi internet səhifəsi (www.sam.gov.az), \”Facebook\” və \”Twitter\” səhifələri, eləcə də \”Youtube\” kanalı mütəmadi olaraq məqalə, müsahibə, foto və video materiallarla daha da zənginləşir.
SAM-ın \”Facebook\” səhifəsinin istifadəçilərinin sayı 6.000-ə yaxın, \”Twitter\” səhifəsinin izləyiciləri 2.600-dən çoxdur.
“2015-ci il ərzində rəsmi internet səhifəmizə 90.000-dən, \”Facebook\” səhifəmizə isə 130.000-dən artıq baxış olmuşdur. SAM-ın fəaliyyəti hər zaman həm yerli, həm də xarici mediaya açıq olmuşdur”,-qurum bildirib. (modern.az)
İnterpress.az