Azərbaycan prezidenti İlham Əliyevin Tehrana nəzərdə tutulan rəsmi səfərinin vaxtı açıqlandı. Səfər bu gün – fevralın 23-də başlayacaq. Tarix İranın informasiya və telekommunikasiya naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Tehrandakı görüşü zamanı bəlli olub.
“Azərbaycan prezidenti İlham Əliyev İrana geniş tərkibli nümayəndə heyəti ilə çərşənbə axşamı gələcək” – nazir bildirib. Vaezinin sözlərinə görə, səfər zamanı iki qonşu ölkə arasında bir sıra sahələrdə əməkdaşlığa dair 10-dan çox sənəd imzalanacaq. Bu sənədlər iki ölkənin müştərək komissiyasının birgə fəaliyyəti nəticəsində imzalanmağa hazırlanıb.
Vaezi onu da deyib ki, Azərbaycan İran vətəndaşları üçün vizanı ləğv etməyəcək, lakin müzakirələrdə viza rejiminin sadələşdirilməsi haqqında razılığa gəlinib və bu, icra olunacaq: “Prezident İlham Əliyevin İrana səfəri zamanı razılaşdırılmış bütün sənədlər imzalanacaq. Bu sənədlərin imzalanması əlaqələrin inkişafına təkan verəcək”, deyə o əlavə edib.
***
Sözsüz ki, İran və Azərbaycan mədəni və tarixi tellərlə bir-birinə sıx bağlı olan qonşu ölkələr kimi ikitərəfli iqtisadi-ticari, mədəni əlaqələri gücləndirməkdə qarşılıqlı şəkildə maraqlıdır. Ancaq prezident İlham Əliyevin İrana budəfəki səfəri regionda yaranmış yeni və olduqca mürəkkəb geosiyasi duruma, həmçinin cənub qonşumuzun beynəlxalq sanksiyalardan qurtulmasından sonrakı dövrə təsadüf etməsi ilə xüsusi əhəmiyyət kəsb edir. Bu, habelə beynəlxalq sanksiyaların ləğvindən sonra Azərbaycanla İran arasında ilk yüksək səviyyəli danışıqlar olacaq.
Gözlənilir ki, sanksiyaların ləğvindən sonra yaranan imkanlardan istifadə edən tərəflər ticari-iqtisadi əməkdaşlığı genişləndirmək yollarını müzakirə edəcəklər. Habelə İran qazının Gürcüstana nəqli planları barədə müzakirələr aparılacaq. Yada salaq ki, ötən həftə İran Ermənistan üzərindən Gürcüstana ilkin olaraq 200 milyon kubmetr qaz nəql edilməsinə dair ilkin razılaşmanın əldə olunduğunu açıqlayıb. Azərbaycan prezidentinin səfəri bu məsələyə nöqtə qoya bilər.
Şübhəsiz ki, Gürcüstana qaz nəqlinin məhz Azərbaycan vasitəsilə reallaşmasına Tehranı razı salmaq çətin olacaq. Çünki əfsuslar olsun ki, İran Rusiyadan sonra işğalçı Ermənistanın ikinci ənənəvi müttəfiqi və tərəfdaşı kimi tanınır.
***
İran səfəri çərçivəsində həmçinin öz təsirini getdikcə Azərbaycana daha güclü göstərməkdə olan Suriya böhranı və digər regional mövzuların müzakirəsi istisna olunmur. Söz yox ki, bu böhranla bağlı İran qonşu və şiə ölkəsi kimi Azərbaycandan daha aydın mövqe bildirməyi istəyəcək. Bakı isə bu məsələdə qardaş Türkiyənin mövqeyini bəlli səbəblərdən ciddiyə almaq zorundadır – İranla məzhəb birliyinə rəğmən.
Əlbəttə ki, prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri baş tutsaydı, Azərbaycan prezidenti Tehrana bir çox məsələlərlə, o cümlədən Suriya, regional təhlükəsizlik, energetik məsələlərlə bağlı daha cilalanmış, aydın və güclü mövqe ilə gedəcəkdi. Çünki İran son vaxtlar Yaxın Şərq (Suriya, İŞİD, terror, kürd) məsələləri ilə bağlı məhz Rusiya ilə sinxron hərəkət edir, qonşu Türkiyə və Qərbin, deməli, həm də Azərbaycanın maraqlarına zidd kurs yürüdür. O üzdən Tehranda bu və başqa mövzular ətrafında rəsmi tərəflərin sərgiləyəcəyi mövqe Moskva, Ankara, Vaşinqton və İrəvan üçün də yetərincə önəm kəsb edir.
***
İranın Türkiyə və Azərbaycanla deyil, Rusiya ilə sinxron hərəkət etdiyini İlham Əliyevin səfərindən cəmi bir gün öncə Rusiyanın müdafiə naziri Serqey Şoyqunun Tehrana səfər eləməsi və burada prezident Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqanla görüşməsi də təsdiq edir. Görüşlərdə hərbi-siyasi əməkdaşlıq məsələləri müzakirə olunub. Bundan bir neçə gün qabaq isə İranın müdafiə naziri Moskvada Putinlə danışıqlar aparmışdı.
Müdafiə nazirlərinin qarşılıqlı səfərləri şübhə yox ki, Suriya məsələsində Moskva və Tehranın mükəmməl işbirliyi və yeni planlar içərisində olması ilə yanaşı, region ölkələrinə, o cümlədən Azərbaycana mesaj, “əzələ nümayişi” təsiri bağışlayır. İlham Əliyev eyni zamanda belə bir “əzələ nümayişi” fonunda İrana yollanır.
Lakin onu da nəzərə almaq lazımdır ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra Azərbaycanın ABŞ (Qərb) üçün geosiyasi və energetik önəmi azalıb. Bu önəm Bakının Tehranla energetik sahədə, öncəliklə də İranın nəhəng qaz ehtiyatlarının Avropa bazarlarına nəqlində, habelə TANAP layihəsinin reallaşmasında Tehranla əməkdaşlıq hesabına yeni məzmun qazana bilər. İranın özü də TANAP-a qoşulmaqda maraqlı olduğunu gizlətmir.
Doğrudur, geosiyasi və geostrateji məsələlərdə iki ölkə arasında prinsipial fikir ayrılıqları var. Bunlar əsasən, deyildiyi kimi, Ermənistana dəstək, Xəzərin hüquqi statusu mövzuları və Yaxın Şərq (Suriya) böhranlarıdır. Hər üç məsələ İranın uzaqgedən köklü maraqlarından qaynaqlandığı üçün onlarla bağlı Tehranın mövqeyində ciddi dəyişiklik gözlənilmir. Əksinə, böyük ehtimalla, Tehran Bakıdan konkret olaraq İslam Koalisiyasına qoşulmamağı xahiş edə bilər – hansı koalisiya ki, İran və Rusiya əleyhinə qurum hesab edilir.
Söz düşmüşkən, sonuncu məsələdə rəsmi Bakı axır vaxtlar tərəddüddən daha çox, Türkiyəyə meyllilik göstərir. Ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakı görüşü zamanı ölkənin koalisiyaya qoşulacağını istisna eləməyib. Heç şübhəsiz, Tehranda bu bəyanatı da unutmayıblar.
***
Bütövlükdə götürdükdə Azərbaycan prezidentinin İran səfəri daha çox ticari-iqtisadi (energetik), mədəni və humanitar (tibb, dərman sahəsi) istiqamətlərdə ikitərəfli əlaqələri genişləndirmək əzminin nümayişi ilə yadda qala bilər. Geosiyasi məsələlərdə isə Bakı və Tehranın mövqeləri “mehriban rəqiblər” kmi yəqin ki, ciddi dəyişikliklərə uğramayacaq. (musavat)
İntepress.az