AŞ PA sədri niyə müxalifətlə görüşmədi?backend

AŞ PA sədri niyə müxalifətlə görüşmədi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramuntun Azərbaycana səfəri çərçivəsində ölkə müxalifəti ilə görüşməməsi bir sıra suallar yaradıb. Qeyd edək ki, ötən il keçirilən parlament seçkiləri ərəfəsində ölkə müxalifəti AŞ PA təmsilçisi ilə görüşdən imtina etmişdi. Bu dəfə vəziyyət necədir,- yenə də müxalifət görüşü boykot edib, yoxsa ümumiyyətlə görüşə dəvət almayıblar? Müxalifət təmsilçiləri musavat.com-a bu barədə danışıblar.

Ümid Partiyasının sədr müavini Taleh Əliyev bildirib ki, onlara bununla bağlı dəvət gəlməyib: “Bu səbəbdən bu görüşdə iştirak etmədik. Hesab edirəm ki, uzun ilər Azərbaycanda belə bir ənənə formalaşıb ki, Avropadan, Amerikadan gələn diplomatlarla müxalifət liderlərinin görüşünün baş tutmamasını hakimiyyət bir qayda olaraq öncədən ya razılaşdırır, ya da bununla bağlı öz arzusunu ifadə edir. Diplomatik formada bunu qonaqların nəzərinə çatdırır, görüş baş tutmur. AŞ PA prezidentinin son görüşünə media təmsilçiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri qatılıblar. Yəqin ki, AŞ PA prezidentinin müxalifətlə görüş istəyi olmayıb. Olsaydı, müxalifət partiyaları iştirak edərdi. Ölkənin, regionun problemlərini müzakirə etmək üçün görüşü vacib hesab edirəm. Avropa diplomatının dilindən ölkəmizlə bağlı siyasi fikirləri dinləmək maraqlı olardı. Ancaq bizləri dəvət etmədi”.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə qeyd edib ki, müxalifət bu görüşü boykot etməyib: “Bizi dəvət etməyiblər. Belə görüşlər mütləq prokolollaşdırılır və əvvəldən ssenari üzrə hazırlanır. Yəqin bu dəfə görüşdə müxalifətin iştirakı nəzərdə tutulmayıb. Ona görə AŞ PA rəsmisi bizimlə görüşməyib. Əgər bu təklif olardısa, görüş baş tutardı. Müxalifət partiyalarına müraciət olunmayıb. Bu kimi görüşlər çox önəmlidir. Hesab edirəm ki, müxalifətlə görüş nəzərdə tutulmalı idi. Görüşməyiblərsə, bu da onların öz işləridir”.

Müsavat Partiyasının sədr müavini Elman Fəttah da bildirib ki, bu dəfə AŞ PA prezidenti hökumətlə, media və vətəndaş cəmiyyəti ilə görüşüb: “Azərbaycan hökuməti onsuz da beynəlxalq təşkilatların və Qərb ölkələrinin Azərbaycana səfər edən diplomatlarına müxalifətlə görüşməmək şərtini qəti şəkildə qoyublar. Amma eyni zamanda onu da qeyd etmək lazımdır ki, AŞ PA sədrinin məruzəçi olduğu vaxtlarda da davranışları Azərbaycanda demokratiyanın inkişafına töhfə verən davranışlar olmayıb. Ən son seçkidən əvvəlki AŞ PA-nın seçkilərlə bağlı nümayəndə heyətindəki görüşdən müxalifət partiyaları onsuz da imtina etmişdilər. Onların Azərbaycanda demokratik seçki keçirilməsinə töhfə verəcək davranışları gözlənilmədiyi üçün müxalifət bu addımı atmışdı. İndiki halda, müxalifətə dəvət olmayıb. Dəvət olsaydı, iştirak olub-olmamasına dair izah vermək olardı”.


İnterpress.az