İcra başçısı gəldi, kəndə qaz gəldi, icra başçısı getdi, qaz da getdibackend

İcra başçısı gəldi, kəndə qaz gəldi, icra başçısı getdi, qaz da getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd sakinlərinin sözlərinə görə, bu yaşayış məntəqəsinin belə adlandırılması “Sarı” və “Qaraçuxa” pirlərinin burada yerləşməsi ilə əlaqədardır. Kəndin yaşlı sakinlərinin dediklərinə görə, ötən əsrin ortalarına qədər buradan Qarasu adlı çay keçirmiş. Bu çay zəngin balıq ehtiyatı ilə tək kəndin deyil, rayonun ehtiyacını da təmin edirdi. Sonralar bu çayın suyu quruyub. Hazırda həmin ərazidən Girdiman çay axır. Kənd sakinləri zəhmətsevərdilər. Maldarlıqla, quşçuluqla, əkinçiliklə məşğul olurlar.
Öz çörəklərini torpaqdan çıxaran bu adamlara qayğı isə onları razı salmır. Kənd rayon mərkəzindən 25 kilometr aralıda yerləşir. Onun 12 kilometr hissəsi, demək olar, bərbad vəziyyətdədir. Qışda palçıqdan, yayda tozdan hərəkət etmək mümkün deyil. Kənd sakini Mahir Hüseynov bizimlə söhbətində bildirdi ki, yolun bərbad olması dolanışığımıza pis təsir edir: “Məhsulumuzu rayon mərkəzinə – bazara apara bilmirik.
Sürücülər də yoldan beziblər, bizdən çox pul istəyirlər”.
Qeyd edək ki, cənab Prezident İlham Əliyev sahibkarların, təsərrüfatçıların fəaliyyətinin genişləndirilməsi üçün rayon rəhbərlərinə hər cür dəstəyin verilməsini tapşırıb.
“Rayonun rəhbər şəxsləri heç vaxt sizin kəndə gəlməyiblər, bu vəziyyəti görməyiblər?” sualımıza isə kənd sakini Şahbala Kərimovun cavabı belə oldu: “Gəliblər, martın 3-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə kəndimizdə olublar. Məktəbin həyətində kəndimizə təbii qazın verilməsi münasibətilə yığıncaq keçirildi. Qonaqlar da kənd adamlarına göstərilən qayğıdan xeyli danışdılar.
Biz də borclu qalmadıq. Kənd sakinləri Abdul Alxasov, Hörmətəli Kərimov, Roza Süleymanova onlara ürəkdolusu minnətdarlıq etdilər. Beləliklə, təbii qaz arzusu ilə evlərinə tələsən kənd sakinlərinin sevinci elə yola sərf etdikləri vaxt qədər olub. Martın 3-dən xeyli vaxt keçməsinə baxmayaraq, Pirlilər “mavi yanacağa” həsrətdilər. Biz də real vəziyyətlə tanış olmaq üçün bir neçə mənzilə baş çəkdik.
Mənzillərin heç birində qaz yanmırdı. Səbəbi ilə maraqlandıqda kənd sakinlərinə belə məlumat veriblər ki, sayğaclar düzgün quraşdırılmadığından kəndə qaz vermək mümkün olmayıb. Əgər belədirsə və ya hər hansı texniki şərtə əməl edilməməsi nəticəsində kəndə təbii qaz verilməyibsə, onda vaxtından əvvəl təntənəli yığıncaq keçirmək, xəbərlər yaymağa nə ehtiyac var idi? Görünür, rayon rəhbərlərinə mövcud nöqsanları aradan qaldırmaq yox, bu “şad xəbəri” yuxarılara tez çatdırmaq daha maraqlıdır. Mirzə Cəlil demiş, bu nigarançılıq da çox pis şeydir. Böyük də, kiçik də elə bir-birindən soruşur: “Görəsən, Novruzda qazımız gələr?”, “Yaz gəlir, əkin-biçin başlayır, görəsən, yolu təmir edəcəklər?” Pirli kəndində belə sualları çox vermək olar. Amma cavabını tapmaq müşkül işdir. Biz də real faktlara əsaslanaraq, Kürdəmir rayonunun digər problemlərinə nəzər salmaq fikrindəyik. (zaman.az)


İnterpress.az