Abutalıbov narahatdır, bağçaları itirirbackend

Abutalıbov narahatdır, bağçaları itirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaman –zaman uşaq bağçaları ilə bağlı problemlər istər müəllimlər, istərsə də valideynlər tərəfindən gündəmə gətirilib. Uşaq bağçalarında qida ilə bağlı olan problemlər isə xüsusilə seçilib. Bu cür problemlərin daha qabarıq olduğu paytaxtda təxminən 400-ə yaxın bağça var. Bu cür problemlər bağçaların Təhsil Nazirliyinin tabeçiliyində olduğu dövrdə də vardı. Ölkə başçısı bu problemlərin qarşısını almaq üçün 2011-ci ilin dekabrın 27-də imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərini yerli icra hakimiyyəti orqanlarının tabeçiliyinə verdi.

Ancaq bu addım müsbət bir dəyişikliyə səbəb olmadı. Problemlər azalmadı, əksinə, daha da artdı. Halbuki bu müəssisələr İcra Hakimiyyətinin tabeçiliyinə veriləndə müsbət vədlər verilmişdi. Ancaq göründüyü kimi Bakının meri Hacıbala Abutalıbovun bu vədləri özünü doğrultmadı. Bağçalar İcra Hakimiyyətlərinin nəzdində olan müddətdə hətta müdir, texniki işçinin belə işə girilməsi “qiyməti” müəyyənləşdirildi.

Bir sözlə, bağçaların Təhsil Nazirliyindən alınaraq İcra Hakimiyyəti orqanlarına verilməsi heç nəyi dəyişdirmədi. Ancaq bir çox ekspertlər məktəbəqədər təhsilin Təhsil Nazirliyinin nəzdində olmasını daha məqbul hesab edir.

Son günlərdə bu məsələ gündəmdədir və müzakirə edilir. Milli Məclisin Elm və təhsil komitəsinin gələn həftə keçirilməsi nəzərdə tutulan iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupunun tərkibi müəyyənləşəcək. Həmin layihəyə əsasən, uşaq bağçaları nazirliyin tabeliyinə veriləcək. İşçi qrupunun tərkibinə həm komitə üzvləri, həm də bu sahədə təcrübəsi olan mütəxəssislər cəlb olunacaq. İclasda məktəbəqədər təhsillə bağlı ən geniş vəzifələr, məqsədlər, məktəbəqədər təhsilin əhatə dairəsi, strategiyası ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məqsədəmüvafiq hesab edilir. Məruzədə vurğulanıb ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər. Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi uşaqların sayı ilə bu təhsillə əhatə səviyyəsi arasında nəzərəçarpacaq fərqin aradan qaldırılmasına imkan verə bilər.

Təhsil eksperti Etibar Əliyev bildirdi ki, məktəbəqədər təhsilin Təhsil Nazirliyinə tabe olmaması təhsil prinsiplərini pozan bir amildir: “Təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul olunub. Həmin strategiyaya görə təhsildə idarəetmənin daha da mükəmməlləşməsi, eyni zamanda təhsil sisteminin bütövləşməsi kimi prinsiplər öz əksini tapıb. Təhsilin mühüm pillələrindən biri sayılan məktəbəqədər təhsilin Təhsil Nazirliyinə tabe olmaması hesab edirəm ki, bütövlüyü pozan bir amildir.

Yəni hazırda yerli icra hakimiyyəti orqanlarının təhsil strukturları məktəbə qədər təhsilin inkişafı, onun müasir tələblərə cavab verməsi üçün yetərli deyil. Buna görə də məktəbəqədər təhsil üçün kurikumların yenilənməsi, təlimdəki müəllimlərin təkmilləşməsi, eyni zamanda daha yaxşı təhsil sisteminin qurulması üçün mütləq Təhsil Nazirliyinin tərkibinə qaytarılmalıdır.

Əks təqdirdə onsuzda çox kiçik bir kəsimi özündə ehtiva edən təhsilin əsas pillələrindən biri sayılan məktəbə qədər təhsilin inkişafından danışmaq mümkün olmayacaq. Orta məktəbin birinci sinfinə qəbul olunan şagirdlərin cəmi 15-20 faizə yaxını məktəbə qədər təhsil görürlər. bu bütün post sovet məkanına daxil olan ölkələrdəki göstəricilərdən də xeyli aşağıdır. İnkişaf etmiş ölkələrdə isə bu 70-90 faizdir. Hər halda Təhsil Nazirliyinin tərkibində olsa bu şəbəkənin genişləndirilməsi işinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər görmək mümkün ola bilər.(musavat)

İnterpress.az