Özünü ölkədə əsas müxalifət təşkilatı elan edən Milli Şuranın sədri Cəmil Həsənlinin və qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin keçmiş deputat, yazıçı Maqsud İbrahimbəyovun dəfn mərasimində iştirakı yeni bir qalmaqala yol açıb. Belə ki, bir sıra müxalifətçilər, əsasən də gənc müxalifətçilər Cəmil Həsənlini və Eldəniz Quliyevi prinsipsizlikdə suçlayıblar. Qeyd ediblər ki, dəfələrlə müxalifəti məhv etməyə, jurnalist Elmar Hüseynovun başını kəsməyə çağırışlar etmiş bir adamın vida mərasiminə qatılmaq demokratik düşərgəyə, Elmar Hüseynovun ruhuna hörmətsizlikdir.
Eldəniz Quliyev isə onu və Cəmil Həsənlini Maqsud İbrahimbəyovun yas mərasiminə getməyə görə qınayan müxalifətçilərə sərt cavab verib. Moderator.az -a açıqlamasında bildirib ki, onların Maqsud İbrahimbəyovun yas mərasimində iştirakına irad tutanlar qələt edir: “Rüstəm İbrahimbəyov qardaşının yası ilə əlaqədar olaraq Bakıya gəlib. Milli Şuradan mən və Cəmil Həsənli Rüstəm müəllimlə görüşdük. Biz həmçinin Maqsud İbrahimbəyovun dəfn mərasimində də iştirak etdik. Bəzi gənclər buna etiraz edir. Mən Maqsud İbrahimbəyovla bir yerdə işləyəndə indi bizi qınayan gənclərin atası üç təkərli velosiped sürürdü. Sözsüz ki, bu adamın səhvləri olub. Biz bunları sağ ikən demişik. İndi Maqsud İbrahimbəyov ölüb. Ölən şəxsin arxasınca danışmaq etik deyil. Bizi qınayanlara gəldikdə isə bu insanlar qələt edirlər. Maqsud İbrahimbəyovun yas mərasiminə qatılmağımızı müzakirəyə çıxarmaq mənəviyyatdan, tərbiyədən kənar bir şeydir. Bu məsələ barədə deyilənləri də qəbul etmirəm. Çünki bu, müzakirə mövzusu deyil”.
Eldəniz Quliyevin ona irad tutan müxalifətçilərə bu şəkildə cavab verməsinə müxalif partiyalardan reaksiya gəlib.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirib ki, Eldəniz Quliyev, Cəmil Həsənli kimi adamları tam siyasiləşmiş adam saymır. O, bu fikrini bu cür əsaslandırıb: “Məsələn, Cəmil müəllim lazım olanda müxalifətin tərəfində olur, lazım olanda hökumətin yanında dayanır. Yazdığı kitabında həm hakimiyyəti tərifləyir – Heydər Əliyevi, İlham Əliyevi Azərbaycanın xilaskarları kimi təqdim edir, həm də Əbülfəz Elçibəyi. Bu baxımdan mən Cəmil Həsənlini tam müxalifətçi siyasətçi hesab eləmirəm. O cümlədən Eldəniz Quliyevi də. Eldəniz Quliyevi və Cəmil Həsənlini hakimiyyətdən müəyyən məqamlarda narazı qalan ziyalı kimi qiymətləndirirəm, siyasətçi kimi qiymətləndirmirəm. Bu baxımdan belə adamların öz sinfindən olan insanlara münasibəti ilə bizim – sırf müxalifətçi siyasətçilərin münasibəti eyni ola bilməz. Mən düşündüm ki, Maqsud İbrahimbəyov parlaq ziyalı olmadığı, siyasi mövqeyinə görə xalqa da yaxın bir adam olmadığı üçün mənim onun yasında iştirak eləməyimə ehtiyac yoxdur. Amma rəhmətlik akademik Mithəd Abbasov vəfat edəndə dəfnində iştirak etdim. Çünki Mithəd Abbasov həm bir ziyalı kimi Azərbaycan elminə xidmət etmişdi, həm də bir vətəndaş kimi lazımi anlarda vətəndaş mövqeyini nümayiş etdirmişdi. Mən özümü borclu bildim ki, onun dəfnində iştirak etməklə vətəndaş mövqeyimi ifadə edim.
Eldəniz Quliyevin onu tənqid edənlərə təhqirlə cavab verməsinə gəlincə, mən Eldəniz bəyi ümumiyyətlə tanıya bilmirəm. Bir tərəfdən özünü ziyalı adlandırır, o biri tərəfdən ağzını açanda ziyalıya yox, ən aşağı səviyyəli vətəndaşın belə, ictimai yerdə dilinə gətirmədiyi şəkildə sözlər işlədir. Bu cür danışması birinci dəfə deyil. Belə olmaz axı. Dəfələrlə Milli Şuranın üzvü olmayan şəxslər haqqında Eldəniz elə çirkin sözlərdən istifadə edib ki, ziyalı adlanan şəxs üçün o cür sözlər çox böyük qəbahətdir. Eldəniz Quliyev elə bilir ki, sözü nə qədər pis şəkildə desən, bir o qədər siyasi müxalifətçi olursan. Eldəniz Quliyev yas yerində iştirak məsələsinə münasibətdə tənqidlərə cavabında üzrü günahından betər hərəkətə yol verib. Müxalifətə qarşı ən radikal çıxışların müəllifi olmuş, düşmənçilik mövqeyi tutmuş bir adamın vida mərasimində iştirak edir, bu azmış kimi ona irad tutanları da küçə sözləri ilə təhqir edir\”.
ADP sədrinin fikrincə, bütün bunlar əslində Eldəniz Quliyevin siyasətdə təsadüf adam olması ilə bağlıdır: “Məşhur bir filosofun deyimində bildirilir ki, siyasiləşməmiş ziyalıların siyasətdə iştirakı onların yalnız təlxək rolunda iştirakı ilə müşahidə oluna bilər. Bu baxımdan da siyasiləşməmiş ziyalının siyasətdə iştirakına ciddi fikir vermək lazım deyil. Hökumətin onlara münasibəti dəyişsə, onların da münasibəti dəyişəcək. Bir orden versələr, gedib dayanacaqlar hökumətin yanında”.
Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı isə bildirib ki, özünü ziyalı hesab edən şəxs bu cür məsələlərə bir az səbirli və dözümlü yanaşmalıdır: “Təhqir yolverilməzdir. Eyni zamanda acizlik əlamətidir. Tənqidə təhqirlə cavab vermək həm də Eldəniz Quliyevin acizliyinin nümunəsidir. Mənim subyektiv fikrim ola bilər. Amma hesab edirəm ki, ictimai statusu olan birinin, eyni zamanda özünü demokrat, hakimiyyətə qarşı müxalif adlandıran birinin mərhum jurnalist Elmar Hüseynovun ünvanına təhqiramiz ifadələr işlədən, müxalifəti məhv etmək çağırışları edən birinin yas mərasimində iştirakı doğru deyil. Bu baxımdan Eldəniz Quliyev haqlı olaraq da ictimai qınağa tuş gəldi”.
Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyov ötən həftə 81 yaşında dünyasını dəyişib. O, I Fəxri xiyabanda torpağa tapşırılıb.
P.S. Cəmil Həsənli və Eldəniz Quliyev barələrində səslənən ittihamlara cavab vermək istəsələr, redaksiya onlara bu şəraiti yaratmağa hazırdır. (musavat)