Əhalinin 600 milyondan çox əmanət yatırdığı bank çökürbackend

Əhalinin 600 milyondan çox əmanət yatırdığı bank çökür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samir Əliyev: «Proseslər üçüncü dövlət bankının yaranmasına və ya Beynəlxalq Bankın daha da böyüməsinə doğru gedir»
Əkrəm Həsənov: «Bankın bu vəziyyətə düşməsinin günahkarları cəzasız qalmamalıdır»
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən müvəqqəti inzibatçı təyin olunan \”Bank Standard\” QSC-də mövcud olan likvidlik probleminin həlli üçün dövlət öz dəstəyini verəcək. \”APA-Economics\” xəbər verir ki, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı dünən keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Palatanın müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı müvafiq qərar qəbul edib və 6 ay ərzində banka 15 mln. manat həcmində dəstək verəcək: \”Bizdə olan məlumata görə, maliyyə vəsaiti artıq bankın hesablarına köçürülüb. Bununla yanaşı, bankda likvid aktivlərin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcminin, məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmənin qərarı ilə 1 ay müddətində fiziki və hüquqi şəxslərin əmanətləri üzrə ödənişlər dayandırılıb. Başqa sözlə, fiziki və hüquqi şəxslər əmanətləri üzrə bank ödənişlərinə 3 iyun 2016-cı il tarixinədək moratorium qoyulub. Bu müddət ərzində dövlət dəstəyinin həcmi tam müəyyənləşdiriləcək. Onun mənbəyi artıq bəllidir. 1 aydan sonra fiziki və hüquqi şəxslər üzrə ödənişlər tam bərpa olunacaq. Tətbiq olunmuş moratorium heç bir halda bankın və onun müştəriləri olan təşkilatların işçilərinə əmək haqlarının ödənişinə şamil olunmur. Artıq banka ayrılmış likvidlik dəstəyi hesabına əmək haqlarının ödənişinin keçirilməsinə başlanılıb\”.
R. Aslanlı qeyd edib ki, Palata tərəfindən banka təyin olunan inzibatçı yalnız likvidlik məsələləri ilə deyil, eyni zamanda bankın idarəetməsi ilə də məşğul olacaq.

Sədr qeyd edib ki, \”Bank Standard\” əhalinin əmanətlərinin həcmi baxımından ölkənin ikinci ən iri bankıdır: \”Bu səbəbdən dövlət banka zəruri dəstəyi verəcək\”.

Əhalinin 600 milyondan çox əmanət yatırdığı bank çökür

İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyevin sözlərinə görə, devalvasiyanın banklara vurduğu zərərin fəsadları üzə çıxmağa başlayıb: \”Hökumət də Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında devalvasiyanın \”qurbanlarından\” olan \”Bank Standard\”ı xilas etməyə çalışır. Halbuki, bundan əvvəl problemin həlli bankların üstünə atılmışdı və dəstək niyyəti müşahidə edilmirdi. İlin əvvəlində Mərkəzi Bank sektorda təmizləmə əməliyyatına başlasa da, bu proses dayandırıldı. Çünki bağlanmalı banklardan biri də \”Bank Standard\” idi. Həmin bankın bəxti sadəcə ona görə gətirdi ki, onun depozit portfeli çox böyük idi. Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinin dediyi kimi, depozitlərin həcminə görə ölkənin ikinci ən böyük bankı idi. Təəssüf ki, depozitin həcmi barədə məlumat verilmir. Ancaq müxtəlif məlumatlara görə, söhbət ən azı 600 milyon manatlıq portfeldən gedir. Artıq həmin dövrdə məlum idi ki, bankın kapitalının həcminin qarşısında sıfırdan kiçik olan riyazi \”mənfi\” işarəsi yaranıb. Aylar idi əmanətlərin qaytarılmasında problem yaranmışdı. Bank bağlansaydı, pulu qaytarmağa nə Əmanətlərin Sığortalanması Fondunun vəsaiti çatardı, nə də bankın özünün\”.

İqtisadçı qeyd edir ki, problemin belə acınacaqlı vəziyyətə gəlib çıxmasında həm bankın rəhbərliyinin məsuliyyətsiz idarəçiliyinin, həm də hökumətin büdcəni qorumaq məqsədilə atdığı addımlarının rolu var: \”Bankın risk menecmentini düzgün qurmaması və ardınca hökumətin banklara 2 dəfə devalvasiya \”hədiyyəsi\” ona gətirib çıxartdı ki, kreditlərin ödənişində problemlər yarandı və bankın kapitalı mənfiyə düşdü\”.

Ekspertin fikrincə, Palatanın addımını təqdir edən amillər də var: \”Palatanın addımını düzgün qiymətləndirirəm və dəstəyin digər banklara da müxtəlif hədlərdə olacağına ümid edirəm. Ancaq məni narahat edən bundan sonrakı proseslərdir. Palatanın təklif etdiyi 15 milyon manat bankın problemi üçün kifayət etməyəcək. Yarım milyard manatdan çox depozit portfeli olan, ondan da çox kredit portfelinə malik bank üçün bu vəsait müqayisə olunmayacaq qədər azdır. Hökumətin gələcək planı ya aydın deyil, ya da yoxdur. Görünən odur ki, proseslər üçüncü dövlət bankının yaranmasına və ya Beynəlxalq Bankın daha da böyüməsinə doğru gedir. Moratorium götürüldükdən sonra dövlətin banka ayıracağı vəsait mütləq əmanətlərin ödənilməsinə gedəcək. Əmanətçilər bankı tərk edəcəklər, şirkətlər bankı tərk edəcəklər. Bir sözlə, bank getdikcə kiçiləcək.

Hər bir halda hökumət bankı tam xilas edə bilməyəcək. Çünki bankın xilası üçün xeyli vəsait tələb edir. Həmin vəsaiti hökumət ödəmək iqtidarında deyil. Yəqin ki, Beynəlxalq Bank variantı olacaq. Zərərli aktivlər \”Aqrarkredit\” bank olmayan kredit təşkilatına yönləndiriləcək.

İstənilən halda, bankın bundan sonrakı fəaliyyəti çətin görünür. Fikrimcə, hökumətin əsas hədəfi bankın gələcəkdə ləğv edilməsi olmalıdır. Yaxın aylarda niyyət daha aydın görünəcək. Proses isə digər banklarda davam edəcək. Amma yenə də dollarda kredit götürən müştərilərə dəstək verən olmayacaq\”.

Hüquqşünas Əkrəm Həsənov isə bildirir ki, \”Banklar haqqında\” Qanunun 57-ci maddəsinə əsasən, sağlamlaşdırma tədbirləri çökmüş və əslində bağlanmalı olan banka dair həyata keçirilir: \”Bəs niyə bağlanmır? Onun bağlanması maliyyə sabitliyinin pozulmasına, ödəmələrdə sistem xarakterli böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola bilər. Buna görə də bank dövlət vəsaiti hesabına xilas edilir. Yəni Azərbaycan xalqının pulu hesabına\”.

Ə.Həsənova görə, maliyyə sistemini xilas etmək üçün belə bir addım atılmalıdır. Əks halda fəsadları daha ağır ola bilər. Lakin hüquqşünasın fikrincə, bankın bu vəziyyətə düşməsinin günahkarları da cəzasız qalmamalıdır: \”Həmin bankın sahibləri və rəhbərləri ən pis halda bankı talamış, ən yaxşı halda isə bərbad şəkildə idarə etmiş, Mərkəzi Bankın rəhbərliyi isə ən pis halda onlarla əlbir olmuş, ən yaxşı halda isə bankı düzgün yoxlamamış və belə pis bankın iriləşməsinə şərait yaratmışdır. Onların əməllərinə görə isə indi bütün xalq xərcə düşür. Günahkarlar cəzalandırılmalıdır. Necə olur ki, kiçik borcunu ödəyə bilməyən vətəndaşın başına oyun açırlar, amma bu boyda bankı çökdürənlərə qarşı heç bir tədbir görülmür? Nəticədə hökumət əhalinin borcları üzrə güzəşt üçün pul vermir, amma batmış bankı xilas etmək üçün vəsait ayırır.

Onu da deyim ki, \”Banklar haqqında\” Qanunun 57.3-cü maddəsinə əsasən bankın sağlamlaşdırılması haqda qərarı (tədbirlər planı ilə birgə) Nazirlər Kabineti təsdiq etməlidir. Hanı həmin qərar? Hanı tədbirlər planı? Niyə dərc olunmayıb? Bütün məsələlər ilk növbədə hüquqi müstəvidə həll olunmalıdır\”.(Bizim Yol)

Əhalinin 600 milyondan çox əmanət yatırdığı bank çökür

İnterpress.az