Onların bu işi necə reallaşdırması isə hələ də sual altındadır. Amma normal işləyən bir kiçik dükan bir neçə yerdən mütəmadi olaraq yoxlamalara məruz qalır. Bu cür fırldaqçılardan biri bu günlərdə meydana çıxıb və insanların pullarını mənimsəyib aradan çıxıb. Belə ki, “Azərqida” MMC adından iş axtaranlar üçün müxtəlif elanlar yerləşdirilib. 400-700 manat maaş, gündəlik yeməklə təminat, aylıq ərzaq yardımı, tibbi sığorta kimi cəlbedici təkliflərlə onlarla vətəndaş aldadılıb. “Azərqida” MMC iş üçün müraciət edənlərdən 19 manat ödənilməsini istəyir. Bu məbləğ, guya ki, sığorta üçün tələb olunur. Vətəndaşlara “Milliön” terminalı vasitəsilə bank hesabına ödənişlər edilməsi təklif olunur. “Milliön” ödəniş sistemi rəsmi xidmət olduğundan iş axtaranlar dərhal tora düşürlər. Pul köçürüləndən sonra isə telefonlar söndürülür.
Vəkil Əsabəli Mustafayev Deyerler.org-a vətəndaşların belə rahatlıqla aldanmasını bir neçə amillə izah etdi. O qeyd etdi ki, aldananların çoxu maddi təminatı aşağı olan və əsasən işsiz olan insanlardır: “Ölkədə fırıldaqçıların təkrar-təkrar insanları aldatmasının mümkün olması ilə bağlı bir neçə mühüm amil var. Burada ilk növbədə insanların hüquqi savadsızlığını qeyd etmək lazımdır. Eyni zamanda insanların gəlirlilik yerlərinin yox səviyyəsində olması və qazanc mənbələrini gördükdə kor koranə ora üz tutmasını qeyd etmək yerinə düşər. Əminəm ki, aldananların çoxu maddi təminatı aşağı olan və əsasən işsiz olan insanlardır. Onlar da öz maddi vəziyyətlərini düzəltməyin çıxış yolunu belə şeylərdə axtarırlar. Bunu bir fürsət kimi dəyərləndirirlər. Əslində bu cür hadisələrdə insanları çox da qınamaq olmur. Əminəm ki, əgər insanların daimi iş yerləri, gəlir yerləri olsaydı bu asanlıqla aldanmazdılar. Bütün bu amillərə nəzarət orqanlarının nəzarətinin zəif olmasını da əlavə etmək lazımdır. Hətta bəzi vaxtlarda belə fırldaqçılara elə o nəzarət orqanları havadarlıq edirlər. Sirr deyil ki, Azərbaycanda geniş əhali kütləsini əhatə edən hər hansısa biznes fəaliyyətini havadar olmadan reallaşdırmaq mümkün deyil. Görünür həmin fırıldaqçılara kimlərsə dəstək olurlar. Artıq o fırıldaqçılar ifşa olunandan sonra havadarlar görünməz olurlar. Eyni zamanda kiçik bir dükan açıldıqda Vergilər Nazirliyindən, Sosial Müdafiədən, FHN-dən və s. kimi dövlət orqanlar müdaxilələr edirlər. Bu baxımdan geniş əhali kütləsinə ünvanlanan bu cür müraciət ünvanlarına diqqət yetirməmələri inandırıcı gəlmir. Bu ya onların işlərini düzgün yerinə yetirməmələri ilə bağlıdır, ya da elə qeyd etdiyim kimi o fırıldaqçılarla iş birliyinin olmasının göstəricisidir. Düşünürəm ki, KİV-lər bu istiqamətdə çox ciddi addımlar atıb, insanları maarifləndirə bilər”.(deyerler.az)
İnterpress.az