Kütləvi informasiya vasitələri haqqında 1992-ci ildə qəbul edilən, 1999-cu ildə isə qüvvədən düşən qanunun V fəsil 39 maddəsinin 9-cü bəndində jurnalistlərin şəhər, rayondaxili ictimai nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə etmək müddəası yer almışdır. Təbii ki, qanun qüvvədən düşəndən sonra yenisi ilə əvəzlənib. Ancaq yeni qanunda yuxarıda qeyd etdiyimiz bənd çıxardılıb. Bəs yeni qanuna dəyişiklik edilib, jurnalistlərin bir çox hüquqları eyni zamanda ictimai nəqliyyatdan pulsuz istifadə etməsi bərpa oluna bilərmi?
Sualımıza cavab olalaraq Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu İnterpress.az-a bildirib ki, sovet hakimiyyəti dövründə jurnalistlər bir sıra güzəştlərdən istifadə ediblər. Bu həm sosial vəziyyətin yaxşılaşmasına, həm də operativ işləmərinə təsir edib. İctimai nəqliyyatın pulsuz olması jurnalist üçün hər şeydən vacib bir məsələdir. Xarici ölkələrdə bu məsələyə müxtəlif cür yanaşmalar var. Jurnalistlərə müxtəlif güzəştlər olunur. Bu qanunun bərpa olunması bir tərəfdən hüquqşünasların, qanunla məşğul olan şəxslərin işidir. Əlbəttə ki, Mətbuat Şurası da bu işdə təşəbbüskar kimi bu qanunun formalaşdırılmasında iştirak edə bilər. Azərbaycan Mətbuat Şurası jurnalistlərin sosial güzəranları ilə bağlı müəyyən addımları atıb və bu davam edəcək. Biilirsiniz ki, bu gün şəhər nəqliyyatının böyük əksəriyyəti özəl şirkətlərin – sahibkarların əlindədir. Ona görə də bu məsələnin həllində müəyyən problemlər var. İstənilən halda gələcəkdə bu məsələyə müvafiq qurumların diqqəti olsa daha yaxşı olar. Mətbuat Şurası jurnalistlərin sosial problemlərinin həllinə dəstək verməyə hər zaman hazırdır”, – deyə əlavə edib.
Bəs qanun nə deyir? İcrası mümkün ola bilərmi?
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsininü üzvü, millət vəkili Məlahət İbrahimova bildirir ki, yaxşı olar ki, istər jurnalalistər, istərsə də cəmiyyətin digər sosial təbəqəsi – müharibə əlilləri, şəhid ailələri, qaçqın və məcburi köçkünlər, veteranlar və.s ictimai nəqliyyatdan pulsuz istifadə etsinlər. Ancaq burada bir problem var:
“İctimai nəqliyyat özəl şirkətlərin əlindədir. İctimai nəqliyyat özəl təsərrüfata keçdiyinə görə belə bir qanun Milli Məclisdə hələki müzakirə mövzusu deyil. Ölkədə sahibkara dəstək verilir, eyni zamanda sahibkarlar da dövlətə vergi ödəyirlər, üzərlərinə düşən digər öhdəliklərini həyata keçirirlər. Sosial təbəqənin də imtiyazlı olması sahibkarın xeyrinə olan bir məsələ deyil. Ona görə də hələki jurnalistlərin və onlardanda daha çox ehtiyacı olan vətəndaşların ictimai nəqliyyatdan pulsuz istifadəsi yaxın gələcəkdə mümkünsüzdür”.
Hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, Azərbaycanda bu dəqiqə heç kimin ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək hüququ yoxdur. Ancaq istisna hallar var:
“Daxili İşlər Nazirliyinin polis əməkdaşları və bir də çağırışla xidmət edən əsgərlər. 9O- cı illərdə veteranlara ictimai nəqliyyatdan istifadə etdiyinə görə güzəştlər var idi. İctimai nəqliyyat sahibkarın himayəsinə keçəndən sonra bu güzəştləri ləğv etdilər, ancaq qarşılığında dövlət veteranlara müavinət ödənməsi təklif olundu”, – deyə hüquqşünas mövzuya yekun vurub.
İctimai nəqliyyat deyəndə söhbət təkcə avtobuslardan getmir. Bura metronu da aid edirik. “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə İnterpress.az-a bildirb ki, metroda güzəştli kateqoriyanı Nazirlər Kabineti müəyyən edir.
Qeyd edək ki, xarici ölkələrə gəldikdə isə cəmiyyətin müxtəlif sosial təbəqəsinə eyni zamanda jurnalistlərə güzəştlər müxtəlif formada həyata keçirlir.
Gülşanə Mustafayeva
İnterpress.az