“Suriyada gedən vətəndaş müharibəsinin sonu görünmür”backend

“Suriyada gedən vətəndaş müharibəsinin sonu görünmür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Arzu Nağıyev Suriya ilə bağlı fikirlərini İnterpress.az saytı ilə bölüşüb.

– Suriyada vətəndaş müharibəsini yaradan amillər daha çox daxildənmi, yoxsa xaricdənmi formalaşmışdı?

– Bu amillər daxildən başlayaraq bütün xarici qüvvələri də cəlb etdi. Ümumiyyətlə Suriyada Bəşər Əsəd hakimiyyətindən narazılıqlar məhz içməli suyun çatışmazlığı ilə başladı. Əslində bu narazılığın kökündə, Bəşər Əsədin atası Hafiz Əsədin pambıqçılıq və taxılçılığı inkişaf etdirmək üçün su mənbələrinin yaradılması cəhdi və sonradan bu məsələnin baş tutmaması kənd camaatının şəhərə axını, Türkiyənin Suriyaya gələn su mənbəyi üzərində bəndlər tikməsi hadisəsi durur.
Bundan sonra fermerlər şəhərlərə köçməyə başladılar. Əgər 1970–ci ildə kənd təsərrüfatı ilə əhalinin üçdə biri məşğul idi isə 2000–ci ildə bu rəqəm dörd dəfə azaldı və 20 milyona yaxın adam şəhərlərə köç etdi. Bundan sonra Bəşər Əsəd rejimi bu narazılıqların qarşısını ala bilmədi və almaq iqtidarında olmadı. Əsas proseslər də 2011–ci ildə başladı və Əsədin Ələvi rejimi çox kəskin və qəddarcasına bunun qarşısını almağa çalışdı.

-Yaxın və Orta Şərqdə gedən prosesləri domino daşlarına bənzətsək, Suriyadan sonrakı daşın Türkiyə olduğunu deyə bilərikmi?

– 2011–ci ildə Tunisdə və Misirdə çevrilişlər olanda Suriyada kütləvi aksiyalarda əsas tələb Bəşər Əsədin və onu başçılıq etdiyi və on illərlə iqtidarda olan BAAS partiyasının istefa tələbi idi. Hökumət qüvvələrinin əhaliyə qarşı qəddarlığı bir sıra müxalif hərbçilərin də Azad Suriya Ordusu yaratması ilə yekunlaşdı və hökumət qüvvələrinə qarşı vuruşmağa başladı. Artıq dini ayrı seçkilik də öz işini gördü və sünni-şiə məsələsi yarandı. Eyni zamanda kürdlər də öz bayraqlarını qaldırmağa başladılar. Bu isə təbii ki, Türkiyəyə də xeyir etməzdi və onların yaşadıqları ərazi əsasən Türkiyə ilə sərhəddədir. Məhz buna görə də Suriya müxalifətini silahla təmin edən dövlətlər arasında Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə öndədirlər. 2013–cü ildən isə ABŞ, Avropa İttifaqı, İsveçrə və bir sıra Fars körfəzi dövlətləri Suriya müxalifətini dəstəkləməyə başladı. Hazırda hər cürə müasir silaha malik olan müxalifət demək olar ki, Suriyanın yarısından çoxuna nəzarət edir. Türkiyənin isə əsas təhdidi kürd kartıdır.

– Türkiyə-ABŞ münasibətlərində güvənsizliklər hansı nöqtədən başlayıb?

– Mən deməzdim ki, Türkiyə-ABŞ münasibətlərində güvənsizliklər böyük miqyasda mövcuddur. Bu iki ölkə müttəfiqdirlər, NATO-nun üzvüdürlər və hətta Rusiya və NATO sərhəddi məhz Türkiyədən keçir. Əsas məsələ ABŞ–ın da mütəmadi olaraq dəstəklədiyi kürd məsələsidir. Kürdlər nəyə çalışır? Təbii ki, dövlət qurmağa və onun tanınmasına. Məlumdur ki, “Orta Doğu Projesi” deyilən layihədə belə bir maddə var. Suriyanın Türkiyə ilə sərhəddində kürd əhalisi çoxdur. Bu gün silahlı qüvvə yaradaraq Əsəd hakimiyyətinə qarşı vuruşurlar və hətta 2012–ci ildə Kürd Ali Komissralığı da yaratdılar. 2014-cü ildə isə Suriya Kürdüstanı deyilən qurum adından da çıxışlar edirdilər. Maraqlıdır ki, ABŞ tərəfindən dəstəklə bu gün onlar həm Əsədə, həm müxalifətə, hətta İŞİD-ə qarşı da vuruşurlar.

-Ərdoğan sülhün bərqərar olması üçün “Əsədsiz” bir keçid dövrünün olmasının vacibliyini vurğulayır, sizcə də, barışığım əldə olunması üçün birinci şərt Bəşər Əsədin hakimiyyətdən tamamilə uzaqlaşdırılmasıdırmı?

-Düşünürəm ki, bu çox çətin bir məsələdir. Məlumdur ki, bu gün Rusiya Əsədi tam dəstəkləyir, təbii ki, bunun da öz izahı var. Bu gün Suriyada sülhə nail olmaq üçün bütün iştirakçılarla razılaşamaq lazımdır. Məlumdur ki, hazırda Suriyada beş əsas iştirakçı var. Hakimiyyət, müxalifət, kürdlər, hansılar ki, əvvəllər hakimiyyət tərəfdə idilər, indi isə öz ərazilərini qorumağa çalışırlar. 2012-ci ildə “Əl-Qaidə”-dən ayrılaraq hazırda müstəqilliyini elan etmiş “Cəbhat-əl Nusra” və təbii ki, ən açar qüvvə olan İŞİD. Yəni hazırda Suriyada əsil vətəndaş müharibəsi gedir və bu gün Əsədsiz Suriya yaratmaq demək olar ki,mümkün deyil…

– Səudiyyə Ərəbistanı Suriya kartından İrana qarşı necə istifadə edə bilər və bunun üçün hansı müvafiq addımları atıb?

-Düşünürəm ki, Səudiyyə Ərəbistanın əlindəki ən güclü qüvvələrdən biri məhz İŞİD-dir. Bundan başqa Səudiyyə Ərəbistanının ABŞ və Türkiyə ilə müttəfiqliyi İranı qorxudur. İlk vaxtlar İran öz elitar qoşunlarından, daha doğrusu Ettelat qüvvələrindən istifadə edirdi və sonradan Rusiyanın məsləhəti ilə itkilər verdiyi üçün Suriyanı tərk etdi. Təbii ki, burada İsrail faktoru da var idi. Yəni Səudiyyə Ərəbistanı dolayı yollarla maddi dəstək verdiyi qruplardan İrana qarşı tam istifadə edə bilər və edir də…

-Rusiyanın Xarici İşlər Naziri Lavrov, Ərdoğanın Suriyadakı mövqeyində nisbətən yumşaldığını müşahidə edib, sizcə ani və kiçik istiqamət dəyişiklikləri ABŞ-ın regiondakı maraqlarına necə təsir edə bilər?

– Bilirsiniz, tarix boyu Suriya Yaxın Şərqdə Rusiyanın ən yaxın müttəfiqi olub və Rusiya buradakı nüfuzunu nəyin bahasına olursa olsun qorumağa çalışır. Rusiya bu gün Suriya ordusuna silah, mütəxəssis və texniki cəhətdən hərtəfli yardım edir və hətta itkilər də verir və təbii ki, bunu gizlədə bilmir. Ərdoğanın əsas məqsədi isə nəyin bahasına olursa olsun kürd dövlətinin yaranmasının qarşısını almaq, 90 km–lik bufer zonası yaratmaq və orada yaşayan türkmanları qorumaqdır.

-İran və Suriya arasında kürd zolağının salınması ABŞ-İsrail, eləcə də Səudiyyə Ərəbistanının maraqlarına uyğundur, Bu halın Türkiyə üçün riskləri nədən ibarətdir?

-Belə bir istək ola bilər. Lakin gedişat göstərir ki, ABŞ və İsrail buna imkan verməyəcəkdir. Həm də bunu Türkiyə istəmir. ABŞ, İsrail və Türkiyə istəyirlər ki, Əsəd etdiyi cinayətlərə görə şəxsən cavab versin və postunu tərk edərək məsuliyyətə cəlb edilsin. Buna görə də əsas müxalif qüvvələri bu gün də dəstəkləyirlər və hərtərəfli yardım edirlər. Buna görə də ABŞ İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələrinin yaranmasında müstəsna rol oynayıb və buraya Avropa İtifaqı, NATO və Fars körfəzi ətrafı ərəb dövlətlərinin də daxil olmasına nail olub…

-ABŞ və İŞİD-in atəşkəsdən sonra Deyr əz-Zor şəhərində Əsədin hərbi bazalarına zərbə endirməsini İran tərəfi ABŞ-ın İŞİD-ə dəstək verməsi kimi qiymətləndirib. Sizin bu mövzuya münasibətiniz necədir?

-Yuxarıda qeyd edildiyi kimi ABŞ bir neçə qüvvələrə dəstək verir, ancaq bunun məhz İŞİD olması inanadırıcı deyil. Bu Rusiya kontingentinə qarşı atılan bir addımdır və gözlənilən idi. Yəqin ki, İranın da burada öz maraqları olduğuna görə belə bəyanatla çıxış edir. Bununla yanaşı Rusiya tərəfi də İŞİD adı ilə digər qruplara qarşı bombalama əməliyyatları keçirir.

-Suriyanın dünəni və bu günü onun sabahının necə olacağı barədə sizdə hansı təsəvvürləri yaradır?

-Düşünürəm ki, gələcək perspektiv çox dumanlı görünür. Çünki burada çox maraqlar toqquşur. Suriyada gedən proseslərlə bir sıra dövlətlər, o cümlədən Rusiya və ABŞ dünyada baş verən digər konfliktlərdən, o cümlədən Ukraynadan, Dağlıq Qarabağdan sanki diqqət yayındırırlar. Buna görə də konflikt, daha doğrusu Suriyada gedən vətəndaş müharibəsinin sonu görünmür, yəqin ki, müharibə davam edəcəkdir və burada əsas şərtlərdən biri də ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinin nəticəsi ilə də bağlı olacaqdır…

Aytək Yusifsoy
İnterpress.az