Qloballaşma: ümumi inkişaf, yoxsa ümumi problem?backend

Qloballaşma: ümumi inkişaf, yoxsa ümumi problem?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytı məsələ ilə bağlı araşdırma aparıb. Ekspertlər əvvəlcə qloballaşma prosesi ilə bağlı öz mövqeyini ortaya qoyaraq, ilk olaraq qloballaşmanın mahiyyətini izah ediblər.

Hüquqşünas, Dövlət hüququ üzrə doktor, dosent Fərhad Mehdiyevin fikrinə görə qloballaşmaya birmənalı qiymət vermək düzgün deyil: “Qloballaşmanın müsbət cəhətləri də, mənfi cəhətləri də var, amma mən hesab edirəm ki, ümumilikdə götürdükdə qloballaşma sivilizasiyanın qarşısına çıxan bir etapdır. İnsanlıq inkişaf edirmi, edir, bunun əksini söyləmək gülünc olar. Qloballaşmaya qarşı çıxan insanlarda bu cür meyllər cahillikdən meydana gəlir. Qloballaşma qaçınılmaz bir mərhələdir. Təbii ki, onun gətirdiyi mənfiliklər də var, lakin ümumilikdə qloballaşmaya pis proses deməyi düzgün hesab etmirəm. Yeni texnologiyalardan istifadə, xəstəliklərin müalicə üsulları və.s artıq insanlar üçün daha əlçatımlıdır”. “Əvvəlcə qeyd edək ki, qloballaşmanın bir neçə aspekti var. Qloballaşma əslində iqtisadi aspektdə daha çox gözə çarpır. Bundan başqa siyasi sahədə, mədəni sahədə, təhsil sahəsində, elm sahəsində qloballaşmanın istiqamətlərini görə bilirik. Qloballaşmanın əvvəlcə mahiyyətinə diqqət yetirmək lazımdır ki, ilkin olaraq qloballaşma inteqrasiyadır. O, millətlər arasındakı fərqlərin azaldılması, unifikasiya və harmonizisiya (eyniləşmə) proseslərini özündə birləşdirir”.

Qloballaşma: ümumi inkişaf, yoxsa ümumi problem?

Millət vəkili Fazil Mustafa isə qloballaşmanın məzmununu belə ifadə edib: “Düşünürəm ki, qloballaşma inteqrasiya baxımından ayrı ayı məkanların əhəmiyyətinin azalması daha ortaq dəyərlərin paylaşılması aspektindən müsbət prosesdir. Təbii ki, qloballaşma siyasət və iqtisadiyyat sahəsinə də təsir göstərir. İnsanlar əvvəllər düşünürdülər ki, qapalı siyasət yürüdülməlidir, ölkə öz sərhədləri çərçivəsində inkişaf eməlidir, lakin qloballaşma bu gün bəşəriyyətin gəlib çıxdığı normal bir ünsiyyət mərhələsidir. İnsanlar bu prosesin imkanlarından sağlam şəkildə istifadə etsələr, daha çox fayda əldə edə bilərlər”.

Həmsöhbətlərimiz arasında öz antiqlobalist mövqeyi ilə fərqlənən Azərbaycan Sosialist Partiyasının sədri Araz Əlizadə qloballaşmanın mənfi cəhətlərinin daha çox olduğunu vurğulayıb: “Əvvəlcə qeyd edim ki, mən özüm antiqlobalistəm. Qloballaşmanın nəticəsində varlılar daha varlı, kasıblar isə daha kasıb olurlar. Qloballaşma prosesində Azərbaycana ayrılan yer isə ancaq xammal statusudur. Xammalı digər dövlətlərə satmalı əvəzində isə, onların istehsalat mallarını almalıyıq. Təbii ki, bu vəziyyətdə fayda əldə etmiş tərəf biz olmuruq. Buna görə də qloballaşmanın əleyhinəyəm”. “Qloballaşma yeni müstəmləkə siyasətidir, hələ 50-ci illərdə kolonial sistem dağıldıqdan sonra, ticarət vasitəsilə neokolonializm siyasəti (yeni müstəmləkəçilik) yürüdülürdü. Bu siyasət tam bəhrəsini vermədiyinə görə, indi də qloballaşmanı ortaya atıblar, yenə də məqsəd odur ki, inkişaf etməkdə olan, nisbətən zəif ölkələr inkişaf etməsin, onlar sadəcə inkişaf etmiş ölkələrdən asılı vəziyyətdə qalsın”.

Qloballaşma: ümumi inkişaf, yoxsa ümumi problem?

Fərhad Mehdiyev Araz Əlizadənin qloballaşmanın tənqidinə yönələn fikirlərini isə belə şərh edib: “Qloballaşmaya edilən tənqidlərin biri budursa, “varlılar daha varlı kasıblar daha kasıb olur” bu həmişə olub, 1930-cu illərin kapitalist mühitində də belə olub, bu həyatın danılmaz bir həqiqətidir. Qloballaşma heç olmasa belə bir ölkənin daxilində varlılar daha varlana, kasıblar daha kasıb ola bilər. Bunun qarşısını almaq üçün sosial hüquqi dövlət anlayışı mövcuddur. Sosial-hüquqi prinsiplər dövlətin qarşısında belə bir şərt qoyur ki, iqtisadi cəhətdən zəif təbəqəni qorumaq üçün sosial siyasət həyata keçirsin. Bu da həqiqətdir ki sosial dövlət götürüb kasıb adamı milyarder etmir, yalnız tibbi sığorta, pulsuz təhsil və ya işlə, işsizliklə bağlı müavinətlə, müəyyən yaşdan sonra isə pensiya ilə təmin edir. Sosial dövlətin məqsədi odur ki, insanlar müəyyən bir həyat standartlarında yaşaya bilsin, acından ölməsin. Buna bariz nümunə kimi Almaniyanı göstərə bilərik. Amerika praktikası isə tamamilə fərqlidir, dövlət insanlara hər cür azadlıq verir, get pul qazan. Ya heç nə etmədən kasıb yaşa, ya da bir az cəhd et varlı yaşa. “Amerikan xülyası” (milyoner olmaq) ifadəsi məhz burdan qaynaqlanır. Antitrast, antimonopoliya qanunlarının icrası güclü olduğuna görə vəhşi kapitalizm bir növ idarə edilən hala gətirilir, sadəcə Amerikada vergi azdır, gəlir vergisi fiziki şəxslər üçün 8%, hüquqi şəxslər üçün 18%-i keçmir. İqtisadiyyatın tamamilə dövlət nəzarətinin altında olmasını müsbət hal kimi qiymətləndirmək olmaz. SSRİ çökdü qalmadı ki, o cür rəqabətin olmadığı iqtisadiyyat çöküşə məhkum idi”.

Daha sonra isə hüquqşünas hər bir aspektdə qloballaşmanın təsirlərini izah etməklə, öz mövqeyini daha da gücləndirib. Fərhad Mehdiyev iqtisadiyyat sahəsində qloballaşmanın vacibliyinə toxunub: “İqtisadi sahədə qloballaşma iqtisadi birliklərin yaradılması, bu birliyə daxil olan ölkələrin bir-biri ilə sərbəst ticarət aparmasi və bariyerlərin aradan qaldırılması kimi diqqəti cəlb edir. Bu bariyerlər gömrük rüsumları və gömrük kvotaları aiddir. İkincisi dövlətin xarici sahibkarlara öz yerli istehsalatçısı ilə eyni münasibəti göstərməsidir. Xarici investisiyanı cəlb edən ölkələrə məlumdur ki, subsidiyalar verilir, vergi endirimlər olur və.s. Qloballaşmanın iqtisadi sahədə bir digər aspekti də beynəlxaq arbitirajın getdikcə daha intensiv tətbiq edilməsidir. İqtisadi və siyasi aspektlərin bir-birinə daha çox nüfuz etməsini isə hüquqşünas müsbət hal kimi qiymətləndirib və siyasi qloballaşmanın dünyanın siyasi mənzərəsinə təsirindən danışıb: “Siyasi sahədə qloballaşmaya gəldikdə, Kantın bir sözünü diqqətinizə çatdırmaq istəyirəm: “Dünya höküməti insan azadlıqlarına mənfi təsir edəcək”. Onun fikrincə qlobal idarəetmənin olmadığı siyasi sistemlərdə insan azadlığı daha çox mövcud ola bilər. Kant belə hesab edirdi ki, dünyada çoxlu millətlər və mədəniyyətlər mövcuddur, qlobal hökümət isə bu mədəniyyətləri məhdudlaşdıracaq və insan azadlıqları daha aşağı səviyyəyə gələcək. Siyasi cəhətdən inteqrasiya dövlətlər arasındakı əlaqələrin artması, inteqrasiyanın güclənməsi və bir yerdə də dövlətlərin öz hüquqlarından bir qədər güzəştə getməsidir. Bu halın ən bariz nümunəsi Avropa İttifaqıdır. Bu İttifaqın özünün qurumları mövcuddur ki, onlar ayrı-ayrılıqda ölkələrin qurumlarını bir qədər kölgədə qoyurlar. Əvvəlcə iqtisadi birlik kimi ortaya çıxan bu təşkilat, artıq siyasi gücə çevrilib. Milli təhlükəsizlik məsələləri xaric olmaqla, demək olar ki, bütütn məsələlərdə üzv dövlətlər razılaşmağa, ortaq hərəkət etməyə çalışırlar. Bəziləri düşünür ki Aİ uğursuz bir qurumdur, lakin mən belə düşünmürəm və hesab edirəm ki, Amerikadan sonra ÜDM-ə görə ikincilik Avropaya düşür. Məsələn düşünün, insanlar daha yaxşı yaşamaq üçün haraya üz tuturlar-təbii ki Avropaya.

Qloballaşma: ümumi inkişaf, yoxsa ümumi problem?

Fərhad Mehdiyev əlavə edib ki, təhsilin ümumi prinsiplər əsasında qurulması qloballaşmanın gətirdiyi üstünlükərdən biridir: “Təhsil sahəsində də qloballaşma müsbət amil kimi qarşımıza çıxır, universitetlərin təməl tələbləri eyni olduğuna görə tələbələr asan şəkildə başqa ölkələrdə oxuya bilirlər və ya bir ölkəd oxuyub başqa bir ölkədə rahatca işləyə bilirlər. Bu isə həqiqətdir ki, insan üçün seçim imkanı nə qədər çox olarsa inkişaf daha sürətli olur. Erasmus proqramı vasitəsilə Avropa İttifqı hər il 17 milyard avro məbləğində təhsilə vəsait ayırır ki, üzv ölkələrin tələbələri hər il bir başqa üzv ölkəsində təhsil alsın, beləliklə ölkələr arasında inteqrasiya daha güclənsin.

Hüquqşünas nəhayət hüquq sahəsində ümumi prinsiplərin tətbiqini həyatımızı daha da asanlaşdıran bir hal kimi qiymətləndirib: “İttifaq üzvlərinin qanunvericiliyinin bir-birinə inteqrasiya etməsini, BMT-nin özünün hüquqi normalarının olması isə hüquqi sahədə qloballaşmaya gətirib çıxarır”.

Antiqlobalist mövqeyinə uyğun olaraq Araz Əlizadə mədəni sahədə qloballaşmanın gətirdiyi dəyişiklikləri belə şərh edib: “Mədəni sahədə də bu proses yalnız mənfi nəticələr doğurur, çünki hər bir xalqın öz mədəniyyəti var, öz mədəniyyəti, öz davranış xüsusiyyətləri var və hər bir xalq bu xüsusiyyətləri qoruyub saxlamalıdır. Biz heç bir zaman Amerika cazmenləri olmayacayıq, biz heç bir zaman İtaliya kantosu olmayacayıq, biz onlarda yaxşı xüsusiyyətlərə yiyələnməliyik, lakin öz dəyərlərimizi qoruyub saxlama şərti ilə”.

Mədəni sahədə eyniləşməni Fərhad Mehdiyev isə belə əsaslandırıb: “Mədəni qloballaşmanı iqtisadi qloballaşmadan ayırmaq lazımdır. Belə ki, qloballaşma insanlarda ortaq bir istehlak şüuru yaradır, yəni artıq dünyada fərqli mədəniyyətlərə mənsub insanlar eyni cür geyinir. Məsələn hazırda cırıq cinslər dəbdədir və hər kəs bu dəbə uymağa can atır. Lakin bu o demək deyil ki, insanlar öz milli mənsubiyyətlərindən uzaqlaşırlar”.

Millət vəkili Fazil Mustafa isə ölkəmizin qloballaşma prosesindəki yerini diqqət mərkəzinə çatdırıb, daha sonra isə mənfi təsirlərdən söz açıb: Azərbaycan Avropa məkanına inteqrasiya etmiş bir ölkə kimi öz problemlərini dünya ictimaiyyətinə çatdıra bilir və qarşılıqlı olaraq dünya problemləri haqqında operativ olaraq məlumat əldə edir. İnformasiyanın bu cür əlçatan olması, paylaşım imkanlarının artması iqtisadi sahədə daha sürətli və faydalı qərarların verilməsinə kömək edir. Bu proses yalnız insanların canlı ünsiyyətinə mənfi təsir göstərir, lakin qloballaşma bəzi mənfiliklərə baxmayaraq sivilizisasiyanın gəlib çıxdığı yüksək inkişaf mərhələsidir. Bunları nəzərə almaqla, qloballaşmanı mənfi qiymətləndirməyi əsassız hesab edirəm.

Hüquqşünas Fərhad Mehdiyev də qloballaşmanın mənfi təsrilərinin olduğunu da gözarda etməyib, əvvəlcə iqtisadi, daha sonra isə siyasi sahəni nəzərdən keçirib: “İqtisadi sahədə qloballaşmanın mənfi cəhətləri: yerli istehsalatçıların rəqabətə tab gətirə bilməyərək sıradan çıxması, müəyyən şəkildə işsizliyin artması, bazarın bəzi güclərin lində toplanması. Bunların qarşısını almaq üçün birinci növbədə güclü şəkildə antiinhisar siyasəti həyata keçirilməlidir, ikinci xırda və orta sahibkarların qorunması üçün xüsusi qanunvericilik olmalıdır. İşsizliyin azaldılması üçün isə düzgün kadr siyasəti tətbiq edilməlidir. Qeyd etməliyəm ki, xammala bağlı olan iqtisadiyyatlar çökür, buna görə də iqtisadiyyatı xammal asılılığından xilas etmək lazımdır”. “Siyasi sahədə isə super dövlətlər milli dövlətlərə qloballaşma prosesinin köməyilə təsir edə bilirlər. Antiqlobalistlərin fikrincə, Ümumdünya Ticarət Mərkəzi, Dünya Bankı, Beynəlxalq Pul Fondu imperialist qüvvələrə xidmət edir. 1996-cı ilin araşdırmalarına əsasən həqiqətən Beynəlxalq Pul Fondu inflyasiya yaradıb. Bu məsələ müzakirəyə açıq mövzudur. Lakin bir yandan da bu qurumlar hökümətlərə kredit verməklə onların qarşısında şərtlər qoyur. Bu şərtlər şəffaf bazar mühitinin yaradılmasına, inhisarşılığın aradan qaldırılmasına yönləndirilib. Lakin qeyd etmək lazımdır ki, iqtisadi qloballaşmanın əsas rıçağı Ümumdünya Ticarət Təşkilatıdır”.

Sonda isə Fərhad Mehdiyev “Qloballaşmadan kim udur, kim uduzur?” sualını cavablandırıb: “Beynəlxalq ticarətdə güclü olan dövlətlər qloballaşmada udurlar, çünki onlar yeni bazarlar açmağa qadirdir. Onlar daha aşağı maliyyətlə yeni bazarlara öz mallarını çıxara bilirlər. Üçüncü dünya ölkələrinin yerli istehsalatçıları qloballaşmadan zərər görə bilər. Nəticədə işsizlik yarana bilər, bütün bunlar nəzərə alınmalıdır. Hansı sahəyə diqqət ayırmaq lazımdırsa dövlət bu sahələri araşdırmalı və lazımi tədbirləri görməlidir”.

Aytək Yusifsoy
İnterpress.az