Fermerlərə küləvi sürətdə ziyan : Dərmanlar keyfiyyətsizdir -İDDİAbackend

Fermerlərə küləvi sürətdə ziyan : Dərmanlar keyfiyyətsizdir -İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuatın yazdığı məlumata görə, son dövrlərdə Qubanı alma bağlarında zərərverici həşəratlar kütləvi surətdə məhv etməyə başlayıb. Quba fermerləri iddia edirlər ki, müvafiq orqanlar tərəfindən verilən dərmanlar keyfiyyətsiz olduğu üçün zərərverici həşəratlara qarşı mübarizə aparmaq çətindir. Bu da alma bağlarının kütləvi məhv olmasına və meyvələrin çürüməsinə səbəb olur.

Bu iddialar nə dərəcədə doğrudur? Ümumiyyətlə, meyvə bağlarında zərərvericilərə qarşı hansı mübarizə tədbirlərindən istifadə olunur?
İnterpress.az-ın suallarını cavabandıran Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin rəisi əvəzi Daməd Sultanov bildirib ki, mövcud vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür:
“Biz Quba, Qusar və Xaçmaz rayonlarında fermerlərlə və təsərrüfat sahibləri ilə mütamadi görüşlər keçirir, meyvə bağlarında mübarizə tədbirlərinin aparılması yolları, eyni zamanda xəstəliklərə və zərərvericilərə qarşı istifadə olunan pestisidlər haqqında onlara geniş məlumat veririk. Onlara istifadə olunan pestisidlərin zərərli orqanizmlərdə davamlılıq yaratma xüsusiyyətlərini, preparatların tərkibindəki təsiredici maddələrin müxtəlifliyini və miqdarını nəzərə almaları yollarını başa salırıq. Eyni zamanda, fermerlərə kimyəvi mübarizə zamanı müxtəlif tərkibli preparatların növbələşdirilməsi və istifadə reqlamentinə uyğun olaraq işçi məhlul hazırlayarkən, normaların düzgün hesablanması prosesləri izah olunur”.
DFNX rəsmisi qeyd edib ki, əgər istifadə olunan pestisidlərlə bağlı hər hansı bir narazılıq yaranarsa, fermerlər Dövlət Xidmətinə rəsmi müraciət etsinlər və həmin pestisidlərdən nümunələr təqdim etsinlər:

“DFNX-nin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində müvafiq analizlər aparıldıqdan sonra pestisidlərin tərkibi və ya təsir mexanizmi barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir. Bunlarla yanaşı, mübarizə tədbirləri aparılan zaman xəstəlik və zərərvericilərin biologiyası, ekoloji xüsusiyyətləri, yayılma arealları tam dəqiq öyrənilməli və mübarizə tədbirləri zamanı hava şəraiti nəzərə alınmalıdır. Qeyd edək ki, mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi böyük məsuliyyət tələb edir. Buna görə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vətəndaşlarımıza bu işə ciddi və məsuliyyətli yanaşmağı tövsiyyə edirik”.

Gülşanə Mustafayeva
İnterpress.az