Banklar hesabatlarını niyə gizlədir? – Şərhbackend

Banklar hesabatlarını niyə gizlədir? – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Antikollektor Şirkətinin direktoru, iqtisadçı ekspert Əkrəm Hasanov danışıb.

Bu il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər. Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir:

\”Buna görə də bankların reklamına inanmayın. Ay nə bilim, kapitalı artırdıq, bunu etdik, ona nail olduq və s. Əgər bank hesabatını gizlədirsə, deyilənlərin hamısı yalandır. Təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Platası da indiyədək bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir işin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?! Yaxşı xəbər yalnız odur ki, bu rübdə ölkəmizin ən şəffaf bankı məlum olub: Bank Avrasiya. Digərlərindən fərqli olaraq, bu bank hesabatları qanunvericiliyin tələbinə uyğun olaraq rübdə deyil, ayda bir dəfə açıqlamağa başlayıb. Təsnifat 4 qrupdan ibarətdir: 1) hesabatı müntəzəm gizlədənlər, 2) hesabatı ilk dəfə açıqlamayanlar, 3) hesabatı uzun fasilədən sonra açıqlayanlar; 4) hesabatı dərc edənlər\”

Bəs qanunvericiliyin tələblərini neçə bank pozub? sualına cavab olaraq ekspert bildirir ki, I qrup –21 hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozub. Accessbank, AGBank, Amrahbank, AtaBank, Bank VTB, Bank Respublika, Bank BTB, Dəmirbank, Expressbank, Günaybank, KapitalBank, Muğanbank, Nikoyl Bank, NBC Bank, Naxçıvanbank, PaşaBank, Pakistan Milli Bankının Bakı filialı, Rabitəbank və XalqBank. Bunlar ən etibarsız banklardır. Bu qrupa həmçinin Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aiddir. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün qanun pozuntusu olan hesabatın açıqlanmaması onların etibarsızlığına dəlalət etmir. II qrup – rüblük hesabatını ilk dəfə açıqlamamış Turanbank. Ötən rübün hesabatına görə bu bankın 0,8 mln. manata yaxın zərəri var idi. Yəqin, vəziyyət daha da pisləşib ki, bu bank hesabatını gizlətmək qərarına gəlib\”.

Ekspert III qrup banklardan – uzun fasilədən sonra hesabatı açıqlayanlardan da danışıb.

\”Bank of Baku ötən ilin IV rübündən başlayaraq bu bank hesabatları dərc etməməyə başlayıb. Səbəbi indi bəlli oldu. Belə ki, ötən ilin III rübünü 44 mln. manatdan çox xalis mənfəətlə başa vurmuş Bank of Baku son rübü 14 mln. manata yaxın zərərlə başa vurub. Belə ki, bu bankın bəyan etdiyi real kapitalı hazırda 50,552 mln. manatdır. Qeydə aldırdığı nizamnamə kapitalı isə 52,870 mln. manatdır. Beləiklə, bank qanunu pozaraq nizamnamə kapitalının azaldılması tələbinə riayət etmir və 1 il ərzində 46 mln. manatdan çox pul itirib. Unibank: ötən ilin II və III rübləri üzrə hesabatları tam dərc etməməyə (elə indi də Bank of Bakudan fərqli olaraq hesabatı tam açıqlamayıb), IV rübündən başlayaraq isə heç dərc etməməyə başlamyıb. Səbəbi indi bəlli oldu. Bu bank ağır itkilərə məruz qalıb. Belə ki, 2014-cü ili 55 mln. manatdan çox xalis mənfəətlə başa vuran Unibank son rübü təxmini 1,5 mln. manat zərərlə başa vurub (yəni hesabatları gizlətdiyi dövr ərzində 56,6 mln. manat pul itirib!). Belə ki, bu bankın bəyan etdiyi real kapitalı hazırda 69,113 mln. manatdır. Qeydə aldırdığı nizamnamə kapitalı isə 70,565 mln. manatdır. Beləliklə, bank qanunu pozaraq nizamnamə kapitalının azaldılması tələbinə riayət etmir. Bu bankın yol verdiyi digər qanun pozuntuları barədə də dəfələrlə məlumat vermişik. Məsələn, onun Müşahis Şurasının tərkibində 2 qardaş var, halbuki qanun bunu qadağan edir\”.
Əkrəm Həsənov əlavə edib ki, IV qrup – hesabatlarını dərc edən 8 bank mövcuddur:

İnterpress.az siyahını təqdim edir.

1. Azərbaycan Sənaye Bankı – 19 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 17 mln-dan çox idi).
2. Caspian Development Bank – 19 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 14 mln-dan çox idi).
3. YapiKrediBank – 14 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 13 mln-dan çox idi), amma sırf cari ildə 5 mln-dan çox zərərə məruz qalıb.
4. AFB Bank – təxmini 13 mln. xalis mənfəəti var (ötən rübdə 8 mln-dan çox idi).
5. Ziraat Bank – təxmini 9 mln. xalis mənfəəti var (ötən rübdə təxmini 7 mln. idi).
6. Bank Silk Way – 7 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 1 mln-dan çox idi).
7. Bank Avrasiya: 6 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 4 mln-dan çox idi). Yuxarıda qeyd edildiyi kimi, bu bank digərlərindən fərqli olaraq hesabatları rüblük deyil, aylıq açıqlamağa başlayıb.
8. Bank Melli İran Bakı filialı – 15 mln-dan çox zərəri var (ötən rübdə 0,5 mln. manat zərəri var idi), məcmu kapitalı barədə məlumatı açıqlamayıb (görünən odur ki, məcmu kapital tələbini – 50 mln. manat – də pozur).

P.S savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq.

Gülşanə Mustafayeva
İnterpress.az