Şikayətçi qeyd edib ki, Qarabağ qazisi olan qardaşı Aqil Məmmədovun illərdir ki, hüquqları tapdanır, ona düşən torpaq payı sənədləşdirilmir:
“Qardaşım müharibə zamanında müddətsiz hərbi xidmətə yollanıb. 1992-96-cı illərdə kənddə həyətyanı torpaq sahəsi paylanırdi. Qarabağ müharibəsi iştirakçısı olduğu üçün qardaşıma 12 sot torpaq sahəsi ayrılıb. Eyni ölçüdə də bacımız Təranə Məmmədovaya həyətyanı torpaq sahəsi ayrılıb. Hər ikisinin torpaq sahəsi bir yerdə hasara alınıb. Müəyyən müddətdən sonra şəhadətnamə vermək üçün kəndə nümayəndələr gəlib. Torpaq sahibləri sənəd təqdim ediblər və onlara şəhadətnamə veriblər. Qardaşım orduda, yoldaşı isə xəstə olduğundan onun sənədini təqdim edən olmayıb. Bu səbəbdən qardaşımın adına ayrılmış 12 sot həyətyanı torpaq sahəsi bacım Təranə Məmmədovanın adına zəbt kimi yazılıb və onun pay torpağından 3 dəfə artıq çıxılıb. (36 sot) Aradan bir müddət keçəndən sonra idarə yanıb. Hansı ki, sənədlə camaatdan pul alınıb torpağı paylayıblar. Bundan sonra şifahi şəkildə bildirilib ki, hərə öz torpağını göstərin. Qardaşımın torpağının bacımın adına zəbt kimi yazılması da kompüterə salınıb. Qardaşım həyat yoldaşı xərçəng xəstəsi olduğundan hərbi xidmətdən tərxis olunub. Ordudan evə buraxılandan sonra yoldaşını Rusiyaya müalicəyə aparıb. Üç il müalicə olunandan sonra yoldaşı rəhmətə gedib. O vaxtdan indiyədək qardaşımın döymədiyi qapı qalmayıb, amma torpağını sənədləşdirə bilmir”.
Pünhan Məmmədovanın sözlərinə görə məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət olunsa da hələ ki, heç bir nəticə yoxdur, əksinə Məmmədovlar ailəsinə qarşı böyük təzyiqlər başlayıb: “Məsələ ilə bağlı ölkə başçısına, Milli Məclisə, Prezident Administrasiyasına müraciətlər etmişəm. Lakin heç bir nəticə yoxdur. Müraciətlərimizdən sonra bizim ailəmizə qarşı təzyiqlər başlanıldı. Bu təzyiqlər Yevlax icra hakimiyyətinin başçısının əli ilə həyata keçirilir. İlk olaraq pay torpağını suvarmaq üçün bizə su verilmədi. Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə bununla bağlı müraciət etdim. Bundan sonra su ilə bağlı problem həll olundu. Ertəsi gün gördük ki, su cuvarı Qalib Cəfərov özü ilə bərabər iki nəfərlə sahəmizi ayaqlamağa başladılar. Bizdən xəbərsiz əllərində telefon sahəni çəkirlər. Bunu təsadüfən görüb onlara yaxınlaşdım. Qalib Cəfərovun yanındakılardan soruşdum ki, siz kimsiz? Onlar bildirdi ki, bizi Yevlax rayon İcra hakimiyyətinin başçısı Qoca Səmədov göndərib. Sahəni ayaqlamalarının və şəklinin çəkilməsi səbəbini soruşdum. Dedilər ki, “icra başçısı tapşırıb ki, şəkil çəkib gətirin ki, görək o sahə sulanıb, ya yox”…
Mən şübhələndim ki, burada başqa məqamlar var. Fikirləşdim ki, yəqin sahəyə narkotik bitki atmaq istəyirlər ki, şərləyib tutdursunlar. Hətta bu barədə 102-yə də xəbər verdim. Onlara dəfələrlə müraciət etdim ki, sahəni gəlib yoxlasınlar. Amma polislər buna göz yumdular. Yevlax rayon Polis Şöbəsinin təhqiqatçısı Pərvin Abdullayev bizə yazılı cavab göndərdi. Orada bildirilir ki, burada cinayət xarakterli heç nə yoxdur. Məndən xahiş etdilər ki, o işin dərinliyinə qədər getməyim.
Bundan sonra isə qardaşım ona aid olan torpaq sahəsində tikinti işləri aparmaq istəyirdi ki, buna da icazə vermədilər. Halbuki, 1994-cü ildən o torpaq qardaşımın istifadəsindədir və 2000-ci ildən isə vergi ödəyicisidir. İllərdir ki, qardaşım iki övladı ilə küçələrdədir. Ona qarşı təzyiqlər edilir, hüquqları tapdanır”.
Şikayətçi qeyd etdi ki, Qarabağ müharibəsi veteranı olan qardaşı Aqil Məmmədov ona qarşı haqsızlıqlara etiraz olaraq özünü yandırmağı düşünür: \”Qardaşım artıq qərara gəlib ki, yaxın vaxtlarda özünü Prezident Administrasiyasının qarşısında yandırsın. Özü də deyir ki, bu hadisəni törədəndən sonra kimsə bu məsələni başqa tərəfə yönləndirməsin. Hamı bilsin ki, Yevlax rəhbərliyi rəsmi sənədlərə istinadən qardaşımı bu intihara vadar edir”.
Yazıda adı çəkilən şəxs və ya qurumlarında mövqelərini dərc etməyə hazırıq. ( musavat.com )
İnterpress.az