“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparırıq”backend

“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, birinci istiqamət üzrə istər vətəndaşların müraciətlərinə əsasən, istər də nazirliyin aidiyyəti qurumları tərəfindən işlər həyata keçirilir: “Son tədris ilində təhsil sahəsində çalışan bir neçə işçimizi cəzalandırmışıq. İkinci istiqamət üzrə isə biz təhsil alanla təhsil verən arasında kontaktları minimuma endirmişik. Bakı şəhərində ilk dəfə tətbiq etdiyimiz I sinfə elektron qəbulu nümunə göstərmək olar”.

M. Cabbarov yeni tədris ilinə hazırlığın tam həcmdə həyata keçirildiyini söyləyib: “Ölkə ərazisində onlarla məktəb, o cümlədən Bakıda bir sıra yeni məktəblər tikilib və yaxud da əsaslı şəkildə təmir olunub”.

Nazirin sözlərinə görə, son illər Azərbaycanda müsbət demoqrafik nəticələr olduğuna görə ildən ilə I sinfə gedən uşaqların sayı artır: “İbtidai siniflərdə həmin uşaqların təhsil alması üçün zəruri şərait yaradılıb. Dərsliklərin təminatı ilə də bağlı hər hansı çətinlik gözlənilmir. Yeni tədris ilinin ilk bir həftəsində monitorinq qrupu yaradılır. Dərslik təminatında problem yaranarsa, bu problem operativ şəkildə həllini tapacaq. Bu il 2000-dən çox yeni müəllim işə qəbul olunub. 50 yeni məktəb direktoru təyin edilib. Onlardan 28-i Bakı şəhərində çalışacaq”.

Nazir qeyd edib ki, 2012-ci illə müqayisədə, yəni son üç ildə Azərbaycanın ümumi təhsil müəssisələrində 9-cu sinfin məzunları arasında müsbət qiymət alan şagirdlərin sayı 14 faiz artıb. Hər il bu göstərici yüksəlir. O, hazırda ölkədəki ümumi təhsil qiymətləndirilməsində yalnız 9-cu sinfi bitirmiş şagirdlərin iştirak etdiyini deyib: “Biz onların akademik nəticələrini əldə etdikdən sonra hər hansı müdaxilə üçün məktəblərdə demək olar ki, vaxt qalmır. Bu mövzu ictimaiyyət üçün yeni mövzu olsa da, həmkarlarımızla fevral ayında bunu müzakirə etmişik. Düşünürəm ki, şagirdlərin daha erkən siniflərdə akademik nailiyyətlərinin qiymətləndirilməsi prosedurunu tətbiq etdiyimiz təqdirdə təhsil göstəricilərinin yaxşılaşdırılması üçün əlavə imkan qazanacağıq. Biz aydın şəkildə hansı şagirdin, hansı məktəbin, hansı bölgənin hansı istiqamətdə çatışmazlığı olduğunu biləcəyik. Düşünürəm ki, 6-sı sinfin, yaxud da ibtidai sinfin sonunda erkən qiymətləndirmənin tətbiqi ilə təhsil sistemi göstəricilərinin yüksəldilməsinə nail olacağıq”.

İnterpress.az