Bunu APA-ya açıqlamasında Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə analitiki Nigar Göksel deyib.
Analitikin sözlərinə görə, Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilmək istəməməsi danışıqlar prosesini daha da çətinləşdirir və Azərbaycanı hərbi imkanlarını genişləndirməyə sövq edir.
Münaqişənin həllində vasitəçi rolunu üzərinə götürmüş ATƏT-in Minsk qrupunun hazırkı formatının nə dərəcədə uğurlu olmasına münasibət bildirən N. Göksel qeyd edib ki, Minsk qrupu həmsədrlərinin apardığı prosesin nəticə verəcəyi ilə bağlı gözləntilər çox azdır.
\”Qərb və Rusiya arasında qarşıdurma güman ki, prosesi daha çox çıxılmaz vəziyyətə salır. Daha geniş yayılmış fikir isə budur ki, Dağlıq Qarabağ münaqişəsi yalnız o zaman həll oluna bilər ki, Rusiya və Qərb Avropada təhlükəsizliklə bağlı məsələdə razılığa gəlsin. Bütün hallarda Rusiyanın birbaşa İrəvan və Bakının özü ilə danışıqlar apardığı görünür. Həmsədrlərin maraqları həmişə həllə nail olmaq sahəsində birincilik əldə etmək şəklində ortaya çıxır. Digər həll yolunun müharibə olduğuna dair də fikirlər var. Həmsədr ölkələri dəyişmək cəhdi isə qeyri-realdır. Çünki Bakı və İrəvan həmsədrlərin dəyişdirilməsi məsələsində heç vaxt razılığa gələ bilməz. Lakin münaqişəyə istər-istəməz cəlb olunmuş Türkiyə və İran kimi ölkələrlə həmsədrlərin bilikdə işləməsi prosesə kömək edə bilər. Bu ölkələrlə məsləhətləşmələr və fikir mübadilələri aparılması mümkündür. Məsələn, əgər Minsk qrupundan fərqli olaraq Türkiyə özünün ikitərəfli kanalları vasitəsilə prosesdə daha konstruktiv rol oynaya bilərsə, bundan yararlanmaq olar.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif fikirlər var, müxtəlif aktorlar tərəfindən təşəbbüslər irəli sürülür. Bu müxtəlif aktorların fərqli düşüncələri vahid fikrə gəlməyə imkan vermir. Bu fikirlərə lazımi şəkildə yanaşmaq tərəflərin bir-birini zəiflətmək təşəbbüslərinin qarşısını almağa kömək edə bilər\”, – deyə o vurğulayıb.
Analitikin fikrincə, münaqişənin davam etməsi, \”status-kvo\”nun dəyişməsi Ermənistanın marağında deyil. O, Ermənistanın iri regional enerji və nəqliyyat layihələrindən kənarda qaldığını, bunun həm iqtisadi inkişaf, həm də Rusiyadan asılılığın dərinləşməsi baxımından ölkə üçün mənfi nəticələnə biləcəyini bildirib: \”Lakin nə qədər ki, Ermənistan əhalisi bunu bu şəkildə görmür, siyasətçilər bununla bağlı təzyiq altında deyillər. İctimai rəy sorğuları Ermənistanda Türkiyə və Azərbaycanla sərhədlərin açılması tələbinin olduğunu göstərmir. Bu onu deməyə əsas verir ki, Ermənistan əhalisinin əksəriyyət hissəsi sərhədlərin, xüsusilə Azərbaycanla sərhədlərin açılmasını imkanların artmasından daha çox, təhlükəsizliyə təhdid kimi qəbul edir. Bununla yanaşı, Ermənistan artıq enerji və nəqliyyat layihələrindən uzaqlaşdırılıb və onun təcrid olunması artıq bitmiş bir məsələsidir. Yəni bunun əsasında yenidən danışıqlar aparmaq və ya bununla Ermənistana təsir etmək mümkün deyil. Digər faktor isə ondan ibarətdir ki, Dağlıq Qarabağla bağlı kompromisə getmək erməni ideyalarına və vətənpərvərliyə xəyanət kimi qiymətləndirilir\”.
İnterpress.az