Hər nə qədər deyilsə ki, iki qonşu müsəlman ölkəsi kimi Azərbaycanla İran arasında münasibətlərdə problemlər yaşanmır, yenə bununla həqiqət söylənməmiş qalır. Ən azı ona görə ki, Bakı-Tehran əlaqələrinin normal məcraya düşməsinə mane olan bir neçə böyük “sualtı daş” var ki, onlar üçüncü on ildir yerində qalmaqdadır.
Söhbət iki dövlət arasında ciddi ideoloji fərqlərdən qaynaqlanan problemlərdən (Azərbaycanda dünyəvi, İranda teokratik sistemdir), Güney Azərbaycan amilindən (cənublu soydaşlarımızın siyasi-mədəni haqlarının təmin edilməməsindən), İranın işğalçı Ermənistana daim qucaq açmasından və Xəzər dənizinin həll olunmamış hüquqi statusundan gedir.
İranda prezidentlər dəyişsə də, guya mötədil baxışlı Həsən Ruhani dövlətin başına gəlsə də, yüksək səviyyədə qarşılıqlı səfərlər reallaşsa da, sadalanan sahələrin heç biri üzrə əfsus ki, pozitiv dəyişiklik qeydə alınmayıb. Əksinə, belə görünür, İran onun üzərindən nüvə dosyesi ilə bağlı beynəlxalq sanksiyalar götürüldükdən və Qərblə yaxınlaşdıqdan sonra cənub qonşumuzun əl-qolu daha da açılıb.
***
Məsələn, rəsmi Tehran bəyan edib ki, noyabrın sonunda xarici sərmayədarlara Xəzər dənizindəki neft yataqları, o cümlədən “Sərdar/Cəngal” yatağı ilə bağlı dörd layihə təqdim etməyə hazırlaşır. Bu layihələrdən ikisi kəşfiyyat, qalan ikisi isə hasilatla bağlı olacaq. İş ondadır ki, adı çəkilən yataq dənizin İranla Azərbaycan arasında mübahisəli hissəsinə düşür, daha doğrusu, Azərbaycana aid ərazidə yerləşir və böyük neft-qaz ehtiyatlarına malikdir.
İranın tezliklə bu yataqda ilkin neft hasilatına başlaya biləcəyi ilə bağlı təzə iddia səsləndirməsi bu mənada Azərbaycana qarşı, yumşaq desək, təxribat, öz adı ilə desək, əlcək atması və güc nümayişi təəssüratı bağışlayır.
Virtual.org saytı bu xüsusda belə xəbərlərin hələ noyabrın əvvəlində yayıldığına diqqət yönəldərək qeyd edir ki, Tehran bu yolla öz ərazi sularının sahəsini artırmağa çalışır, Bakı isə sovet dövründə çəkilmiş sərhədlərin saxlanmasında israr edir. Üstəgəl, Türkmənistan da bu yatağa iddialıdır.
Bu yerdə xatırladaq ki, Azərbaycanla Türkmənistan arasında mübahisəli “Kəpəz/Sərdar” yatağı da var. “Azərbaycan hökumətindəki məlumatlı mənbənin sözlərinə görə, Bakı ilə Aşqabad bu məsələyə dair bu yaxınlarda ümumi dil tapa bilib. Sadəcə, bu yatağa dair öz fikri olan Kremldən xeyir-dua almaq qalır. Bu mübahisəyə dair danışıqlar illərdir davam edir. Tərəflər birtərəfli qərarlar qəbul etməkdən çəkinir”, – deyə sayt qeyd edib.
***
Rusiya ilə Qazaxıstan isə mübahisəli yataqları birgə istismar etməyin ən uğurlu variantını tapıb. Lakin rəsmi Tehran Azərbaycanın “Sərdar/Cəngal” yatağına aidiyyəti olmasını qətiyyətlə inkar edir. Bu da tərəflər arasında növbəti gərginliyə və münaqişəyə gətirib çıxara bilər.
Hələ ki rəsmi Bakı Tehrandan yataqla bağlı son təxribatçı açıqlamaya reaksiya verməyib. Ancaq problemə təmkinlə yanaşma da çixış yolu sayıla bilməz, bu ölkəmizin köklü maraqlarına zidd olmaqla yanaşı, cənub qonşumuzu daha da şirnikləndirə bilər. Üstəgəl, elə bir dönəmdə ki, bölgədə təbii enerji daşıyıcılarının qaynaqları uğrunda mübarizə yeni və amansız mərhələyə girib.
İran isə indiyədək dəfələrlə sübut etmək istəyib ki, o, özünün hətta ən absurd tələb və iddialarını da hər istənilən yolla davam etdirməyə hazırdır. Yada salaq: vaxtilə BP şirkəti Xəzərin Azərbaycan sektorundakı perspektiv yataqlardan birində müqavilə əsasında kəşfiyyat işlərinə başlamaq istədiyini bəyan edən kimi Tehran öz hərbi gəmilərini hərəkətə gətirmişdi. Səbəb sadə idi – bu ərazilərə İranın da iddiası var. Bunun ardınca İran hərbi-hava qüvvələri Azərbaycanın hava sərhədlərini müntəzəm şəkildə pozmağa başlamışdı.
Eyni vəziyyət 2001-ci ilin avqustuna – Türkiyə “F-16\”ları Bakı səmasında görünənə qədər davam etdi. O zaman Türkiyə Qərbin dəstəyi ilə Tehranın aqressivliyinin qarşısını aldı, ona öz yerini göstərdi. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının o zamankı rəisi İranı nəzərdə tutaraq açıqca bəyan elədi ki, ”Azərbaycana hücum edən önündə Türkiyəni görəcək\”.
***
Söz yox ki, bu gün Azərbaycanın özü kifayət qədər güclü dövlətdir və daha möhkəm mövqelərə malikdir. Fəqət o da var ki, Bakının Qərblə münasibətləri ozamankı qədər isti deyil, ABŞ və Avropa ilə əlaqələrini son vaxtlar xeyli normallaşdırmış İranı neytrallaşdırmaq üçün tək Türkiyə amili isə yetərli olmaya bilər. Başqa yandan, axır vaxtlar Tehranın Moskva ilə Xəzərdə birgə hərbi təlimlərin sayını artırması da Bakıya əlavə qayğılar yaradır.
Bəs rəsmi Bakının son baş verənlərə reaksiyası necə olacaq və olmalıdır? Yeri gəlmişkən, xarici işlər naziri Elmar Məmmədyarov bu ilin əvvəlində bəyan etmişdi ki, Azərbaycan “Sərdar/Cəngal” neft yatağının İrana məxsus olmasına şübhə ilə yanaşır. Yəni nazir, faktiki, bu yatağın İrana heç bir aidiyyətinin olmadığını söyləmişdi. “Həmin neft-qaz yatağı Azərbaycanla Türkmənistanın arasındadır və İrana hər hansı aidiyyəti yoxdur”, – deyə o birmənalı şəkildə vurğulamışdı.
Lakin quru bəyanatlar və yumşaq xəbərdarlıqlar çıxış, yolu sayıla bilməz. Əks halda üstündən bir neçə ay keçəndən sonra İran “Sərdar/Cəngal” yatağı ilə bağlı yeni iddia ortaya qoymazdı. Yaxın tarix isə Azərbaycan rəsmi Tehranın iddia etdiyi sahələrə yaxınlaşarkən İranın özünün buna necə reaksiya verdiyini yaxşı xatırladır.
Belə ki, 2001-ci ilin yayında İranın Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər Azərbaycanın geoloji-kəşfiyyat gəmisini “Araz-Alov-Şərq” sahəsini tərk etməyə məcbur etmişdi. Tehran bunu bu cür əsaslandırmışdı ki, Xəzərin statusu hələ müəyyən olunmayıb deyə, bu ərazi dənizin bölünməsinə dair İran variantına görə mübahisəli sayılır. Halbuki, orta xətt üzrə götürəndə “Sərdar/Cəngal” yatağı tam şəkildə Azərbaycan sektoruna düşür.
***
Sözü ona gətiririk ki, rəsmi Bakının baş verənlərə adekvat cavab verməsinə zərurət var. Çünki məsələdə Tehranın “güc hüququ” prinsipi ilə hərəkət elədiyi sezilir. Ancaq hansı formada?
Əlbəttə ki, Azərbaycan İranla hərbi qarşıdurmaya gedəsi deyil. Qalır yeganə çıxış yolu – diplomatik müstəvi. Üstəlik, dövlətlərarası razılaşmaya görə, xəzəryanı ölkələrin maraqlarının toqquşa biləcəyi akvatorial sularda kəşfiyyat və hasilat işləri müvəqqəti dayandırılmalıdır.
Göründüyü kimi, Tehran bu sənədə məhəl qoymur. Çünki Azərbaycanı özündən zəif hesab edir. Görəsən, belə bir de-marşı o, Rusiya ilə mübahisəli neft-qaz yatağına münasibətdə göstərə bilərdimi?
Sual ritorikdir təbii ki.
İnterpress