Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qayda ianələr – qeyri-hökumət təşkilatı (QHT), habelə xarici dövlətlərin QHT-lərinin filial və ya nümayəndəlikləri qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımlar barədə məlumatların Ədliyyə Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməsi qaydasını tənzimləyir.
QHT ianəni qəbul etdiyi gündən 15 gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir. İanə edilən pul vəsaitləri QHT-nin bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. QHT tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır. QHT-nin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması üçün ərizə ilə müraciət edilməlidir. Ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir. İanə edilən pul vəsaitləri 200 manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin QHT-nin bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir. QHT tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər barədə təqdim edilmiş sənədlərdə reyestrə daxil olunması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün 5 iş günü müddət təyin edir. Ərizədə göstərilən məlumatlar və ya ona əlavə edilən sənəddə yanlış məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, habelə ərizə və ya ona əlavə edilən sənəd təqdim olunmadıqda, ianə barədə məlumatların reyestrə daxil olunmasından və bu barədə bildirişin verilməsindən imtina edilir.
Ədliyyə Nazirliyi nəzərdə tutulmuş ərizə və sənədlər təqdim edildikdən sonra 15 gün müddətində ianə verən hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı, ianənin məbləği, ianəni qəbul edən QHT-nin adı, ianənin verildiyi tarix, ianənin nağd və ya köçürmə yolu ilə verilməsi, ianə barədə məlumatın reyestrə daxil edildiyi tarix, ianənin fərdi nömrəsi barədə məlumatları reyestrə daxil edir və QHT-yə bildiriş verir. Məlumatların və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilmə müddəti 15 günədək uzadılır. QHT-nin qəbul etdiyi ianələrin məbləği, onları vermiş şəxslər, habelə ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumatlar illər üzrə tərtib edilən reyestrdə əks etdirilir. Hər bir ianə barədə məlumat reyestrə daxil edilərkən, ona fərdi nömrə verilir. İanə üzrə bank əməliyyatları aparılarkən, ianənin fərdi nömrəsi bank sənədlərində əks etdirilir.
QHT qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları Maliyyə Nazirliyinə də təqdim etməlidir.
Interpress