Misirin “Nil Mədəniyyət” dövlət telekanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
İnterpress.az xəbər verir ki, tamaşaçıların böyük marağına səbəb olmuş verilişin qonağı “Vətənpərvər” Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov olub.
Tədqiqatçı-alim qədim ərəb mənbələrinə istinadla Azərbaycanın elm və ədəbiyyat diyarı olmasından bəhs edib. IX əsr böyük ərəb alimi ədəbiyyatşünas Abdullah bin Muslim İbn Quteybə “Şer və Şairlər” kitabında Əbu Yəqəzan Cuveyriyyədən nəql edərək yazır: “Mədinə şəhərində yaşayan məvalilərdən (İslam dinini qəbul etmiş qeyri-ərəblər) olan bütün şairlərin əsli azərbaycanlıdır”.
XI əsr ərəb alimi Əbu Tahir Əs-Siləfi Azərbaycan ilə Əndəlüs arasında müqayisə apararaq, şərqdə Azərbaycanın, qərbdə isə Əndəlüsün (İspaniya) elm və ədəbiyyatda xüsusi rolunu qeyd etmişdir.
XIII əsr ərəb alimi İmam Cəzəri isə Azərbaycanın Mərənd şəhərindən söz açaraq demişdir: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişdirmişdir”. Digər orta əsr ərəb mütəfəkkiri İmam Səməani isə “Əl-Ənsab” (Nəsəblər) əsərində yazmışdır: “Azərbaycan qədimdən ta bu günə qədər alimlər yetişdirən bir diyardır”.
Nizami Gəncəvinin əsərləri isə Şərq poeziyasının və fəlsəfi fikrinin incisi sayılır. Dahi şairin dünyaya göz açdığı Gəncə şəhəri haqqında da ərəb mənbələrində bir çox maraqlı faktlar mövcuddur. Həmin mənbələrdə Gəncəyə mənsub olan alimlərdən bir neçəsinin adı qeyd edilir. Bunlardan İbrahim ibn Məhəmməd əl-Cənzi, Abu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini misal göstərmək olar. Alimin “Taudihu əl-Muştəbəh” (Şübhələrin aydınlaşdırılması) kitabında qeyd olunub: “əl-Cənzi, Cənzəyə mənsubdur, o, elə Gəncədir”. XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar ül-biləd və əxbər ül-ibəd” əsərində Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu, “Xosrov və Şirin” əsərində dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözləri və gözəl hekayələrdən çox istifadə edildiyini yazır. O, bu əsərin səlcuqilər şahı Toğrul Arslan oğlu üçün yazıldığı və Sultanın da şeir və şairlərə diqqət yetirdiyi üçün Nizamiyə böyük hörmət qazandırdığını, insanlar arasında nüsxələri yayılaraq onu məşhurlaşdırdığını bildirir. “Leyli və Məcnun” əsərinin isə Şirvan şahının istəyi ilə onun üçün yazıldığını və bu əsərin analoqu olmadığını vurğulayır. XVII əsrdə yaşamış böyük alim Hacı Xəlifə öz “Kəşf əz-Zunun” (Şübhələri üzə çıxarmaq) əsərində “Xəmsə” (beşlik) adı ilə məşhur olanların adlarını çəkərkən deyir: “Onlardan biri də Şeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir”. (Ərəb dilində “G” hərfi olmadığından, onu ya c ilə, ya da k ilə ifadə edirlər). Həmçinin XX əsrin ortalarında yaşamış alim Əbdunnəim Həsəneyn “Nizami Gəncəvi” adlı əsərində Azərbaycanın Gəncə şəhərində yaşamış Nizami Gəncəvinin sonradan şahlara və hakimlərə mədhiyyələr yazdıqdan sonra dövrünün haqsızlığı və ədalətsizliyi ilə əlaqədar onlardan uzaqda, daha çox tənhalığa üstünlük verdiyini qeyd edir. O, şairin əsərlərinin ana xəttinin hər zaman yaxşı, xeyirxah əməllərə, gözəl əxlaqa, ədalətə çağırış olduğunu, həmçinin zülmdən şikayət edildiyini qeyd edir. Müəllif böyük ehtimalla şairin hicri tarixi ilə 539-cu (1143) ildə doğulub və 608-ci (1210) ildə vəfat etdiyini yazır.
S.Nəsirov misirli tamaşaçıların diqqətinə çatdırıb ki, Nizaminin “İsgəndərnamə” əsərində Misirin adı çəkilir, həmçinin Azərbaycanın xalq qəhrəmanı Koroğlunun da qılıncı “Misri” adlanır. Dahi şairin əsərlərini farsca yazmasına gəldikdə isə, tədqiqatçı-alim vurğulayıb ki, bu, həmin dövrdə ədəbi mühitdə ərəb və fars dillərinin hakim olması ilə əlaqədar idi.
Verilişdə dahi şairin humanizm ideyaları əsasında dünyada sülhün və tolerantlığın təbliği məqsədilə 2012-ci ildə təsis edilmiş Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, 2017-ci ildə Misir Prezidenti Əbdülfəttah əl-Sisi bölgədə və ərəb dünyasında terrorla mübarizədəki roluna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı ilə təltif olunub.
Telekanalın efirində Azərbaycanın müasir həyatı, tarixi və mədəni irsi, xalçaçılıq və ipəkçilik sənətindən bəhs edən süjetlər, həmçinin bu yaxınlarda Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfransdan sonra ölkəmizin Misirdəki səfiri Tural Rzayevin yerli telekanallara müsahibəsi də yayımlanıb.
İnterpress.az