İnterpress.az Güneyli mənbələrə istinadən xəbər verir ki, İranın “Kanal 2” televiziyası yayımladığı “Fitilə” verilişində türklərin iyrənc şəkildə təhqir edilməsi silsilə etiraz aksiyalarına səbəb oldu. Kütləvi yürüşlərə qatılan azərbaycanlı etirazçılardan ən azı 130 nəfəri yaxalandı, bir neçə etirazçı isə təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalaraq yaralandı. Televiziyanın təhqiramiz verilişinə qarşı bəzi ölkə rəsmiləri də sözdə etiraz etdilər, lakin bu etirazlar qısa müddət sonra təhqir edənlərə deyil, təhqirə etiraz edən azərbaycanlılara yönəldi. Halbuki, əgər hakim sistem, televiziyanın bu iyrənc hərəkətinə qarşı olsaydı, o zaman dinc etirazçılar və onlara çağırış edən qüvvələr sistemin hədəfinə çevrilməzdi.
İran mətbuatı Azərbaycan Milli Hərəkatı, Güney Azərbaycan mətbuatını əsassız olaraq müqəddəsata təhqir və xarici qüvvələrə bağlı olmaqda ittiham etdi. Etiraz yürüşlərində aktiv olan fəallar isə gözlənilən kimi pantürkist adlandırıldı.
Məsələnin təfərrüatına getmədən mövzu ilə bağlı şərhçilərin fikrinə işarə etmək gərəkir. Bu zəmində müzakirə apardığımız bir çox Milli Hərəkat fəallarının fikrinə görə, İran mətbuatının bu istiqamətdəki fəaliyyəti bir neçə hədəfə hesablanıb.
Birincisi onlar bununla gündəmi dəyişib və bununla da azərbaycanlıların diqqətini baş verən təhqirdən yayındırmaq istədilər. İran mediası fars irqçiliyinə qarşı qəzəblənən əhaliyə başqa bir hədəf, yəni azərbaycanlı milli-mədəni fəalları göstərməyə çalışdılar.
İkincisi isə İran mətbuatı müxtəlif qarayaxmalarla Azərbaycan Milli Hərəkatının xaric ölkələr tərəfindən idarə olunduğunu göstərmək istədi. Guya xaric ölkələrdən tapşırıq olmasaydı, Azərbaycan türk milləti bu təhqirə göz yumub və kütləvi yürüşlərə başlamayacaqdı! Bu yanaşma isə ictimai şüura bir başa hörmətsizlik və növbəti təhqir deməkdir.
Ən önəmlisi isə İran kütləvi informasiya vasitələri və ETTELAAT (İran Kəşçfiyyat Nazirliyi) qüvvələri Güney Azərbaycanın daxili və ölkə xaricində fəaliyyət göstərən milli fəalların arasında nifaq salmağa çalışdılar. Onlar bir tərəfdən xaricdə fəaliyyət göstərən Güney Təşkilatları və kütləvi informasiya vasitələrini bir çox məsələdə ittiham edib, bir tərəfdən də daxildə fəaliyyət göstərən fəalları xaricdəkilərə qarşı çıxmağa çağırdılar. Rejim bununla Milli Hərəkatı bölməyə və milli fəallar arasında nifaq salmaq istədi.
Nəticə isə heç də şovinistlərin istədiyi kimi olmadı. Rejim və ölkə mətbuatının bütün gizli və açıq ssenarilərinə baxmayaraq Güney Azərbaycan və ölkə xaricində yetəri qədər etiraz aksiyalarının keçirilməsi, Milli Hərəkatın daha bir önəmli sınaqdan keçməsinə işarədir. Azərbaycan Milli Hərəkatının hər zaman olduğu kimi ayıq-sayıq olması fars şovinizminin növbəti ssenarisini məğlubiyyətə uğratdı və azərbaycanlılarda milli mübarizənin davamı üçün daha bir ümid yaratdı.
İnterpress.az