İ.Həbibbəyli açıqlamasında bildirib ki, Dilçilik İnstitutunda xaosun yarandığı, Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edildiyi barədə məlumatlar bir qədər şişirdilir:
“Dilçilik İnstitutunda bir dissertasiya işinin aparıcı müəssisəyə gəlməsi ilə bağlı saytlarda məlumatlar çap olunmuşdu. Biz bunu dərhal araşdırdıq, məsələyə aydınlıq gətirildi və dərhal həll olundu. “Qalaq-qalaq dissertasiyalar qalır” sözü reallığı əks etdirmir”.
Vitse-prezident qeyd edib ki, AMEA rəhbərliyi yeni kadr təyin olunana qədər Dilçilik İnstitutuna özü nəzarət edir:
“İki gün bundan qabaq Dilçilik İnstitutunun şöbə müdirləri ilə söhbətlər aparmışam. Eyni zamanda Akademiyanın akademik katibi də Dilçilik İnstitutu ilə əlaqədar iş aparır, qarşıya çıxan məsələləri həll edir. Dilçilik İnstitutunda xüsusi problem görmürəm. Bu, medianın bir az şişirtməsidir ”.
İsa Həbibbəyli Tofiq Hacıyevin imzasının saxtalaşdırılması məsələsinə də aydınlıq gətirib:
“Tofiq müəllimin imzasının saxtalaşdırılması ilə bağlı təəssüf edirəm ki, anlaşılmazlıq var idi. Bir dissertasiya, həm dilin nəzəriyyəsi iki indekslədir, həm də dilin digər bir istiqamətinə aiddir. Tofiq müəllim qol çəkməyib. Amma istiqamətin birini yazıb, digərini yazmayıb, dərkənar yazmayıb. Biz avtoreferat tələb etdik. Oxuduq ki, həqiqətən də həmin dissertasiya işi iki şöbənin birgə iştirakı ilə müzakirə olunmalıdır. Bu da təmin olundu ”.
İ.Həbibbəyli Dilçilik İnstitutuna yeni rəhbərin nə zaman təyin olunmasına da aydınlıq gətirib: “Yeni rəhbər haqqında Akademiyanın rəhbərliyi fikirləşir, müzakirə edir, bir qərara gəlinəcək. Tanınmış, o ixtisas üzrə idarəetmə qabiliyyəti olan, cəmiyyətin qəbul etdiyi bir nəfərə etimad göstəriləcək. Vacib deyil ki, həmin şəxs akademiyada çalışsın ya yox, bütün hallar mümkündür, təki qabiliyyəti olsun ”.(modern)
Interpress.az