Səidə Qocamanlı: “Əfv gözləyirik”backend

Səidə Qocamanlı: “Əfv gözləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan haqları müdafiəçisi Səidə Qocamanlı bir neçə gün öncə Strasburqdan qayıdıb. Avropa Şurasının yeni başlayan layihəsində Azərbaycanı təmsil edən S. Qocamanlı “Yeni Müsavat”ın suallarını cavablandırarkən Leyla Yunusun həbsdən azad edilməsindən sonra Avropa strukturları ilə Azərbaycan arasında münasibətlərin daha müsbət məcraya yönələcəyini deyib:

– Avropa Şurası Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində bir neçə ölkə ilə il yarımlıq yeni layihə başlayıb. Həmin layihədə Azərbaycanı mənimlə yanaşı insan haqları müdafiəçiləri Novella Cəfəroğlu və Arzu Abdullayeva da təmsil edir. Layihənin məqsədi vətəndaş cəmiyyəti ilə dövlət strukturları arasında dialoq yaradılmasıdır. Azərbaycan insan haqları müdafiəçiləri olaraq bizim həmin layihədə digər ölkələrin təmsilçilərilə bölüşmək üçün təcrübəmiz var. Ötən il iyununda Avropa Şurasının baş katibi Torborn Yaqlandla Azərbaycan prezidenti İlham Əliyevin səyləri nəticəsində 2007-ci ildə işini dayandıran İşçi Qrup yenidən işini bərpa eləmişdi. İşçi Qrupunun unikallığı onda idi ki, orada bütün maraqlı tərəflər – hökumət, vətəndaş cəmiyyəti və Avropa Şurası təmsil olunurdu. Həmin qurumda Avropa Şurasını baş katibinin rəsmi nümayəndəsi Aleksandr Gessel təmsil edirdi.

– Ancaq sonradan Avropa Şurası həmin təmsilçisini geri çəkdi…

“İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov eyni ilə  Leyla və Arif Yunuslar kimi vergidən yayınma maddələri ilə həbs olunublar. Əgər Leyla Yunus azadlığa buraxılıbsa, bundan sonra onların həbsdə qalmasının heç bir məntiqi yoxdur”

– Gesseli ona görə geri çəkdilər ki, qurum sonuncu dəfə apreldə toplanmışdı və ondan sonra faktiki fəaliyyət yox idi. Eyni zamanda Avropa Şurasındakı bir neçə qrupun Azərbaycana ciddi təpkiləri olduğu üçün münasibətlər soyumuşdu. Ancaq indi buzlar əriməkdədir. Leyla Yunusun azadlığa çıxması, elə bilirəm ki, digər siyasi məhbusların da ən yaxın zamanda azad olunması zərurəti yaradıb. Leyla Yunus yaşlı, xəstə adamdır. Yaxınlarda 60 yaşı tamam olacaq. Çox doğru qərar verərək onu həbsdən azad etdilər. İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov da eyni ilə Leyla və Arif Yunuslar kimi vergidənyayınma maddələri ilə həbs olunublar. Əgər Leyla Yunus azadlığa buraxılıbsa, bundan sonra onların həbsdə qalmasının heç bir məntiqi yoxdur.

– Avropa Şurasında Leyla Yunusun azad edilməsini necə dəyərləndirdilər. Avropa Şurası Azərbaycandakı siyasi məhbus məsələnin çözüləcəyinə yenə də ümid edirmi?

– Leyla Yunusun azad edilməsi haqqında xəbəri mənə layihə çərçivəsində keçirdiyimiz toplantıda dedilər və mən söz alıb xəbəri iştirakçılara çatdırdım. Təbii, xəbər çox müsbət qarşılandı. Bundan başqa, mən Strasburqda Avropa Şurasının Siyasi işlər direktorluğunun rəhbəri Aleksandr Gesellə də görüşdüm. Ona Leyla Yunusun azad edilməsini çatdıranda, hiss elədim ki, bunu gözləmirdi. Özü də gizlətmədi, dedi ki, bu çox fantastik bir xəbərdir, mən bunu telefonla təcili cənab Yaqlanda da çatdıracağam. Həmin günlərdə Avropa Şurasının baş katibi Yaqland Norveçdə Nobel mükafatının təqdimat mərasimində idi. Həm Gessel, həm də səfər zamanı görüşdüyüm digər Avropa Şurası təmsilçiləri Azərbaycandan siyasi məhbus məsələsinin çözümündə ciddi irəliləyişə ümid elədiklərini deyirlər. Məndə olan informasiyaya görə, Əfv Komissiyası çox intensiv işləyir. Çox ümid edirik ki, İnsan Haqları Problemləri üzrə İşçi Qrupun adları təklif olunan ağır xəstələr, cəzasının böyük hissəsini çəkənlər, əfv ərizəsi yazanlar yaxın günlərdə azad ediləcək. Sözsüz ki, son bir neçə gündə Azərbaycandan alınan xəbərlər Avropa Şurası ilə münasibətlərə də müsbət təsir edəcək və yanvar sessiyasına qədər nəticə verəcək. Azərbaycan dəfələrlə bildirib ki, heç kim bizim daxili işlərimizə qarışmasın, biz özümüz problemlərimizi həll etməyə qadirik. Leyla Yunusun azadlığa buraxılması onun özü üçün belə fantastik bir şey idi. Azərbaycan iqtidarı bu addımı ilə göstərdi ki, özü ölkə daxilində olan problemləri həll edə bilər. Əgər əfv fərmanı ilə İşçi Qrupun təklif etdiyi insanlar azadlığa buraxılsalar, biz bunun reallıq olduğunu bir daha göstərəcək.

“Məndə olan informasiyaya görə, Əfv Komissiyası çox intensiv işləyir. Çox ümid edirik ki, İnsan Haqları Problemləri üzrə İşçi Qrupun adları təklif olunan ağır xəstələr, cəzasının böyük hissəsini çəkənlər, əfv ərizəsi yazanlar yaxın günlərdə azad ediləcək”

– Avropa strukturları siyasi məhbuslara azadlıq tələb edərkən çox zaman eyni şəxslərin adını çəkir, digər siyasi məhbuslar sanki kölgədə qalır. Nəyə görə Avropa Şurası daha çox konkret isimlər haqqında danışır. Məsələn, niyə Rauf Mirqədirovun adı hallandırılmır? Siz görüşlərinizdə bu məsələyə toxunursunuzmu?

– Dəfələrlə. Biz Avropa Şurasının bu yanaşması ilə razı deyilik. Çünki ayrı-ayrı fərdlərin azadlığını tələb etməklə siyasi məhbuslarla bağlı mənzərəni ciddi şəkildə müsbətə doğru dəyişmək mümkün deyil. Azərbaycanda bir nəfər də olsun Rauf Mirqədirovun satqın olduğuna inanmır. Heç kim inanmır ki, o, Azərbaycanın ziyanına hansısa bir iş aparsın. Biz onu 25 ildir tanıyırıq. O, milli-azadlıq hərəkatı zamanından ölkənin ən tanınan siyasi şərhçilərindəndir. Çoxları “Zerkalo” qəzetini illərlə məhz Rauf Mirqədirovun yazılarını oxumaq üçün alıb. İnsanlar dövrün siyasi proseslərinə onun nəzərləri ilə baxanda mənzərəni daya aydın görə bilirdilər. Mirqədirov Azərbaycan, dövləti sevən insandır, heç kim sübut edə bilməz ki, o, bu dövlətin əleyhinə işlər aparıb. O, bu torpağa canı-qanı ilə bağlıdır. O, bir dönəm Azərbaycanın üzərindən keçən həbs dalğasının qurbanı oldu. Bayaq dediyim kimi Leyla və Arif Yunusların azadlığa çıxması artıq Rauf Mirqədirovun həbsdə qalmasını mümkünsüz edir. Necə ola bilər ki, eyni iş üzrə həbs edilən 2 insan azad olunur, digəri içəridə qalır. 1 il 9 aydır Raufu həbs ediblər. Onun səhhətində problemlər yaranıb. İnşallah, o azadlığa çıxandan sonra belə neçə müddət yalnız sağlamlığının reabilitasiyası ilə məşğul olacaq. Bu məsələdə qəti şəkildə ikili standarta yol verilməməli, Rauf Mirqədirov da azadlığa çıxmalıdır.

-Avropa vergi məsələsinə həssasdır. Bir zamanlar Avropa strukturları ilə işbirliyi olan vətəndaş cəmiyyəti fəallarının bu ittihamlar azadlıqdan məhrum edilməsi necə qarşılanır?

“Azərbaycanda bir nəfər də olsun Rauf Mirqədirovun satqın olduğuna inanmır”

-Vergi borcu olanların həbs edilməsi dünyada artıq çoxdan başa çatmış praktikadır. Borcu olan borcu ödəməlidir. Ancaq vergiyə görə həbs tədbirinin seçilməsinin izahı yoxdur. Mən bir məsələni də vurğulamaq istəyirəm, biz insanların hüquqlarından danışsaq da, çox vaxt vəzifələri haqqında söz açmırıq. Vergi hər bir vətəndaşın öz dövləti qarşısında öhdəliyi, vəzifəsidir. Əgər vətəndaş bu borcundan yayınırsa, dövlət inzibati metodlarla onu buna məcbur edə bilər. Azərbaycan məhkəmələri isə vergi borcu olanlara 9 il, 6 il iş kəsir. Bu düzgün deyil. Məhkəmələrin belə qərarlarından sonra Avropa strukturları həmin şəxsləri vicdan məhbusu kimi tanıyır, münasibətlər daha da pisləşir, Azərbaycan böyük ziyan görür, xaricdə bizə qarşı xoşagəlməz münasibət yaranır. Azərbaycanın Qarabağ boyda problemi var. Bizim orada nə qədər əsir insanlarımız qalıb. Azərbaycan siyasi məhbus problemin çözsəydi, biz gücümüzü erməni əsirliyində olan insanlarımızın azad edilməsinə sərf edərdik. Biz hamımız gözləyirik. Gözləyirik ki, mərhum Heydər Əliyevin qoyduğu ənənə davam etdiriləcək, yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv fərmanı imzalanacaq.

– İşçi Qrupu yenidən fəaliyyətini bərpa edəcəyi gözlənilirmi?

-Biz çox istərdik ki, Azərbaycan məhkəmələrində ədalətli qərarlar verilsin və ümumiyyətlə bu qurumun işinə ehtiyac qalmasın. Ancaq nə qədər ki, problem çözülməyib, qurumun işləməsi prosesə xeyir verir. Gözləntilərimiz böyükdür, ciddi nəticələr olacağına ümidliyik. Digər tərəfdən Azərbaycanda yaranan qurum digər ölkələr üçün də modelə çevrilir. Çox qısa bir zamanda biz 50-dən çox insanın taleyini həll edə bildik. Siyasi məhbusların azad olunmasına, mülki işlərlə bağlı edilən şikayətlərin müsbət həllinə nail olduq, hökumət strukturlarında süründürməçiliklə üzləşənlərin problemlərini çözdük. Demək istədiyim odur ki, qurumun Azərbaycanda görməli olduğu işlər çoxdur və hökumət nümayəndələri ilə birbaşa təmaslar, normal dialoq mühiti vətəndaşların xeyrinədir.

-Səidə xanım, əgər əfv fərmanı imzalansa, bu, hökuməti- vətəndaş cəmiyyəti münasibətlərindəki buzları da əridə biləcəkmi?

– Sözsüz. Mən düşünürəm ki, yumşalma hiss olunacaq, bu da Azərbaycanla bağlı beynəlxalq strukturlarının ritorikasını dəyişəcək. Siyasi məhbus məsələsinə görə, dünya Azərbaycanla çox kəskin dildə danışır. O sənədləri oxuyanda insan ölkəsinin belə aşağılandığına utanır. Azərbaycan nə resurslarına, nə insan qaynaqlarına görə digər ölkələrdən geridə deyil. Azərbaycanın sivil ölkə olmaq şansı var. Dünyanın hansı ölkəsində insan haqları pozulmur? İdeal ölkə olmayıb, yoxdur. Əsas odur ki, problemləri aşkar edib onları çözməyə özündə güc tapasan.

İnterpress.az