Astaraçay üzərində dəmir yolu körpüsünün tikintisi ilə bağlı Tehranda müzakirələr aparılıb.
İnterpress.az ANS PRESS-ə istinadən xəbər verir ki, 21 dekabr 2015-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu körpüsünün tikinti layihəsi üzrə Azərbaycan və İİR Dəmir Yollarının İşçi Qurupun iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov iclasda çıxış edərək bildirdi ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın , Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
İİR-ın Dəmir Yolunun Baş direktoru Mohsen Purseyid Ağayi çıxış edərək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirdi.
Sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu körpüsünün tikinti layihəsi müzakirə olunub.
Müzakirələr zamanı bildirilib ki, tərəflər 08-09 noyabr 2015-ci il tarixdə Tehran şəhərində mütəxəsislərin keçirmiş olduğu iclas protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq edirlər. İran tərəfi 14.12.2015-ci il tarixdə körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim edib, Azərbaycan tərəfi 16.12.2015-ci il tarixdə ikinci variantı (3×26,75) seçərək qəbul etdiyini İran tərəfinə məlumat verdi.
İclasın sonunda müvafiq protokol imzalandı.
Protokola əsasən, qərara alındı ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasının təşkil olunması məqsədi ilə Azərbaycan sərhədini keçəcək işçilərinin pasport məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəsislərinin Azərbaycan sərhədinə girişini təmin edəcək. Bununla bağlı 25-27 dekabr tarixlərində tərəflərin mütəxəsislərnin görüşü təşkil ediləcək.
Müzakirələrdən sonra qərara alındı ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək.
Eyni zamanda, 27 dekabr 2015-ci ildə dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə layihə yerində görüşün təşkil olunması və körpünün sıfır nöqtəsinin təyin olunması qərara alındı.