2015-ci il manata düşərli olmadı… Ən çox ucuzlaşan valyuta manatdırbackend

2015-ci il manata düşərli olmadı… Ən çox ucuzlaşan valyuta manatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycan manatının 2015-ci ildə keçdiyi çətin yollar və uğradığı devalvasiyaları ardıcıllıqla təqdim edir. Ötən ildən başlayaraq dünya bazarında “qara qızıl”ın üzərini “qara buludlar” alması xoş nəticə gözləntiləri ilə bağlı bütün ümidləri qırmışdı. Neftin satışı ilə bağlı yaranan qiymətlər neft ixracatçısı olan ölkələri təşvişə salmaya bilməzdi. İranla “altılıq” ölkələri arasında gedən danışıqlardan sonra Qərbin İran üzərindən sanksiyaları götürməsi İran neftinin dünya bazarına çıxmasına şərait yaratdı. Bu isə, artıq “qara qızıl”ın daha da dəyərdən düşməsi demək idi. Bütün bu hadisələr neft ixracatçısı olan ölkə kimi Azərbaycan iqtisadiyyatına da mənfi təsirlər göstərdi. Car ildə neftin 1 barelinin dəyəri 50 dollardan 40 dollara və daha ucuz qiymətlərə endi.
Eyni zamanda, 2015-ci il fevralın 21-də ölkədə baş verən devalvasiya milli valyutamız olan manatın üzərinə təcavüz kimi qiymətləndirilir. Belə ki, manat 21 fevralda kəskin devalvasiyaya uğrayaraq dollara nisbətdə 34,6 faiz ucuzlaşdı. Bunun nəticəsində ölkədə “işbazlar” tərəfindən süni qiymət artımı halları geniş vüsət alsa da, sonradan bütün süni qiymət artımlarının qarşısı alındı. Amma ölkəmizə idxal olunan istənilən məhsulun qiymətində artım müşahidə olunmağa başladı. Belə ki, bunu da məhz xarici ticarət sistemində qiymətlərin dollarla tənzimlənməsi ilə əlaqələndirə bilərik.
21 fevral devalvasiyasından sonra ekpertlər dolların manata nisbətən möhkəmlənməsini ölkə iqtisadiyyatına o qədər də təsir etməyəcəyini açıqladılar. Bəzi ekpertlər isə, ölkə iqtisadiyatının taleyinin həll olunması istiqamətində tutarlı addımlar atmağı fikirləşirdi. Görünən odur ki, ölkədə baş verən devalvasiyadan sonra bahalaşma artmağa başladı. İqtisadçıların fikrincə, dolların manata nisbətən möhkəmlənməsi milli valyutanın tükənməsinə səbəb olan əsas amillərdən biridir. Bu isə, ölkənin qıtlıqla mübarizə aparmasına gətirib çıxara bilər.

Manat bu il ərzində dollara nisbətdə 97,6% dəyərdən düşüb…

21 fevral devalvasiyasından sonra, Azərbaycan manatı ikinci dəfə devalvasiyaya məruz qaldı. Belə ki, 2015-ci il 21 dekabrda dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub. Bu, o deməkdir ki, 1 ABŞ dolları bir ilin ərzində Azərbaycanda 100 faizə qədər bahalaşıb. Daha dəqiq desək, cari ildə manat dollara nisbətdə 97,6% dəyərsizləşib. İqtisadçı ekpert Samir Əliyev deyir ki, bu göstərici ilə manat keçmiş SSRİ ölkələri arasında liderdir. S.Əliyevin fikrincə, milli valyutamız 2015-ci ildə ən çox ucuzlaşan valyuta olub. Ekpert bildirir ki, valyuta ucuzlaşmasına görə, Azərbaycandan sonra növbəti yeri Qazaxıstan (91,46%) və Belorus (54.37%) tutur: “Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnası ucuzlaşma həddinə görə (49,15%) 4-cü olub. Orta Asiya təmsilçiləri olan Tacikistan (30,04%) və Qırğızıstanda (28,82%) ucuzlaşma təxminən eyni səviyyədə olub.. Qonşu Gürcüstan larisinin ucuzlaşması 27,40% olub. Hazırda ucuz neft dövrünü yaşayan və sanksiya məngənəsində sıxılan Rusiya rublu dəyərini 26,7% itirib. Moldova leyi 25,44% ucuzlaşıb. Qapalı iqtisadiyyata malik Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81% və 14,68% təşkil edib. Ən qəribəsi odur ki, xarici stresslərə qarşı ən dözümlü valyuta Ermənistan valyutası çıxıb. Dram 2015-ci ildə cəmisi 0,95% ucuzlaşıb”.

1994-cü ildə manatın milli valyutanın 3 dəfə devalvasiyası prosesi baş verib.

Dolların bir gecədə 47,63% bahalaşması ölkə tarixində çox nadir hallarda baş vermiş devalvasiya hadisələri ilə müqayisə ediləndir. Qeyd edək ki, Azərbaycan tarixində bir il ərzində milli valyutanın iki dəfə devalvasiyaya uğraması ilk hadisə deyil. Məlumata görə, milli valyuta 1994-cü ildə 3 dəfə devalvasiyaya məruz qalıb. Ekpert Samir Əliyev müstəqillik illərinə qədəm qoyduqdan sonra Azərbaycanda əsas devalvasiya hadisələrini təqdim edib:
24 mart 1994-cü il. Manatın dollara olan rəsmi məzənnəsi kəskin ucuzlaşır və dollar 118-dən 174,2-yə qalxır. Ucuzlaşma 47,6%.
23 may 1994-cü il. Manatın dollara olan rəsmi məzənnəsi 186,9-dan 1100-yə düşür. Ucuzlaşma 488,5%.
13 dekabr 1994-cü il. Rəsmi məzənnə 3500-dən 4155-ə düşür. Ucuzlaşma 18,7%.
21 fevral 2015-ci il. Rəsmi məzənnə 0,78-dən 1,05-ə düşür. Ucuzlaşma 34,6%.
21 dekabr 2015-ci il. Rəsmi məzənnə 1,0499-dan 1,55-ə düşür. Ucuzlaşma 47,6%.
1994-cü ildə manat dollara münasibətdə 3444%, 1995-ci ildə 6,2% dəyərini itirib. Növbəti illlərdən başlayaraq manat revanş götürüb. 1996-cı ildə 7,7%, 1997-c ildə 5,1% bahalaşıb.

1994-cü ildən bu yana Argentina, Braziliya və Meksikada da devalvasiya prosesləri baş verib.

Nəzərinizə çatdıraq ki, II dünya müharibəsindən dərhal sonra ABŞ və İngiltərə dövlətlərinin başçılığı ilə 1944-cü il 1-22 iyul tarixləri arasında ABŞ vilayətinin Bretton Vuds qəsəbəsində Birləşmiş millətlər təşkilatının pul və maliyyə konfransı keçirildi. Konfransda 55 ölkənin nümayəndəsi iştirak edib, müharibədən sonra beynəlxalq iqtisadi münasibətlərin yenidən tənzimlənməsi, yeni bir ödəmələr sisteminin əsasları və ticarətin sərbəst bir şəkildə inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın saxlanması kimi mövzularda önəmli qərarlar verilib. Həmçinin, konfransda Beynəlxalq Valyuta Fondunun (BVF) qurulması haqqında qərar da qəbul edilib. Eyni zamanda, 1944-cü ildə BVF (İMF) ilə birlikdə Dünya Bankı da (İBRD) qurulub və bank 25 iyul 1946-cı ildə fəaliyyətə başlayıb. Dünya Bankına 144 ölkə üzv olunub. Dünya Bankına üzv olan ölkələr eyni zamanda BVF-nin üzvləridir.

Öz öhdəliklərini yerinə yetirməyən ölkələr bankın səlahiyyətli qurumları tərəfindən veriləcək qərarla üzvlükdən çıxarıla bilər.
Xatırladaq ki, dünya ölkələri arasında da valyutaların devalvasiya prosesi baş verib. Belə ki, 2002-ci ilin yanvarın 7-də Argentina hökümətinin milli valyutası olan pesonun dəyəri ABŞ dollarının dəyəri ilə eyni səviyyədə idi. Elə həmin ildə peso dollarla müqayisədə öz dəyərini 66 % itirib. Eyni zamanda, 1994-ci ildə Meksikada yaşanan böhran nəticəsində ölkədəki 85 bankdan 48-i bağlanmışdı. 1999-ci ildə Braziliyanın pul vahidi olan real dollar nisbətdə öz dəyərini itirir.

Səid
İnterpress.az