Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Şəki şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Şimal-Qərb Regional Hidrometorologiya Mərkəzində ekskursiyada olublar.
MDU-dan AZƏRTAC-a bildirilib ki, ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi çərçivəsində baş tutub.
Ekskursiya çərçivəsində Mərkəzin və universitetin kollektiv üzvlərinin iştirakı ilə elmi-praktiki seminar təşkil olunub. Seminarda MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova “Günəş enerjisindən istifadə perspektivləri”, üçüncü kurs tələbəsi Günay Nəsibova “Günəş enerjisinin elektroenergetik enerjiyə çevrilməsi” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Daha sonra, MDU-nun ekskursiya heyəti Mərkəzdə hidrometeoroloji müşahidələrin aparılması prosesini yaxından izləyiblər və burada tətbiq olunan ölçmə qurğuları ilə tanış olublar.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların dünyagörüşlərinin, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq ekskursiyaların təşkilinə xüsusi önəm verilir.