“Gürcüstandakı soydaşlarımıza bu günki münasibət davam edərsə, biz Qərbi Azərbaycandakı torpaqlarımız kimi Gürcüstandakı torpaqlarımızı da itirəcəyik”
Gürcüstanda yaşayan azərbaycanlıların bu gününkü durumu çox acınacaqlıdır. İşsizlik, sosial problemlərlə yanaşı, soydaşlarımızın dərslik və ikili vətəndaşlıq kimi dərdləri də illərdir həllini gözləyir.
Müsahibimiz Dünya Azərbaycanlıları Konqresinin İcra aparatının rəhbəri Samir Adıgözəlli Gürcüstana tez-tez baş çəkir. Soydaşlarımızın ağrısı-acısını o, daha dərindən duyur və zaman-zaman bunları işıqlandırır.
Samir Adıgözəlli İnterpress.az-a verdiyi müsahibədə də qədim torpaqlarımızda yaşayan soydaşlarımızın durumundan söhbət açıb:
– Ayrı-ayrı vaxtlarda Gürcüstanda səfərdə olduğumuz zaman burada yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanmaq məqsədi ilə onların sıx yaşadığı tarixi ata, baba yurdlarında görüşlər keçiririk. Hər keçirdiyimiz görüşdə mövcud olan problemlərin nəinki həll olduğunu, əksinə, əlavə sıxıtınlarının yarandığının şahidi oluruq.
Bu yaxınlarda Gürcüstanın Laqudexe rayonunun Qabal mahalında soydaşlarımızla keçirilən görüşdə iştirak etdik. Burada yaşayan insanlarımız Gürcüstan vətəndaşı olmasına baxmayaraq, Azərbaycana və Azərbaycandan gələn hər kəsə ümid yeri kimi baxır. Gürcüstanın Bolinisi, Dimanisi və Marnouli rayonlarında mövcud olan problemlər Qabal mahalında da vardır. Qabal mahalında 30.000 dən artıq soydaşımız yaşayır və kənd təsərrüfatının məhsullarının istehsalı baxımından bu bölgənin Gürcüstanda xüsusi önəmi var.
-Gürcüstanda yaşayan azərbaycanlıların daim narahatlıqlarını, problemlərlə dolu şikayətlərini eşidirik. Sizcə soydaşlarımızın problemlərinin illərlə həllini gözləməsinin səbəbi nədir?
-Gürcüstanda yaşayan soydaşlarımızın əsas problemləri təbii ki, sosial, iqtisadi məsələlərdir. Burada yaşayan insanlarımızın demək olar ki, böyük əksəriyyəti kənd təsərrüfatı sahəsində çalışaraq dolandıqlarını nəzərə alsaq, bu sahədə ciddi problemlərin olduğunu qeyd etmək olar. Torpaq sahələrinin yetərli olmamasından daha çox şikayətlər mövcuddur. Bu istiqamətdə Gürcüstan hökumətinə dəfələrlə müraciət olunmasına baxmayaraq problemlər öz həllini tapmır.
Süni maneələrin yaradılması heyvandarlıq və əkin üçün münbit torpaqların gürcülər tərəfindən zəbt edilməsi burada soydaşlarımızın dolanışığı üçün ciddi problemlər yaradıb. Görünür bu və ya digər problemlərlə bağlı Azərbaycan tərəfindən Gürcüstan qarşısında ayrı-ayrı vaxtlarda məsələ qaldırılması heçdə məlum problemlərin həllinə kömək etmir. Mənim Qabal mahalında keçirdiyim görüşdə ümumilikdə soydaşlarımızın mövcud Gürcüstan iktidarından ciddi şikayətlərinin olmadığını bildirdilər. Söhbət zamanı soydaşlarımız əvvəlki hökumətlə müqayisədə indikinin daha yaxşı olduğunu dedilər.
Gürcüstanda yaşayan azərbaycanlılar bir sıra məsələlərdə Azərbaycan tərəfindən narazı qaldıqlarını, özlərinə qarşı daim gördükləri ögey münasibətdən şikayətləndilər. Təbii ki soydaşlarımızın haqlı narazılığını başa düşmək çətin deyil. Onlar Azərbaycana gəliş, gediş məsələsində Balakən Gömrük keçdi məntəqəsindəki süni maneələrdən daha çox danışdılar. Qohum əqrabalarının bir çoxunun Azərbaycanda yaşadığını və bu baxımdan Azərbaycana şəxsi maşınları ilə gəliş-gedişdə ciddi problemlərlə qarşılaşdıqlarını bildirdilər.
-Gürcüstandakı soydaşlarımız bir müddət dillə bağlı çətinlik çəkirdilər. Gürcü dilini bilməyən məktəb direktorlarının işdən çıxarıldığı haqqında şikayətlər eşidilirdi. İndi dillə bağlı vəziyyət necədir? Ümumiyyətlə, təhsil, xüsusilə də dərsliklərlə bağlı çətinlik aradan qalxdımı?
– Qabal mahalında keçirdiyim görüşdə müəllimlərdə iştirak edirdi. Onlar Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə bağlı şikayətlərin, həmçinin digər fənnlər üzrə tədris kitablarının düzgün tərcümə olunmaması haqda geniş məlumat verdilər. Belə ki, Gürcüstan Təhsil Nazirliyi tərəfindən tərcümə edilmiş dərsliklər tədris baxımından bərbad vəziyyətdədir. Bundan başqa yaxın gələcəkdə Azərbaycan dili və ədəbiyyatının bu kəndlərdə tədris edilməsi üçün müəllim olmayacağı təhlükəsini də həyəcanla bildirdilər. Bu məsələdə Azərbaycan hökumtəinin təcili hərəkətə keçməsini ildə bir neçə soydaşımızın Bakıda pulsuz ali təhsil almasına köməklik göstərilməsini xahiş etdilər. Bundan başqa ağır da olsa bildirim ki, hazırda Gürcüstanın orta məktəblərində Azərbaycan tarixi tədris edilmir. Soydaşlarımızın gürcü dilini bilməsi əlbəttədə ki vacib məsələdir. Amma bu məsələdən istifadə edib Azərbaycan dilinin sıxışdırılması və soydaşlarımızın assimlyasiya edilməsi yol verilməzdir. Gürcüstan hakimiyyətindəki bəzi dairələr uzun illərdir öz ata-baba yurdlarında yaşayan millətimizə qarşı diskriminasiya siyasəti aparmaqdadır.
-SOCAR-ın Gürcüstandakı Azərbaycan kəndlərini qazla təmin etməsi haqqında hesabatı nə dərəcədə öz əksini tapıb, bu kəndlərdə. Gerçəkdənmi, Gürcüstandakı kəndlərimiz başdan-başa qazlaşdırılıb?
-SOCAR gürcüstanlı soydaşlarımız yaşayan bir çox kəndlərində qazlaşdırma aparıb. Amma Gürcüstanda ən böyük 4 azərbaycanlı kəndinin yerləşdiyi Qabal mahalına hələlik qaz gəlib çıxmayıb.
-Gürcüstandakı azərbycanlıların ikili vətəndaşlıq istəyi də reallaşmayan arzular siyahısındadır. Bu gün oradakı azərbaycanlılar bu illərlə uzadılan problem ucbatından çox əziyyət çəkdiklərini deyirlər.
-Gürcüstanda yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti bir sıra təcili güzəştlər həyata keçirməlidir. Onlar özlərini tək hiss etməməli, Azərbaycanın daim onların arxasında olduğunu və hər bir problemlərinə dəstək göstərildiyini hiss etməlidirlər. Yoxsa ki, Azərbaycan tərəfə keçən soydaşımıza maşının 2000-ci ildən aşağı buraxılış olduğunu göstərərək maneələr yaradılmamalıdır. Biz insanlarımızı özümüzdən incitməməliyik. Əlində 2-3 kq meyvə ilə sərhədd keçən yurddaşımızın qabağını kəsməməliyik. Əksinə onlar üçün qanunlarımızı yumuşaltmalıyıq. Cənab prezidentimiz bu yaxınlarda etdiyi çıxışında biz vətəndaşlar üçün monopoliya, süni gömrük əngəllərinin aradan qaldırmağı tövsiyyə etdi.
-Aərbaycanın qədim torpaqları Gürcüstan ərazisinə çevrilib. Biz bu gün bu torpaqlarımıza sahib çıxmaq əvəzinə hələ də xırda-mırda problemlərin ardınca düşmüşük. Hətta bu xırda çətinlikləri də həll edə bilmirik. Bu aspektdən baxanda Azərbaycan-Gürcüstan əlaqələrinin gələcəyinə necə baxırsız?
-Bir daha bildirirəm ki, bu gün Gürcüstan ərazisi olan tarixi ata- baba yurdlarında yaşayan soydaşlarımıza yaxından qayğı göstərib onların bəzi problemlərinin həllinə çalışmalıyıq. Eyni zamanda burada Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği və inkişafı baxımından təxirə salınmaz tədbirlər həyata keçirilməlidir. Baxın, Balakən rayonundan 40 km-ə yaxın məsafədə yerləşən Qabal mahalında hansısa el şənliyində, novruz bayramında 1 dəfə də olsun Balakən rayon icra başçısı iştirak edibmi? Yox. Bilirisiniz, biz əgər bu gün soydaşlarımıza sahib çıxmasaq, tarixdə II Qərbi Azərbaycan fəlakətini yaşayarıq. İnanıram ki, Azərbaycan Gürcüstan dostluq və qonşuluq əlaqələri sarsılmaz və möhkəm qalacaq. Amma ona da inanıram ki, bunun üçün dost və qonşu səmimiyyəti lazımdır. Bu səmimiyyət isə Azərbaycanda daim var. Gürcü qonşularımızdan da bunun daim olmasını gözləyirik. Gürcüstanın ən ağır vaxtlarında Azərbaycan hətta riskə gedərək dəstək göstərmişdir. Lakin Gürcüstan tərəfi bəzən siyasi oyunlarla Azərbaycana xələl gətirəcək addımlar atır. Xüsusilə qeyd etmək istəyirəm ki, Qabal mahalında adminstrasiyanin rəhbəri Namaz Allahverdiyev təyin olunandan sonra bu bölgədə xeyli işlər görülüb.
Arzu Abdulla
İnterpress.az