Şuşanın müdafiəsində dayandı, Çernobıl əlili oldu…backend

Şuşanın müdafiəsində dayandı, Çernobıl əlili oldu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amansız ölüm yenə də nəslimizin qapısını döydü – varlığına həmişə sevindiyim, güvəndiyim Zabit əmim də bu dünyadan köçdü… Bu ilin ilk ayı – üzü qara yanvar onu da özü ilə geriyə, bizdən uzaqlara apardı. Əmim çox da yaşlı deyildi, məndən cəmi 5 yaş böyük idi – 70 yaşı təzəcə tamam olmuşdu…

…Bir vaxtlar – uşaqlıqda hamı kimi mən də çox xoşbəxt idim. Babam, nənələrim, atam-anam, xalalrım-bibilərim, dayılarım və iki əmim vardı. Dünyalar qədər sevdiyim, elimizin-obamızın sevimlisi, Tibb institutunun tələbəsi olan Şakir əmim həkimlərin səhvi ucbatındfan çox gənc ikən – 21 yaşında dünyadan köçmüşdü. Onda mənim 7 yaşım vardı, ancaq onun nurlu, yaraşıqlı simasını bugünədək unuda bilmirəm və heç unutmaq istəyində də deyiləm. Babam da, nənəm də, bütün doğmalarımız da, əmimin… sevdiyi qız da uzun illər gözü yaşlı qaldılar…

Bəy nəslindən, Ağdamın Üçoğlan kəndindən olan Şahxanım nənəm dünyadan vaxtsız, nakam köçmüş sevimli oğlunun ayrılığına dözə bilmir, hər gün onu xəyalən əzizləyə-əzizləyə, ağı deyib, ağlayırdı. Vaxtilə Qori seminariyasında oxumuş Məhəmməd babam isə (“Dəli Kür”dəki qiyamçı, qovulan tələbələrdən biri də o idi) gözlərindən kədər-qüssə çəkilməsə də, özünü toxtaq tutmağa çalışırdı. Yalnız bir dəfə onun oğul həsrətilə ağladığını görmüşdüm.

…Bir yay günündə babamla kəndimizin yaxınlığındakı dağın döşündə ot biçməyə getmişdik. Ətrafda bizdən başqa heç kəs yox idi. Dəryazla ot biçən babamın birdən çox yanıqlı səslə bir vaxtlar dahi Bülbülümüzün ifa etdiyi məşhur xalq mahnısını oxuduğunu eşitdim: “Ömrü başa yetirmişəm, aman, dilbər, balam hanı, balam hanı?..” Və, mənə – nəvəsinə büruzə vermək istəməsə də, xısın-xısın ağladığını gördüm. Sən demə, sinəsini boşaltmağa məqam axtarırmış. Babamın bu halına, oğul dərdinə, mənim isə əmi həsrətimə dözə bilmirdim…

Babamın ilk övladı, böyük oğlu atam Abdurahman kişi idi (1941-45 müharibəsinin odundan-alovundan keçdikdən hələ iki il də sonra hərbi xidmətini davam etdirmişdi), sonbeşik övladı isə Zabit əmim idi. Atam onu ilk dəfə yalnız müharibədən qayıtdıqdan sonra görmüşdü – əmim Qələbədən sonra dünyaya gəlmişdi. O zaman 22 yaşı olan atam üçün Şakir əmimdən sonra daha bir qardaşının da dünyaya gəlməsi 45-ci ilin Qələbəsi qədər böyük bir sevinc idi!..

Zabit əmim 5 yaşında dərsə getmiş, 16 yaşında məktəbi qızıl medala layiq bitirmişdi. Lakin o vaxtlar gizli saxlanılan, indi isə hamıya məlum olan \”məlun səbəb\”dən ona layiq olduğu medal verilməmişdi. Hərbçi olmaq istəyirdi, lakin müharibənin dəhşətlərini öz gözləri ilə görmüş qardaşı – atam buna razı olmamışdı. Ona görə də əmim kimyaçı olmaq qərarına gəlir və Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirir. Sumqayıtın Kimya kombinatında mühəndis-texnoloq, növbə rəisi vəzifələrində işləsə də, hərbi işə marağı onu rahat buraxmadığından zabit olmağı qərara alır.

1990-cı ilin yanvarında o, artıq mayor rütbəsində Mingəçevir Hərbi komissarlığında şöbə rəisi idi. 20 yanvar faciəsi günlərində respublikanın hər yerində olduğu kimi, Mingəçevirdə də xalq ayağa qalxmışdı. Faciədən bir gün sonra böyük bir dəstə hərbi komissarlığa, şəhərdəki hərbi hissəyə doğru yürüş edərək, hərbçilərə etirazlarını bildirir, qarşılarına keçən hər şeyi, eləcə də hərbi hissəni, şəhər partiya komitəsinin və İcraiyyə komitəsinin binalarını dağıdıb-yandıracaqları ilə hədələyirdilər. Vəziyyətin yeni faciələrə səbəb olmaması üçün mayor Zabit Abdurahmanov onların qarşısına çıxaraq, sakitləşdirməyə çalışmışdı. Kütlənin “hamınız satqınsınız” sözlərini eşidəndə “Mən də sizinləyəm, əziz həmvətənlərim!” desə də, ona inanmayıb, Moskvaya etiraz olaraq partbiletini cırmağı tələb etmişdilər. O da kütlənin tələbini onların gözü qarşısında yerinə yetrirmişdi. Bunu görən camaat qışqırışaraq bildirmişdi ki, “Abdurahmanov, indi inandıq ki, sən də bizimləsən. Sən nə cür desən, o cür də edəcəyik”.

O isə etirazçılara vəziyyəti başa salaraq, şəhərdə dağıntıya və s. yol verməməyi, dağılışmağı israrla xahiş etmişdi. Və yaxşı ki, toplaşanlar onu eşitmişdi. Ancaq partbilet məsələsi sonradan əmimə çox ağır başa gəlmişdi. Məsələdən xəbərdar olan şəhər rəhbərliyi ona minnətdarlıq etmək əvəzinə, işdən çıxarılmasına qərar vermiş və ona heç yerdə iş verilməməsini tapşırmışdı.

Belə olduqda vəzifəsindən çıxarılmış mayor məcburiyyət qarşısında qalaraq, bir-neçə aydan sonra Bakıya gəlmiş, tikintidə adi fəhlə kimi işə düzəlmişdi.

Lakin Qarabağda ermənilərin getdikcə azğınlaşması onu rahat buraxmırdı. Odur ki, sonralar Şuşaya gedərək, oğlanları Nazim və Nəsimi ilə, Sumqayıtdan dostlaşdığı idman məşqçisi, igid, cəsur döyüşçü, könüllülərdən ibarət batalyon komandiri Tofiq Oğuzla və əsgərlərimizlə birgə Şuşanın müdafiəsində dayanmışdı.

O, Qarabağ müharibəsi veteranı olmaqla yanaşı həm də Çernobıl əlili idi. 1986-cı ildə Mingəçevirdən Çernobıl AES-ə göndərilmiş 17 nəfərlik dəstəyə başçılıq etmişdi. Məhz orda aldığı, o zaman “hiss olunmayan” radiasiyanın nəticəsi idi ki, son illər səhhəti ağırlaşmağa başlamışdı. 2011-ci ildən başlayaraq əvvəlcə Mərkəzi Hərbi Qospitalda, sonralar isə həkim nəzarəti altında evdə müalicə olunurdu. İl yarım əvvəl isə paraliç nəticəsində əvvəl əl-qol hərəkəti, yerişi, daha sonra isə nitqi məhdudlaşdı, danışığı kəsildi, hafizəsi pisləşdi, doğmalarını belə tanıya bilmədi. Bununla belə son günlərinə qədər ölümlə mübarizə aparır, ona asanlıqla təslim olmaq istəmirdi. Hətta bir dəfə xaricdə olan böyük oğlu Nazim “skaypla” atasından soruşanda ki, “necəsən?”, danışa bilməsə də, özünü sındırmayaraq, qərib yerdə olan oğlunun narahat olmaması üçün çətinliklə də olsa, əlini irəli uzadaraq, baş barmağını dik tutub, “əla!” olduğunu bildirmişdi. Ağır vəziyyətdə olmasına baxmayaraq, evdəkilər onun iradəsinə, mətinliyinə, qüruruna heyran qalmışdılar. O, öz halını, ağır vəziyyətini bir anlıq da olsa unudaraq, oğluna ürək-dirək verməyi bacarmışdı.

Hafizəsini itirənə kimi əmim həmişə Qarabağın xiffətini-dərdini çəkirdi, Vətənini, xalqını çox sevirdi. Doğmalarına, ata-anasına, qardaş-bacılarına, ailəsinə də daim qayğıkeşlik göstərir, dostlarına arxalanır, onlara güvənir, onlarla qürrələnirdi.

…1990-cı ildə igid oğullarımızı ölümə aparan Yanvar bu il mənim istəkli, vətənpərvər əmimin ölümü ilə də özünün sərt üzünü göstərdi. Unudulmaz şairimiz Əli Kərimin dediyi kimi, “ölüm çağırılmamış qonaq kimi” gəldi və onu da bizdən alıb apardı.

Ancaq ölüm sevinməsin qoy! Qarabağ müharibəsi veteranı, 2-ci dərəcəli Çernobıl əlili olan Zabit Abdurahmanovu tanıyanlar, döyüş dostları Vətənin bu mərd, qorxmaz oğlunun xatirəsini daim əziz tutacaq, yaşadacaqlar!(modern)

Şuşanın müdafiəsində dayandı, Çernobıl əlili oldu...

Şuşanın müdafiəsində dayandı, Çernobıl əlili oldu...

Şuşanın müdafiəsində dayandı, Çernobıl əlili oldu...

İnterpress.az