Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Rayonun bütün yaşayış məntəqələrində yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır.
“Ötən müddət ərzində insanlar istər şifahi, istərsədə yazılı formada rayon İcra Hakimiyyətinə müraciət edərək öz razılıqlarını bildirirlər. Əhali birmənalı olaraq yas mərasimlərinin bu cür sadə təmtəraqdan uzaq keçirilməsini alqışlayır və dəstəkləyir”,-deyə Füzuli rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib.
Rayonun Axundu Nəriman Nəsirov deyir ki, ehsan məclislərinin təmtəraqdan uzaq, islamı qaydalara uyğun keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır. Bildirib ki, əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 400-500 manatla yola vermək olar.
Axund qeyd edir ki, son 1 il 8 ay arzində rayonda 400-ə yaxın yas mərasimi olub. Həmin yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 1,7 – 1,8 milyon manata qənaət olunub, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.
Ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Ehsan sadəcə yemək süfrəsindən ibarət deyil. Vəfat etmiş yaxını üçün ehsan vermək istəyən şəxs həmin yeməyə xərclənəcək vəsaiti xeyriyyə işlərinə sərf edə bilər.
İcra Hakimiyyətindən bildirlib ki, Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olub. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılarə insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. İnsanlarda artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin məhz ictimai və sosial sifariş olması qənaəti formalaşıb.
Yas mərasimlərinin keçirilməsi ilə bağlı islamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir. (modern.az)
İnterpress.az