Azad edilən ərazilərə indiyədək köçürülən ailələrin sayı açıqlanıbbackend

Azad edilən ərazilərə indiyədək köçürülən ailələrin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibədən cəmi il yarım sonra – 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub”.

İnterpress.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən reallaşdırılır: “Artıq proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub”.

S.Nuriyev bildirib ki, ilin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin azad olunmuş ərazilərə qayıdışı nəzərdə tutulur.

PA rəhbəri söyləyib ki, cəmi 9 aya inşa edilən Füzuli Beynəlxalq Hava Limanının ardınca Zəngilanda hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi isə sürətlə davam etdirilir: “İşğaldan azad olunmuş ərazilərdə indiyədək məktəblər, xəstəxanalar, otellər, konqres mərkəzləri tikilib istifadəyə verilib. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatdırılıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir. Bölgənin enerji təminatı məsələləri sürətlə həll edilir, yeni 12 Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə verilib, bir sıra istiqamətlər üzrə magistral qaz xətlərinin tikintisi həyata keçirilir”.