Moldova və Fransa müdafiə sahəsində əməkdaşlıq haqqında yeni saziş bağlayacaq.
İnterpress.az Moldova KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin Xarici siyasət və Avropaya inteqrasiya komissiyası qərar qəbul edib.
Yeni müdafiə sazişinin bağlanması təşəbbüsü Fransa tərəfdən gəlib. Bu barədə Avropa Siyasi Birliyinin iyunda Moldovada keçirilmiş ikinci sammitinin yekunları üzrə elan edilib.
Moldova və Fransa arasında müdafiə sahəsində ilk əməkdaşlıq sazişi 1998-ci ildə imzalanıb. Parlament komissiyasının fikrincə, həmin saziş artıq iki ölkə arasında qarşılıqlı fəaliyyətin müasir məsələlərinin bütün spektrini əhatə etmir və buna görə də yeni sazişin bağlanılmasına təşəbbüs göstərilib.
Sənədin müdafiə siyasəti, planlaşdırma, silahlı qüvvələrdə islahatlar kimi sahələrdə iki ölkənin müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyətini tənzimləyəcəyi, həmçinin təcrübə mübadiləsini asanlaşdıracağı gözlənilir. Yeni saziş çərçivəsində hökumətlər hər il ikitərəfli əməkdaşlıq planını tərtib etməli olacaqlar, bu plan üzrə həyata keçiriləcək tədbirləri və onlarda iştirak edəcək şəxslərin sayını göstərməli olacaqlar.
Müqavilənin qeyri-müəyyən müddətə bağlanması planlaşdırılır.