İspaniyada ABŞ-də yaradılan və Aİ-də terror təşkilatı sayılan “The Base” qruplaşmasının üzvləri həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
İspaniya polisi ölkədə ABŞ-də yaradılan və Avropa İttifaqında terror təşkilatı kimi tanınan “The Base” neonasist qruplaşması ilə əlaqəli ilk özəyi ləğv etdiyini açıqlayıb.
Əməliyyat çərçivəsində Kastelyon əyalətində üç nəfər saxlanılıb, qrupun lideri barəsində həbs qətimkan tədbiri seçilib.
Həbslər İspaniyada ifrat sağçı əhval-ruhiyyənin artdığı, rəy sorğularının gənclər arasında millətçi qruplara dəstəyin gücləndiyini göstərdiyi bir vaxtda həyata keçirilib.
Qeyd edək ki, 2018-ci ildə Rinaldo Nazzaro tərəfindən ABŞ-də əsası qoyulan “The Base” “akselerasionizm” ideologiyasını təbliğ edir.
Bu ideologiya zorakılıq yolu ilə demokratik institutların süqutunu sürətləndirməyi və Qərbdə “ağ etnodövlət” yaratmağı hədəfləyir.
Xuraman Etibarlı
İnterpress.az






