Çin xüsusi xidmət orqanları xarici mühəndisləri ölkəyə gətirərək unikal qurğunun prototipini yaradıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Çin mütəxəssisləri Niderlandın “ASML” şirkətinin litoqrafiya maşınlarının texnologiyasını təkrarlamağa nail olublar. Bildirilir ki, bu, indiyədək heç kimin bacarmadığı bir uğurdur.
Litoqrafiya qurğusu silikon lövhə üzərində tranzistorları “çəkən” xüsusi maşındır. Bu avadanlıq olmadan müasir 5 nm və 3 nm çiplərin istehsalı qeyri-mümkündür. Hazırda dünyada ən qabaqcıl qurğuları yalnız “ASML” şirkəti istehsal edir.
ABŞ-nin tətbiq etdiyi sərt sanksiyalar səbəbindən Çində əsasən əvvəlki nəsillərə aid maşınlar mövcud idi ki, bu da qabaqcıl çiplərin və süni intellektin inkişafını nəzərəçarpacaq dərəcədə ləngidirdi.
Məlumata əsasən, Çin xüsusi xidmət orqanları “ASML”dən təqaüdə çıxmış mühəndisləri ələ almağa müvəffəq olub. Onlar saxta sənədlərlə Çinə gətirilib, böyük dövlət proqramı çərçivəsində maliyyə və lazımi avadanlıqla təmin ediliblər.
Nəticədə komanda müasir qurğunun prototipini yığa bilib. Qurğunun işlək vəziyyətdə olduğu bildirilsə də, onun hələlik çip istehsal etmədiyi qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






