Daha doğrusu, xəstəxananın zirzəmisində.
Bu zirzəmidə, qonşu korpusun çardağında, dializ, rentgen, doğum şöbələrinin böyür-başında Füzuli, Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın, Xocavənd və Cəbrayıldan olan 135 ailə yaşayır. 500 nəfərədək məcburi köçkün. Xəstəxananın həyətinə daxil olanda buranın hansısa səhiyyə obyekti olduğuna inanmaq mümkün deyil.
Hər tərəf uçub-dağılır, bura xəstə gətirib onun müalicə olunacağını təsəvvür etmək belə çətindir. Nə qapısı var, nə gözətçisi, nə sanitar gözə dəyir, nə də hansısa ağxalatlı.
Hamı çəkilib öz yuvasına. Öz zirzəmisinə. Həkimlər də, xəstələr də, köçkünlər də, siçovullar da…
Üzərinə \”Rentgen\” yazılmış qapıdan içəri giririk. Dar pilləkənlərlə aşağı enirik. Sağ tərəfdə uzun bir dəhliz. Sol tərəfdə isə rentgen otağı. Ya bura gələn yoxdu, ya da qəfil gəlişimizdən narahatdırlar sanki, diksinən kimi oldular.
– Hə, buradı rentgen otağı…
Qaçqınları axtarırsınızsa, sağ tərəfə gedin, orada yaşayırlar…
Bunu Sabir həkim deyir. Amma əlavə heç bir məlumat vermir: “Baş həkimlə görüşün”.
Baş həkim isə yerində yoxdur. Xəstəxananın işçilərindən biri bizi hüquqşünas Elbəy müəllimin yanına göndərir.
– Bu xəstəxana 27 ildir, təmir olunmur. Qaçqınları buradan köçürməsələr, təmirsiz də qalacaq. Onları köçürmək isə mümkün deyil. Çünki getməyə yerləri yoxdur. Həmsöhbətimizin dediyinə görə, uşaq və nevrologiya şöbələrində məskunlaşmiş köçkünləri çıxarıb, oranı təmir etmək istəyiblər. Amma mümkün olmayıb.
– Bu adamlarla heç kim maraqlanmır. Bir müddət əvvəl Oqtay müəllim (səhiyyə naziri Oqtay Şirəliyev – S.M.) özü gəldi onlarla görüşməyə. Bu adamları da qınamaq olmur. O zirzəmidə adam yaşayar? Orada yaşamağın özü elə xəstəlikdir. Nazir dedi ki, sizi heç hara çıxarmayacağıq. Amma yeni təmir olunan şöbələrdə xəstələr müalicə olunmalıdır, oranı sizə verə bilmərik. Onlar da aksiya keçirdilər, polis gəldi. Bir daha deyirəm, onları qınamıram. Amma özünüz təsəvvür eləyin, dializ köçürülən xəstələrin yanında yaşayırlar. Səs-küy, yemək iyi, antisanitariya. Axı bütün bunlar həll olunmalıdır. Bu xəstəxana təmirə dayanmalı, xəstə qəbul eləməlidir. Düşün aşağı, xahiş edirəm, baxın onların yaşayışına. Özünüz görəcəksiniz vəziyyəti…
Aşağı deyəndə, bildiyimiz zirzəmidir. Zirzəmi boyu da dar otaqlar. Dar, natəmiz dəhliz, bu dəhliz boyu yan-yana düzülmüş mətbəxlər, elektrik sobasının üstündə bişən yemək, dəmlənən çay. Burada nəfəs belə almaq olmur. Onlar isə burada nəinki nəfəs alırlar, hətta hər deşikdən axan kanalizasiya sularının altında uşaq böyüdürlər… amma evləndirə bilmirlər. “Heç kim öz gəlinini bu zirzəmiyə gətirmək istəməz” – deyirlər. Düz deyirlər, əslində. Ağ gəlinlikdə bu zirzəmiyə qədəm basmaq heç bir qızın xəyalı deyil. Romantik sevgi hekayətlərini boş verin, o hekayətlər burda işə yaramır.
Qapını döymək də lazım deyil. Bütün qapılar açıqdır. Azca yel gəlsin deyə. Boğular insan qapı açıq olmasa. Etibar Qədimovun evindəyik. Ev deyəndə, 18 kvadratmetrlik yerdir. Ailədə 4 nəfər yaşayır. İki oğul və atayla ana. Oğlanlar üçün mənzilin bir küncündə pərdə asıb, yataq yeri düzəldiblər. “Böyük oğlumun, Nihadın 26 yaşı var deyir” – deyir Etibar, – “evlənəsi vaxtıdır. Mən bura necə gəlin gətirim? Ümumiyyətlə, bura hansı qız gələr? Balaca oğlum İmdad bir-iki günə əsgərliyə gedir. Qolunda problemi var, böyrəkləri xəstədir. Burada xəstə olmayan bir nəfər də yoxdur, qardaş. Çoxu da havasızlıqdan raxitdir”.
“Zirzəmi uşaqları”nın sifətinə fikir verirəm. Sapsarıdır hamısı. Üzlərində də qəribə məsumluq. Ətrafda hər yer bu uşaqlar üçün təhlükə mənbəyidir. Üstü açıq elektrik xətləri, axıb gələn kanalizasiya suları, hətta həyətdə oynayarkən tapdıqları qanlı şprislər belə.
-Uşaqdı, əyilir götürür, ağzına vurur, bu xarabanın zibilliyi də yoxdur. Bilmirik, nə xəstələridir, nədən müalicə olunurlar, pəncərədən hərə bir şey atır, uşaq da götürür. Bizim uşaqları Allah saxlayır, vallah. Yoxsa burada tutulmadığımız xəstəlik olmazdı. Bəlkə də tutulmuşuq. Kimdi e bizimlə maraqlanan…
Etibarın həyat yoldaşı kanalizasiya xəttini göstərir:
– Bax, bu butulkanı sancmışıq ora ki, zir-zibil axmasın. Amma müvəqqətidir. Su vurub atacaq bəri. Yatdığımız yerdə bir də görürük, üstümüzə çirkab axdı. Təkcə bizim yox, hamının vəziyyəti belədir. Bir də görürsən, kanalizasiya buraları başına götürdü. Hərə əlinə bir \”şvabra\” alıb düşür təmizləməyə. Amma nə faydası, səhəri yenə axır. “Şvabra” demişkən, burda “şvabra” həm də başqa şeyə görə lazım olur. Siçan, siçovul, ilan öldürməyə.
Zöhrə Həsənova danışır ki, demək olar, hər gün evdən ilan balaları tapır:
– Nə qədər ilan öldürmək olar?! Nə qədər əlində taxta siçan, siçovul dalınca qaçmaq olar?! Nəinki uşaq, böyük də qorxur bu həşəratlardan. Vallah, elə həşəratlara rast gəlirik ki burada…
Nəm torpağın üstündə yaşayırıq. Nə desən çıxır buradan. Neçə dəfə qəribə-qəribə həşəratlar uşağı sancıb. “Qaçqınkom”dan dəfələrlə gəlib yazıb, şəkilləri çəkib, gediblər. Ancaq hələ də heç nə yoxdur. Zöhrə xanım deyir ki, burada yanğın olsa, hamı qırılacaq. Çünki çox dardı koridor, hər yer də sellofan, karton, açıq elektrik naqilləri. – Bura hələ babatdı e. Siz çardaqda yaşayanları görmüsüz? Anası ölməsin onların.
Başlarının üstündə şifer qaynayır yay gələndə. Gün çıxan kimi həyətə tökülüşürlər, axşam qalxırlar. Bura heç olmasa, gündə bir-iki dəfə yel gəlir. Dərindən nəfəs ala bilirik. Orada hava yoxdur. Zirzəmi kimi çardaq da dəhşətli vəziyyətdədir. Havasızlıq bir yana, bir tərəfdən də ən azı 10 ailənin istifadə etdiyi tualetin, hamamın iyrənc qoxusu və bütün bunların əhatəsində dəhlizdə asılan qazanlar, bişən yemək. Təsəvvür etdinizmi? Yox, mən hələ bunu da mütləq qeyd etməliyəm. Xəstəxananın həyətində, köçkünlər yaşayan yerdən bir qədər aralıda yerləşən Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerləşdiyi korpusu, özlərinin də dediyi kimi meyitxana və… onun ətrafında oynayan uşaqlar…
Çaya qonaq edirlər bir evdə. “Qardaş, qonaq çağırmağa da utanırıq qohum-əqrəbanı. Harda oturdasan, harada yemək bişirəsən ki, baxıb iyrənməyələr”, – deyir, qaçqınlardan biri.
– Utanıram da deməyə, qızımın 16 yaşı var. Onu atasının yanında necə yatızdırım? Məcburuq evi qala 3 hissəyə bölək. 16 kvadrat yerdir. Stolu qoyub yemək yeyirik, sonra da yığışdırırıq. Səni inandırıram, prezidentimiz bilmir bunları. Bircə dəfə buranı görsəydi, görüm o “Qaçqınkom”dakılar onun üzünə baxa biləcəkdilərmi?
…Zirzəmi məhkumlarını taleyin, naqillərdə, radioşüalarda, havasızlıqda, iy-qoxuda \”gəl-gəl\” deyən ÖLÜMün ümidinə buraxıb, tərk edirik oranı…
Azca hava vurur üzümüzə. Və sual dolu baxışlar…
Titrək, utancaq, amma ümid dolu səs:
– Ümid edəkmi qardaş? Nəsə kömək olacaq? Bunu Zöhrə xanım deyir.
– Hə, – deyirəm. Bu cavab onlara illərdir təşnə qaldıqları hava kimi lazım idi… (lent.az)
İnterpress.az