Volın faciəsinin ildönümü öncəsi Ukrayna–Polşa münasibətlərində gərginlik artır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov Polşanın Volın faciəsinin ildönümü ərəfəsində Ukrayna ilə münasibətlərdə gərginliyi artıracaq addımlar hazırladığını iddia edib.
RBK-Ukraynaya müsahibəsində Budanov bildirib ki, iyulun 11-də qeyd olunacaq Volın faciəsinin ildönümü ilə əlaqədar Polşa tərəfinin eskalasiyaya səbəb ola biləcək qərarlar hazırladığı barədə məlumatlara malikdir.
“Burada böyük sirr yoxdur. Əlimdə olan məlumata əsasən, onlar, mənim fikrimcə, yetkin olmayan və münasibətlərdə gərginliyi artıracaq bir sıra addımlar hazırlayırlar. Görünür, bu proses hələ də davam edəcək”, – Budanov bildirib.
O, eyni zamanda vurğulayıb ki, Ukrayna heç bir ölkədən, o cümlədən tərəfdaşlarından ultimatum qəbul etməyəcək.
“Bizə ultimatum verməyə çalışan son ölkə Rusiya olub. Polşaya qarşı heç bir hörmətsizlik etmək istəmirəm, amma Rusiya Polşadan daha güclü dövlətdir. Əgər Rusiyanın ultimatumunu qəbul etməmişiksə, niyə başqalarının ultimatumunu qəbul etməliyik? Bizimlə ultimatum dili ilə danışmağa dəyməz”, – o əlavə edib.
Budanovun sözlərinə görə, Ukraynaya qarşı atılacaq hər hansı qeyri-dost addım cavabsız qalmayacaq və rəsmi Kiyev buna müvafiq reaksiya verəcək.
Xuraman Etibarlı
İnterpress.az






