Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli yazdığı elmi məqaləsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan dilində qoşa y samiti ilə olan sözlərin mütləq əksəriyyəti -iyyat//-iyyət şəkilçisi ilə düzələn alınma sözlərdən ibarətdir.
İ.Həbibbəyli qeyd edib ki, əsas məsələ qoşa y samiti ilə yazılan sözlərin artıq tək y səsi ilə tələffüz edilməsi faktından ibarətdir: “Müşahidələr göstərir ki, Azərbaycan dilində – iyyət şəkilçisi ilə yazılan sözlərin mütləq əksəriyyətinin artıq bir y – ilə tələffüz oldunduğu nəzərə çarpmaqdadır. Belə ki, “Orfoqrafiya lüğəti”ndə “ədəbiyyat” sözü qoşa y ilə yazılsa da, tələffüzdə artıq bir y ilə – ədəbiyat deyilir. “Maliyə” bir y ilə tələffüz olunmasına baxmayaraq, hələ də bu qəbildən olan sözlər iki yanaşı y ilə yazılır”.
İ.Həbibbəyli hesab edir ki, dilimiz tələffüz etibarilə daha da asanlaşmağa doğru gedir, yazımız isə hələ də keçmiş qaydalara əsaslanır. Ona görə də indiki şəraitdə qoşa y ilə yazılan sözlərin orfoqrafiyasına yenidən baxmağa xüsusi ehtiyac var.
Akademik bildirib ki, bu qəbildən olan sözlərin Azərbaycan dilinin qanunlarına uyğunlaşdırılması günümüzün aktual məsələlərindəndir. Xüsusilə, ümumxalq danışıq dilində daha çox işlənən ədəbiyyat, mədəniyyət, ziddiyyət, xasiyyət, əhəmiyyət, əziyyət, şəxsiyyət, milliyyət, xasiyyətnamə, hakimiyyət, muxtariyyət, kəşfiyyat, keyfiyyət, ünsiyyət, əməliyyat, riyaziyyat, nəşriyyat, mənsubiyyət, nailiyyət, əksəriyyət, ictimaiyyət tipli sözlərin yazılışında qoşa y səsinin orfoepiyasında artıq y səslərindən birinin işlənməməsi y-nın tək, ayrıca səslənməsi dilçilərimizi, orfoqrafiya qaydalarını yenidən hazırlayan alimlərimizi düşündürməlidir.
Alim qeyd edıb ki, hazırda dilimizdə aktiv olan bu sözlərin – mənəviyyat, eyniyyət, ezamiyyət, əməliyyat, ətriyyat, məmnuniyyət, məzuniyyət, insaniyyət, ünsiyyət, bəşəriyyət, məcburiyyət, ictimaiyyət, cümhuriyyət, cinsiyyət, davamiyyət, müdiriyyət, məhdudiyyət, hakimiyyət, məhkumiyyət, məhrəmiyyət, hürriyyət, hissiyyat, həssasiyyat, xüsusiyyət, muxtariyyət, mükəlləfiyyət, külliyyat, əksəriyyət, kəşfiyyat, keyfiyyət, qabiliyyət, məğlubiyyət, istiqlaliyyət, iqtisadiyyat, qövmiyyat, qeydiyyat, maddiyyat, mədəniyyət, mülkiyyət, məmnuniyyət, mənsubiyyət, nisbiyyət, nəşriyyat, nailiyyət, rəsmiyyət, riyaziyyat, məsuliyyət, səlahiyyət, islamiyyət, məşğuliyyət, şəxsiyyət, məşrutiyyət, təbiyyat, mövcudiyyət, müvəffəqiyyət, vəsiyyət, vəsiyyətnamə, irsiyyət, vəziyyət, ziddiyyət və s. sözlərin yazılışında və tələffüzündəki fərqlərlə daha aydın surətdə izləmək mümkündür: “Hazırkı şəraitdə yuxarıda qeyd etdiyimiz tipli sözlərin yazılışında tələffüzdə eyniləşdirmək üçün iki y samitindən birini atmağın zamanı çatıb.Tələffüzdə qoşa y samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur. Qoşa yazılan iki y səsindən birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına uyğunlaşdırır. Yanaşı gələn y səslərindən birinin ixtisarı Azərbaycan dilində kiçik də olsa, yazıda sadələşməyə doğru bir addımdır”.
İnterpress.az