Manaf Ağayevi və mahnılarını boykot etməliyik – Partiya sədribackend

Manaf Ağayevi və mahnılarını boykot etməliyik – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkənin şou-biznes meydanında bəzi müğənnilərin at oynatması ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Zaman-zaman müğənnilərin peşələrindən sui-istifadə edərək bəzi vətəndaşlara yuxarıdan aşağı baxmalarının şahidi olmuşuq. Amma bununla yanaşı bir çox müğənninin cəmiyyətdə qudurğanlıq etməsi, “Burda mənəm, Bağdadda kor xəlifə” ideologiyası ilə həyat tərzi sürmələri şou-biznes aləminin kriminal aləmə imitasiya mərhələsində olduğundan xəbər verir. Bir neçə gün bundan öncə müğənni Manaf Ağayevin timsalında şou-biznes aləminin hazırda kriminalistikaya keçid dövrünü yaşadığını görürük.

Son günlər sosial şəbəkələrdə müğənni Manaf Ağayevin kriminal aləmə xas olan davranışlar nümayiş etdirməsi ilə yayılan məlumatlar da ölkə gündəmini zəbt edib.

Məsələ ilə əlaqədar olaraq İnterpress.az-a fikirlərini bölüşən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, ölkəmizdə kriminal ideologiyanın kökünün kəsildiyi bir dövrdə bu ideologiyanı yaymaq düzgün deyil:

“Biz ölkəmizdə demokratiyanı inkişaf etdiririk. Kriminallaşma və kriminal aləm bizim ideologiyamızdan yad olmalıdır. Bu, cinayətkar aləmə məxsus olan bir oyundur. Əvvəllər belə bir hallar olurdu, onun da kökü kəsildi. Düşünmürəm ki, Manaf Ağayev gedib oxuduğu mahnıları yerə çırpıb kriminal aləmə üzv ola. Amma buna baxmayaraq hüquq-mühafizə orqanları var və onlar bu barədə ciddi tədbir görməlidirlər. Əgər belə bir hal varsa hüquq-mühafizə orqanları araşdırmalı və hüquqi qiymət verilməlidir. Bu torpaq, bu vətən, bu xalq bizimdir. Biz heç kimə acıq verməməliyik. Ona görə də Azərbaycan dövlətçiliyi yaşamalıdır. Əgər kimsə ölkədə kriminallığı təbliğ edirsə, bununla ölkənin hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdır”.

Manaf Ağayevi və mahnılarını boykot etməliyik - Partiya sədri

Partiya sədri sosial şəbəkələrdə müğənni M.Ağayevin şəhid anasını diz çökdürməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Mən şəhid anasının ayağından öpməyə hazıram ki, onun səngərdə düşmənlə döyüşərək canından keçdiyi fədakar övladı olub. Manaf Ağayev şəhid anası ilə bağlı alçaldıcı ifadələr etməklə çox böyük səhvə yol verib. Əgər, M.Ağayev şəhid anası haqqında alçaldıcı ifadələr işlədibsə, bu, çox xoşagəlməz və ona yaraşmayan hərəkətdir. Biz hər bir şəhidin ailəsinə qayğı ilə, diqqətlə yanaşmalıyıq. Bunlar sadəcə şəhid verməyin nə olduğunu, şəhid ailəsinin nə demək olduğunu başa düşmürlər. Bütün bunlar bizim millətimizin sanki ögeyləşməsindən irəli gəlir”.

O qeyd edib ki, əgər, M.Ağayev şəhid anasına qarşı alçaldıcı mövqe sərgiləyibsə, cəmiyyət onu boykot etməlidir: “Ona görə də hesab edirəm ki, belə alçaldıcı hərəkətlər nümayiş etdirən müğənninin özünü də, mahnılarını da boykot etmək lazımdır. Onun mahnılarını dinləmək lazım deyil bundan sonra. O kimdir ki, deyir ki, şəhid anası onun ayaqlarının altına yıxılıb. O getsin şəhid anasının ayaqlarının altından öpsün ki, Azərbaycanda belə analar var. Manaf Ağayevin təhqir etdiyi şəhid anası əgər mənim səsimi eşidirsə, mənimlə əlaqə saxlasın. Məna tam dəstək olmağa hazıram. Məhz bu məsələyə görə, Manaf Ağayevlə mübarizəyə qalxa bilərəm”.

“Bu ölkədə Manaf Ağayev kimilərin milyonları var. Amma şəhid ailələri toxunulmazdır. Şəhid ailələri ilə bağlı bütün məsələlərə ölkənin Prezidenti də, ölkənin birinci xanımı da həmişə qayğı ilə yanaşıblar. Ölkə rəhbərinin göstərdiyi qayğıya Manaf kimilər təpik atırsa, biz bununla mübarizə aparmalıyıq” – deyə, Hafiz Hacıyev əlavə edib.

İnterpress.az