ABŞ-Rusiya danışıqları: Yeni münaqişələr qaçılmazdır – TƏHLİLbackend

ABŞ-Rusiya danışıqları: Yeni münaqişələr qaçılmazdır – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ABŞ-Rusiya yüksək vəzifəli diplomatlarının Ukrayna böhranı ilə bağlı danışıqlarının raundu başlayır.

Bu raundda görüşün nəticə hasil edəcəyi üçün əsaslar yoxdur, çünki görüş öncəsi tərəflər “soyuq müharibə” ruhunda açıqlamalar verərək danışıqlarda diktəedici tərəfə çevrilmək istəyir.

Bildirək ki, görüşün Cenevrədə başlayacağı, daha sonra müzakirələrin Brüssel və Vyanada davam edəcəyi gözlənilir.

Danışıqların mahiyyətinə “qara ləkə”lər qatan halların sayı isə çoxalır, tərəflər hələ Qazaxıstanda hadisələr başlamamışdan öncə daha çox Ukrayna mövzusu üzərində fokuslanacaqlarını planlaşdırırdılar. Ancaq Rusiyanın planı daha dərin imiş.

Qərb-Rusiya qarşıdurmasının Qazaxıstan fazasına keçidi müzakirələrin gərginlik dərəcəsinin artmasını qaçılmaz edir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ABŞ-ın təzyiqləri və təhdidləri altında heç bir güzəştə getməyəcək.

Rusiya ilə ABŞ arasında qarşılıqlı ultimativ və diplomatik etiket qaydalarından kənara çıxan “deyişmələr” beynəlxalq siyasi sistemdə qütbləşməni gücləndirir.

İttihamların rəngini tündləşdirən ifadələr onu göstərir ki, ABŞ-Rusiya danışıqları texniki mahiyyət daşıyacaq.

ABŞ dövlət katibi Entoni Blinken ümidsiz şəkildə bəyan edib ki, bu həftəki danışıqlardan hər hansı nəticə gözləmir.

Rusiyanın regiona coğrafi yaxınlığı onun hadisələrə birbaşa müdaxilə imkanlarını artıran rıçaqdır, ABŞ-ın isə Moskvanın ekspansiyasına qarşı ən güclü immuniteti sanksiyalardır.

Aydındır ki, iki ölkə döyüş meydanında üz-üzə gəlməkdən çəkinir, buna görə də, üçüncü ölkələr vasitəsilə bir-birlərinə təzyiq imkanlarını nəzərdən keçirir, hibrid müharibə elementlərinə daha çox üstünlük verir.

ABŞ Rusiyaya qarşı genişmiqyaslı sanksiya paketini işə salacağını istisna etmir, Kremlin Ukraynaya hərbi müdaxiləsinin əvəzinin ağır olacağını bildirir.

Kremlin isə bu ultimativ elanların önünə keçərək aqressiyasını artırmasına şahidlik edirik.

Qazaxıstana müdaxilədən sonra aydın oldu ki, Rusiya Ukrayna cəbhəsində imitasiya edirmiş, Ukraynaya hərbi təcavüz böyük planın sonrakı gedişatları üçün saxlanılıbmış.

Rusiya öz təhlükəsizliyinə dair ABŞ-dan zəmanət almaq istəyir, bununla bağlı sənədi NATO-ya təqdim edib.

Rusiya NATO-nun öz sərhədlərinin “burnunun dibinə” gəlməsini qəbul etmək istəmir, bu, Rusiya üçün “qırmızı cizgilərin” keçilməsidir.

Danışıqlarda hər iki tərəf üçün açar rolunu oynayan ölkələr üzərində nüfuz dairəsinin bolüşdürülməsi məsələsi diplomatların portfelindəki sənədlərə yer alıb.

ABŞ isə Rusiyadan Avropanın təhlükəsizliyinə, enerji təhlükəsizliyinə zəmanət tələb edir.

Konfrontasiyanın dərinləşməsi iki gücün pərdəarxasında qarşılıqlı güzəştlərini, amma bu anlaşmanı diplomatik tərzdə pərdələməyi istisna etmir. Axı iki güc bağlı qapılar arxasında sövdələşməsini niyə izhar etsin?

Görüşdən nəticə çıxmasa Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gerçəkləşəcək, bundan başqa Rusiyanın öz orbitinə çəkmək istədiyi postsovet ölkələri daha həssas zəminə ayaq basacaq.

İndi sual budur: Sövdələşmə hansı ölkələrin başında “çatlayacaq”?

Sövdələşməyə əsas verməyən “qırmızı cizgilər” hansı ölkələri əzəcək? (Aqşin Kərimov-oxu.az)