Alen Simonyan Sahibə Qafarova ilə növbəti görüşü gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Azatutyun-a bildirib.
Simonyan yaxın vaxtlarda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş gözləyir.
“Əvvəlki görüşümüzə ev sahibliyi edən partiya indi bununla məşğuldur. Mən şəxsən söhbətimizi davam etdirmək üçün azərbaycanlı həmkarımla görüş xəbərini gözləyirəm”, – Simonyan deyib.
O qeyd edib ki, hazırda mümkün görüşlə bağlı konkret məlumat yoxdur. O, Milli Məclis sədrinin İrəvanla sülh prosesinin Bakının səyləri ilə addım-addım irəliləməsi barədə bəyanatına da münasibət bildirib.
Razılaşmamış məqamlar üzrə irəliləyişlə bağlı sualı cavablandıran Simonyan bildirib ki, bu bəyanatda heç bir problem görmür. Çünki bütün dünya Ermənistanın göstərdiyi səylərdən, hətta ölkə daxilində tənqidlərə məruz qalmasından xəbərdardır.
“Lakin mən Bakının səyləri nəticəsində prosesin irəli getdiyini bildirən bu bəyanata normal münasibət bəsləyirəm. Sülhün bərqərar olması vacibdir”, – Simonyan bildirib.
Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri sonuncu dəfə mayın 17-də Cenevrədə Parlamentlərarası İttifaqın Parlament Sədrlərinin Ümumdünya Konfransı çərçivəsində görüşüblər.
Xuraman Etibarlı
İnterpress.az