Aramızdakı o kitab, o imza haqqı… – Rauf Arifoğlunun yazısıbackend

Aramızdakı o kitab, o imza haqqı… – Rauf Arifoğlunun yazısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

80-ci illər gəncliyinin ‘’Ömür kitabı’’nı yazan böyük mütəfəkkirin 75 illiyinə

Erkən gəncliyimdə oxuduğum 4 kitab həyatımda ciddi iz buraxıb. Biri də onunkudur.
Adlarını yazaq, bəlkə müasir gənclik üçün də maraqlı olar.
Cek Londonun ‘’Martin İden’’ əsəri, İsa Hüseynovun ‘’İdeal’’ı, Sabir Rüstəmxanlının ‘’Ömür Kitabı’’, Deyl Karneginin ‘’Dostları necə qazanmalı və insanlara necə təsir etməli’’ kitabı.
Sonuncu yazdığımı Sovetlərin son illərində ‘’samizdat’’ üsulu ilə hazırlanmış şəkildə Moskvadan, yaddaşım məni aldatmırsa, ‘’Puşkinskaya” metrostansiyanın çıxışından almışdım…
Onlardan əvvəl də çox əsərlər oxumuşdum, sonradan da çox əsərlər oxudum. ‘’Nobel’’li yazarların yaradıcılığını izlədim. Ernest Heminqueyin, Fyodor Dostoyevskinin, Teodor Drayzerin, Markesin heyranı oldum. Həbsxanalara düşəndə, ilk öncə evdən onların kitablarını gətizdirərdim…
Sonralar Orhan Pamuk, Den Braun…
Hətta Hanqtinqton, Harrari…
Məsələ nə oxumaqda, kimi oxumaqda deyilmiş.
Nə zaman oxumaqdaymış.
****
O 4 kitab tam zamanında oxuduğum kitablar oldu.
Ömür kitablarım.
Bu cür də qalacaq.
Sabir Rüstəmxanlı mənim üçün daha çox ‘’Ömür kitabı’’nın müəllifi və 1988-ci ilin noyabr mitinqlərinin – meydan hərəkatının gerçək ideoloqudur.
Əslində hərəkatımız onun kitabından başlamışdı – ‘’Ömür kitabı’’ milli hərəkatın mənəvi təməl daşı idi, manifestiydi…
22 yaşındaydım; məhz onun tribunada danışdığı anda, sonradan ‘’Azadlıq’’ adlandırılacaq meydana daxil oldum və bir daha …çıxmadım.
Orada, o tribunada dayanıb, təsirli, yapışan səsi ilə nə danışırdısa, hamısı yeni idi.
Universitetlərdə keçmirdilər, qəzetlərdə yazmırdılar, televiziyalarda göstərmirdilər.
Sabir Rüstəmxanlı Meydan hərəkatındakı çıxışları ilə də kitab yazırdı.
Millətin gənclərinin ağ beyinlərinə təsirli mətnlər həkk edib, onları milli məzmunlu əsərə çevirirdi.
Qısa müddət ərzində yüzminlərlə insanı maarifləndirdi, təsirləndirdi və onların ömür yoluna işıq saldı.
*****
Allahın verdiyi fitri, fərqli istedad ilk prosesdəcə onu millətin əsas ideoloquna, hərəkatın liderinə çevirmişdi.
Hərəkata çox şair gəldi, danışdı, yazdı, çəkildi, getdi…
Hərəkata və millətin başladığı yola bir şair sadiq qaldı, millət üçün meydana girdi və AXIRA QƏDƏR QALDI…
1988-ci ildən başlayaraq, onu daim izləməkdəyəm.
Əsərlərini, tribunalarda nitqlərini, ilk müstəqil qəzetin qurucusu kimi redaktorluğunu, nazir kimi davranışlarını, deputat kimi fəaliyyətini…
33 il edir…
Qos -qoca qərinə…
Təsəvvür edirsiz?
*****
42 yaşındaydı, mənim indiki yaşımdan da 13 yaş kiçikdi, Meydan hərəkatına liderlik edəndə…
Meydanda görüşdüyümüz 1988-ci ildən cəmi üçcə il sonra, 1991-ci ilin sonlarında Mətbuat və İnformasiya naziri olaraq görüşdük.
1988-ci ildə, 22 yaşımda ona heyran olan milyonlardan biri idim. Yazılarının və səsinin sehri, çıxışlarının məzmunu məni təsiri altına almışdı.
…1991-ci ilin son ayında ‘’Yeni Müsavat’’ qəzetinin ilk şəhadətnaməsini imzaladı və 1989-cu ilin noyabrından gizli şəkildə fəaliyyətdə olan qəzetimiz onun imzası ilə rəsmi dövlət qeydiyyatına alındı.
Nazir kimi, həm də təcrübəli redaktor kimi 1-2 tövsiyyəsini söylədi.
Heç biri yadımda qalmayıb…
Amma çox sevindiyim yadımdadı; rus komendaturalarından, gizli və qeyri-formal fəaliyyətdən qurtulmuşduq və yeni mərhələ başlayırdı.
Qəzetimizin qeydiyyatının altında da Rüstəmxanlı imzası vardı…
Şəhadətnaməni alıb, gedirdik, Elçibəyin AXC-nin ‘’Sahil bağı’’nda (o zaman ‘’26-lar bağı’’ adlanırdı) bizə verdiyi redaksiyamıza.
Gələcəyə.
Böyük işlərə, böyük proseslərə…
****
Zamanın keçişi ilə, ‘’Yeni Müsavat’’ın uğurları, imzamın da tanınması və siyasi fəaliyyətim səbəbindən aramızdakı məsafə sürətlə yaxınlaşdı.
Bərabər toplantılarda olurduq, rəhbərlik etdiyim qəzetdə müsahibələri, yazıları dərc olunurdu; bəzən haqqında yazılmış haqsız xəbərlərimiz oldu; bəzən bir az soyuqluqlar…
Amma bir sirr var…
Biz bu 33 il ərzində nə qədər yaxın olsaq da, bəzənsə uzaq qalsaq da, mütləq və mütləq bizim aramızda ‘’Ömür kitabı’’ və bir imza qədər fərq qaldı, qalır…
Oxuyaraq, daldığım, harada olduğumu unutduğum, ayılanda bir vaqonda, depoda tək-tənha qaldığım, onunla qaldığım ‘’Ömür kitabı’’.
İmzası Rüstəmxanlının, lakin əslində onminlərlə Azərbaycan türkünün ‘’Ömür kitabı’’.
Və ‘’Yeni Müsavat’’ın Azərbaycan adlı dövlətdə qeydiyyatına atılan nazir Rüstəmxanlının imzası…
*****
Birilərinin arasına şeytan girər, mələk qaçar…
Bizim aramızda isə bir kitab və bir imza…
Dəmir yolunun qoşa relsi kimi…
Aramızdakı qoşa, qırılmaz bağ kimi…
****
Sabir Rüstəmxanlı heç bir halda və heç bir durumda yaradıcılığından ayrılmadı. İçindən- özündən qopmadı.
Siyasət çox istedadları öldürdü – onları lider yapdı, tanıtdı; amma içindəki yaradıcı adamı da öldürdü.
Sabir Rüstəmxanlı imkan vermədi ki, onun içindəki şairi, yaradıcı əkizini siyasət qətl etsin, sıradan çıxartsın. Siyasi liderdi – amma həm də böyük şairdi, yazıçıdı.
Bir cismdə iki ruh, iki can, iki adamdır o. Bu baxımdan, səhnədəki bütün siyasi liderlərdən daha fərqli, daha təsirli, daha ÇOXdur.
Tanıdığım 33 ildə milli ideoloq funksiyasını heç yerə qoymadı. Bütöv Azərbaycan, millətçilik, türkçülük, hətta Türkiyəçilik xətti… Çoxları ondan öyrəndi, ondan götürdü – özündən, əsərlərindən, həyat və yaradıcılığından.
İndi hamı türkçüdü – amma zaman vardı, Azərbaycanda türkçülər 50-ci illər Amerikasındakı zəncilər kimiydilər.
Bax, o zamanlar “Sağ ol, ana dilim!”, “Qan yaddaşı’’, ‘’Bütövlük həsrəti’’ və başqa əsərlərini yazdı.
****
Sadəcə, onun yazdığı kitabların adlarını sadalamaq, saylarını açıqlamaq, filmoqrafiya yaradıcılığına göz atmaq yetər ki, Azərbaycanın bu yaradıcı övladı, böyük sənətkarı ilə qürur duyasan.
Sabir bəy Bütöv Azərbaycan ülküsünü yaradıcılıqdan siyasətə gətirən və onun gerçəkləşməsi üçün böyük əmək sərf edən, bu ülkünü cəsarətlə təşkilatlandıran, bu yolda dəyişmədən yürüyən çox az sayda ziyalılarımızdandır.
‘’Ömür kitabı’’nı Meydan hərəkatı formasında gördü, yaşadı, ‘’Bütövlük həsrəti’’ni aradan qaldırmaq üçün ömrünü xərclədi, amma bu milləti həm siyasət meydanlarında, həm də savaşlarda izləyə bildi, Tanrı sınağından təkrar-təkrar çıxmasına şahidlik etdi…
Sevdiyi və yazdığı kimiymiş, uca millətimiz.
Gerçəkdən də sevilməyə və yazılmağa layiqmiş…
Sabir Rüstəmxanlı ‘’Qarabağa dönüş’’ü gördü, yazdı, daha bir şah əsərini yaratdı.
Bu artıq ona Allah tərəfindən verilmiş uca bir fürsətdir, əməkləri üçün mükafatdır.
*****
Siyasətdə olduğum uzun illərdə onun haqqında çox fikir, çox rəy eşitdim.
Təriflər, tənqidlər, bəzən də ağır şərhlər…
Amma hətta ən qatı düşməni belə onun yaradıcılığını, şairliyini, yazıçılığını, böyük sənətkar olmasını inkar etmədi, danmadı, aşağılamadı.
Tam əksinə…
****
Böyük sənətkar, böyük şair böyük siyasətdə pis lider ola bilməz.
İçindəki o yaradıcı adam – əkizi buna imkan verməz.
O şair nə qədər sağdır – pis adam heç ola bilməz.
Bayaq da dedim, Sabir Rüstəmxanlı bəlkə də siyasətdəki yeganə yaradıcı adamdır ki, içindəki şairi qorudu, biriləri tək olanda, yox olanda, o 1-dən ÇOX oldu.
***
Kitab kimi adam.
80-ci illər gəncliyinin ‘’Ömür kitabı’’nı yazan böyük mütəfəkkir!
75-ci doğum gününüz qutlu olsun.
Aramızdakı o kitaba və o imzaya həmd olsun…

 

 

İnterpress.az