“EasyJet” 50 yaşdan yuxarı stüardessaları işə cəlb etməyə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın “EasyJet” aviaşirkəti məlumat yayıb.
Britaniyanın aşağıbüdcəli aviaşirkəti EasyJet 50 yaşdan yuxarı şəxsləri kabin heyətində işləməyə xüsusi olaraq cəlb etməyə başlayıb.
Şirkət sentyabr ayında Böyük Britaniyada bir neçə yüz vakansiya üzrə işə qəbul elan etməyi planlaşdırır.
Namizədlər arasında peşəsini dəyişmək, uzun fasilədən sonra işə qayıtmaq və ya təqaüddən yenidən əmək fəaliyyətinə başlamaq istəyən şəxslərin də olması gözlənilir.
EasyJet-in məlumatına görə, 2022-ci ildən etibarən şirkətin 50 yaşdan yuxarı kabin heyəti əməkdaşlarının sayı 127 faiz artıb.
Hazırda təxminən 8 min stüardessa və stüardın 12 faizi bu yaş qrupuna daxildir. 60 yaşdan yuxarı əməkdaşların sayı isə demək olar ki, 4 dəfə artıb.
Aviaşirkət hesab edir ki, yaşı 50-dən yuxarı olan namizədlər peşəkar bacarıqları ilə yanaşı, böyük həyat təcrübəsi də gətirirlər.
Yeni əməkdaşlardan biri olan 58 yaşlı Françeska Hiks uzun illik fasilədən sonra kabin heyətində işə qayıdıb. O, son 18 ay ərzində artıq 250-dən çox reys həyata keçirib.
Hiks bildirib ki, son bir il yarımda qazandığı təcrübə ona özünəinam və məmnunluq hissi verib.
Xuraman Etibarlı
İnterpress.az






