Avropa Komissiyası Macarıstandan Rusiya və Belarus vətəndaşlarının ölkəyə girişinin sadələşdirilməsini izah etməyi tələb edib.
interpress.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb. Bildirilir ki, Avropa Komissiyası Budapeştdən Macarıstanın Rusiya və Belarus vətəndaşları üçün viza tələblərini necə dəyişdiyi barədə ətraflı məlumat istəyib.
Bu barədə Avropa Komissiyasının sədri Anita Hipper gündəlik brifinqdə bildirib.
Ondan Şengen zonasının üzvü olan Macarıstanın Rusiya və Belarus vətəndaşları üçün viza rejimini yumşaltması ilə bağlı mesajı şərh etməsi istənilib.
Anita Hipper cavab verib ki, Avropa Komissiyası Budapeştin qərarının konkret miqyasını və onun Avropa qaydalarına uyğunluğunu öyrənmək üçün Macarıstan hakimiyyəti ilə əlaqə saxlayacaq.
“Rusiya Aİ üçün təhlükəsizlik təhdididir. Üzv dövlətlər və Aİ səviyyəsində bütün alətlər Avropa İttifaqının təhlükəsizliyini təmin etməli və bütövlükdə Şengen zonasının təhlükəsizliyini nəzərə almalıdır”, – o qeyd edib.
Sözçü əlavə edib ki, Macarıstan üçüncü ölkə vətəndaşlarına icazə verərkən Şengen zonasına daxil olmaq üçün bütün tələblərin yerinə yetirilməsini təmin etməyə borcludur.
“Bu, təkcə vizaların və ya cari yaşayış icazələrinin mövcudluğuna deyil, həm də onların Şengen zonası məlumat bazalarında qırmızı siyahılarda olmamasına aiddir”, – Hipper vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az