Tənqid medianın əsas faktoru, ədalətin güzgüsüdür. Təbii ki, tənqid şəffaf və ədalətli olduğunda… İnterpress.az saytı olaraq tənqid etdiyimiz agentliyin fəaliyyətindən bəhs edən araşdırma apardıq və onu oxucularımızla bölüşürük. Mövzumuz isə respublikada nəqliyyatı tənzimləyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir.
Saytımızda sözügedən qurum haqqında kifayət qədər tənqidi yazıya rast gəlmək mümkündür. Sözügedən qurum digər KİV-lərin də tənqidi qələminə dəfələrlə tuş gəlib. Hazırkı günümüzdə qurumun fəaliyyətinə göz gəzdirdiyimizdə görünən odur ki, nəzərəçarpacaq dərəcədə müsbət tendensiyalar baş verir.
Biz də İnterpress olaraq AYNA-nın fəaliyyətindəki hazırki vəziyyətinin müsbətə ya mənfiyə doğru dəyişdiyini araşdıraraq nəticəni sizə təqdim etmək istəyirik. Qurumun son vaxtlar fəaliyyəti, iş strukturu və vətəndaşlara olan xidməti müsbətə doğru dəyişməkdədir. AYNA-nın bu irəliləyişi bizi təəccübləndirdiyi qədər də sevindirir.
Uzun müddətdir ölkədə zəhərli göbələk kimi peyda olan və özünü müxtəlif şirkətlərin nümayəndələri kimi təqdim edən şəxslərin yaxasına “becik” bağlayaraq vətəndaşlardan parklanma pulu yığması, bu pulların necə və hara getdiyindən vətəndaşların, eləcə də medianın xəbərsiz olması onların haqlı narazılığına səbəb olurdu. Bu narazılıqlardan ziyadə bu “MMC” lərin pulları pərakəndə toplaması, “nə verərsən, verərsən” prinsipi ilə işləməsi günün sonunda yığılan məbləğin büdcəyə yox, müxtəlif şəxslərin cibinə getməsi şübhə doğurmurdu.
Hazırda isə AYNA-nın bütün sistemi nəzarətə götürməsindən sonra yaranan vəziyyət ürəkaçandır. İstər əməkdaşların səliqəli geyimi, şəxsi nizam-intizamı və ən əsası, şəhərin ən pik küçələrində xüsusi parklanma yerləri açaraq nəqliyyatın tənzimlənməsi qurumun fəaliyyətinin artan xətt üzrə inkişaf etməsindən xəbər verir. Bakının tıxaclı küçələrində sıxlığın aradan qaldırılması üçün elektron parklanma, SMS xidməti ilə fəaliyyət göstərməsi, bəlkə də, elə buna görə vətəndaşların nəqliyyat vasitələrini istədikləri vaxt sıxlıq yaratmadan istədikləri yerdə saxlayıb istədikləri vaxt parklanmanı təhlükəsiz şəkildə tərk edə bilməsi qurumun peşəkar fəaliyyət göstərməsinin tərənnümüdür. Təbii ki, peşəkar fəaliyyət peşəkar kadrların ortaq fəaliyyəti ilə mümkündür.
Hazırki iş prinsipləri qurumda yetəri qədər peşəkar kadrın çalışması mesajını verir. Elektron parklanmadan danışmışkən bir nüansa toxunmasaq olmaz: paytaxtda saysız-hesabsız nəqliyyat vasitələri varkən, bu qədər yüklənməyə rəğmən sistemdə heç vaxt problem yaranmır. Bu da onu deməyə əsas verir ki, AYNA ən son texnologiyalardan istifadə edir, şəhərin küçələrinin təhlükəsizliyinə tam təminat verir. Quruma edilən ödənişlər də artıq əvvəlki kimi kimlərinsə cibinə getmir. Qurumun büdcəyə vergi ödəməsi, zaman-zaman yollardakı nişanların artması, işçilərin əmək haqqının ödənilməsi insanların quruma olan inamını daha da artırır. Əmək haqqı demişkən, bu həm də ölkədə çoxsaylı iş yerlərinin açılması, çox sayda vətəndaşın işlə təmin edilməsi deməkdir. Bu da yığılan pulların həm dövlətin büdcəsinə həm də vətəndaşların evinə xeyir verməsi anlamına gəlir.
AYNA həm də azgəlirli vətəndaşların büdcəsini nəzərə alaraq paytaxtın müxtəlif küçələrində pulsuz parklanma yerləri də açıb. Bu da ödəniş etməyə çətinlik çəkən vətəndaşların şəhərdə məcburi sıxlıq yaratmasının qarşısını alır və bunu olduqca müsbət hal kimi, həmçinin vətəndaşlara nümunəvi xidmət kimi qiymətləndirmək olar.
Parklanmadan danışmışkən çox vacib məsələyə toxunmaq istərdim. Əvvəllər bizim də narazılığımıza səbəb olan “Tarqovı” küçəsindəki parklanma qanunları zamanla qurumun haqlı olduğunu göstərdi. Belə ki, həmin ərazidə həftə sonları maşınların buraxılmaması əslində həftə sonra şəhərdəki tıxacların qarşısının alınması üçün ən effektiv tədbirlərdən biridir. Ümumiyyətlə götürsək, dünyanın ən inkişaf etmiş ölkələrində də bu bu sistem mövcuddur. Ən sıx yaşayış yerləri sayılan İstanbul və Moskva kimi şəhərlərdə belə həftə sonu küçələr tıxacdan qurtulur, vətəndaşlar istirahət üçün mərkəzi küçələrə axışır.
Bakının mərkəzi küçələrində istər turistlərin, istərsə də yerli vətəndaşların rahat istirahəti üçün şəhərdə tıxacların qarşısını bir yolla almaq məcburiyyət idi və AYNA bunun ən effektiv yolunu həftə sonları “Tarqovı” küçəsinə maşınların gediş gəlişini məhdudlaşdırmaqla bacardı. Artıq hər kəs paytaxtın istirahət yerləri sayılan mərkəzi küçələrində həftənin stresini tıxaclardan və maşın siqnallarından qurtularaq gəzə, istirahət edə bilər. Bu da həm turist axınını artırır həm də xarici vətəndaşların paytaxtımız haqqında müsbət fikirlər yaratmasına səbəb olur.
Bakının müxtəlif küçələrində maşınların hərəkəti müəyyən zaman kəsiyində və ya həmişəlik məhdudlaşdırıldı. Bu məhdudiyyətlər ilk öncə vətəndaşların təəccübünə səbəb olsa da, zamanla səbəbini öyrənə bildik. Bu atılan addımlar həm də Bakının mərkəzi metro stansiyalarının önündə, bəzi parklarda yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması, şəhərin vizual görüntüsünü yaxşılaşdırmağa hesablanmışdı və həmin küçələrdə maşınların hərəkətindənsə, məhdudiyyəti şəhərə daha çox yaradı, daha da şəhəri gözəlləşdirdi. Bunlara “28 May” metrostansiyasının önü, “Malakan bağı” və digər əraziləri misal gətirmək olar.
Bu məhdudiyyətlər həm də həmin küçələrdə, parklarda taksilərin bazarına çevrilməsinin, pərakəndə saxlanılan nəqliyyat vasitələrinin şəhərin görüntüsünü pozmasının qarşısını aldı. Hazırda isə “Malakan Bağı” paytaxtın ən çox turist axını olan hissəsinə çevrildi. Bundan əlavə bunun COP29 ərəfəsində reallaşdırılması ekologiyaya böyük bir töhfə verməkdir.
Ümumən araşdırmamızdan belə nəticəyə gəlmək olar ki, AYNA-nın son illərdəki fəaliyyəti gözoxşayıcıdır, tənzimlənəndir. Və bütün bunlar getdikcə müsbət nəticələr göstərir.
İnterpress.az