Azərbaycan polisi Ermənistanda gündəm oldu: “Nikolizmə səs verənlər, nə ilə fəxr edirlər?”backend

Azərbaycan polisi Ermənistanda gündəm oldu: “Nikolizmə səs verənlər, nə ilə fəxr edirlər?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisinin fəaliyyəti ilə bağlı yeni görüntülər yayıldı. Polislərimiz erməni maşınlarından birində təxribata cəhd edildiyi, keçmiş qondarma rejimə aid “bayrağı”n avtobusa yapışdırıldığını seziblər.

Azvision.az xəbər verir ki, yayılan görüntülərdə polislərimizin kağız parçasını avtobusun üzərindən qoparması əks olunub. Onlar Qarabağın Azərbaycana aid olduğunu və bu mövzuda heç bir təxribatın cavabsız qalmayacağını da göstəriblər.

Qısa zamanda sosial şəbəkələrdə trendə çevrilən video Ermənistanda rezonans doğurub, polis postunda hər şeyin belə xırda detallara qədər incələnməsi isə ictimaiyyət arasında qorxu yaradıb. Sadə ermənilərlə yanaşı siyasətçilər, ictimai fəallar bundan sonra öz hüquq-mühafizə orqanlarının yox, Azərbaycan polisinin dediyi ilə oturub-duracaqlarından qorxduqlarını aşkar şəkildə etiraf edirlər.

Ermənilərin tanınmış teatr xadimi Mher Mkrtçyan görünütülər barədə danışaraq deyib ki, qoy bu videoya generalları, “qırımızı beretlilər”, hər iki əlində silah tutub atəş açan müdafiə naziri baxsın.

Deputat Naira Zohrabyan isə polisin üzərində təxribatçı bir “bayraq” şəkli ilə hərəkət edən avtobusu saxlamasını və bu qanunsuzluğu aradan qaldırmasını bir kənara qoyaraq anormal fikirlər səsləndirib. O avtobusda olan yeniyetmələrin bu yoxlamalardan qorxmasından narahat olduğunu deyib. Görünür erməni deputat “anlamır” ki, əslində təxribatçılar qondarma “bayrağı” ora yapışdıranda uşaqların taleyini və ya hansısa stress keçirəcəklərini əvvəlcədən düşünməli idi…

Digər deputat, “Hayastan” fraksiyasından olan Artur Qazinyan Azərbaycanın bütün sferalarda diqtə edən tərəf olmasından gileylənib. O, da bu təxribatçı addımı-“bayraq” məsələsini qabartmayaraq guya yeniyetmələrin qeydinə qaldığını göstərməyə çalışıb. Qazinyan ölkə rəhbərliyinin sayəsində rəzil duruma düşdüklərini, uşaqların isə polis yoxlamasından qorxduğunu deyib.

“Artıq maşınlarımızda hərbi bıçaqla “Artsax”a (Qarabağda qurulmuş keçmiş qondarma rejim-red.) aid bayrağı təmizləyirlər. Və bütün bunlara paralel olaraq “qürurlu insanlar” müstəqilliklə bağlı rəngarəng bayramları səbirsizliklə gözləyir, buna hazırlaşırlar”.

“Vətən” Partiyasının yetkilisi Babken Arutyunyan isə təxribatın qarşısını alan Azərbaycan polisi ilə bağlı yayılan görüntülərdən üzüldüyünü gizlətməyib. O, bu duruma görə hakimiyyətlə yanaşı xalqı da qınayıb.

“Bu aşağılanmağa qarşı kim çıxmalıdır? Hakimiyyəti tamamilə ələ keçirmək və müxalifətə qarşı repressiya tətbiq etmək üçün “polad” mandat aldınız. Gedin düşmənlə də mübarizə aparın. Hakimiyyət, hökumət sizsiniz, biz yox! Nikolizmə səs verənlər, nə ilə fəxr edirlər?”